Məhkəmə qərarları › İş №2(008)-6992/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6992/2024

17.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6992/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı1, İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1-a olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1, 1/2 hissədə İddiaçı1 və 1/2 hissədə İddiaçı2 paylı mülkiyyətindədir. İddiaçı1 ilə, Cavabdeh1 arasında xx.xx.1983-cü il tarixdə rəsmi nikah bağlanmış, bu nikahdan onların xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. 2005-ci ildə İddiaçı1 ilə Cavabdeh1 arasında münasibət pozulduğundan, Cavabdeh1 övladı Cavabdeh2 ilə birlikdə ünvan 1-dan çıxıb getmişdir. Sabunçu Rayon Məhkəməsinin 2-1173/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 ilə, Cavabdeh1 arasında olan nikah pozulmuşdur. 2005-ci il tarxdən indiyə kimi bir gündə olsun Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yaşamamışlar. Onlar həmin evdən gedən zaman özlərinə məxsus bütün əşyaları aparmış, onların həmin evdə hər hansı əşyası qalmamışdır. Cavabdehlər artıq 20 ilə yaxın müddət ərzində qeyd olunan ünvanda yaşamamalarına baxmayaraq, həmin evdə pasport qeydiyyatında qalması onların mülkiyyətçi kimi onların sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Onların qeydiyyatda olması mənzil-kommunal xərclərini ödəməkdə iddiaçılara çətinlik yaradır. Əmlakla bağlı sərbəst surətdə sənədləşmə işlərini aparmalarına maneə yaradır. Bu da onların mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Cavabdehlərin sözügedən evdən istifadə hüquqlarının olmamasını təsdiq edən məhkəmə qətnaməsi olmadığına görə inzibati icraat qaydasında iddia qaldırıb onları evdən qeydiyyatdan çıxara bilmirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçıların izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 vərəsələri İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.1104 ha olan torpaq sahəsi, ümumi sahəsi 74.9 kv.m olan fərdi yaşayış evi hər birinə 1/2 hissədə miras əmlak qalmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 - 1/2 hissədə İddiaçı1 və 1/2 hissədə İddiaçı2 paylı mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli İddiaçı1 verilmiş arayışdan görünür ki, İddiaçı2, X3, X5, X8, Cavabdeh1, Cavabdeh2, X1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1173/2007 ci il tarixli 06 iyun 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasında 16 iyul 1983-cü il tarixdə Əzizbəyov rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, şəxs yaşayış yerini dəyişdikdə ... başqa ölkədə yaşayış yeri seçdikdə ... yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə ... müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 1983-cü ildə İddiaçı1 ilə nikaha girərək, akı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 5-ci döngə, ev 10 gəlin gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yəni iddiaçının həmin evə 1983-cü il tarixdə gəlin köçən zaman qüvvədə olan 1982-ci il tarixli Mənzil Məcəlləsinin tələblərinə əsasən həmin mübahisəli evə istifadə hüququ yaranmışdır. Lakin cavabdehlər 2005-ci il tarixdən göstərilən ünvanı tərk edərək yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyünü və hazırki vaxta kimi ora qayıtmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016cı il tarixli Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Plenum qərarına əsasən sözügedən yaşayış sahəsinə istifadə hüququnu itirmiş hesab olunurlar. Belə ki, cavabdeh 2005-ci il tarixdən evi tərk etmiş 2007-ci il tarixdə aralarında bağlanmış nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edərək nikahları pozulmuşdur. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçılar tərəfindən cavabdehlərin həmin mənzildə yaşaması, mənzildən istifadə etməsinin mümkünsüzlüyü iddiaçılar tərəfindən heç bir maneə törədilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli Plenum Qərarına əsasən Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Beləliklə, iddia təmin edilməli cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar