Məhkəmə qərarları › İş №2(008)-7177/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7177/2024

26.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7177/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (artırılmış tələblə), cavabdehdən 745 manat məbləğində maddi ziyanın, 1000 manat mənəvi ziyanın və 35,45 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə mülkiyyətində olan Kia Sorento markalı 90FZ089 dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış problemlə bağlı Hyundai Gənclik avtoservisinə müraciət etmişdir. Orada usta işləyən Cavabdeh Ağamehdi oğlu avtomobili yoxladıqdan sonra bildirmişdir ki, avtomobilin amortizatorunda problem olduğundan orijinal yenisi ilə əvəz edilməlidir. Bunun üçün ondan 545 manat məbləğində ödəniş alaraq guya amartoziatoru dəyişdiyini bildirdi. Daha sonra iddiaçı avtomobili idarə edərkən problemin aradan qalxmadığını anladı. Avtomobili digər avtoservisə göstərdikdə bildirdilər ki, heç bir təmir işi aparılmamış, detal yenisi ilə əvəz edilməmişdir. Elnur ustanın bu əməlindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nə müraciət etdikdə isə Elnur orada hər şeyi etiraf etmiş və pulun qaytarılması üçün xx.xx.2024-cü il tarixədək vaxt istəmişdir. Hazırda cavabdeh tərəfindən ona vurulan zərər qaytarılmamışdır. Bundan başqa, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmışdır. Avtomobili qəzalı vəziyyətdə sürərək əmin olmuşdur ki, avtomobilində problem yoxdur və heç bir təhlükə onu gözləmir. Bu qədər ayıq-sayıq insan olmasa idi, cavabdehin təqsiri üzündən hansı faciə ilə üzləşə biləcəyini təsəvvür edə bilmir. Belə olan halda, hesab edir ki, cavabdeh mənəvi zərərin əvəzi olaraq ona 1000 manat məbləğində pul ödəməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh bir dəfə məhkəməyə teleqram vuraraq xx.xx.2023-cü il tarixə təyin edilən məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salmış, lakin cavabdeh gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı ilə cavabdehin arasında hər hansı müqavilə münasibətləri olmamışdır. İddiaçı Kia Sorento markalı 90FZ089 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Hyundai Gənclik servis departamenti tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş «serivis iş əmri» adlanan sənəddən görünür ki, sifarişçi Emil, telefon nömrəsi 070 *** ** ** (hazırki iş üzrə iddiaçının telefon nömrəsi) Kia Sorento markalı 90FZ089 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün usta Elnura 969 manat məbləğində ödəniş edilmişdir. Həmin sənəddən görünür ki, 100 manat ödəniş amortizatorların açılıb-bağlanması üçün ödənilmişdir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nə müraciət etmiş, polis bölməsində Cavabdeh oğl izahat verərək qeyd etmişdir ki, o, İddiaçı avtomaşını təmir etmiş, onun avtomaşının 4 ədəd amartizatorunun dəyilşilməli olduğunu bildirmiş, lakin onun verdiyi 500 manat məbləğində pula orijinal amortizator tapa bilməmiş, xx.xx.2024-cü il tarixində qaytaracağını bildirmiş, ondan alınan 1340 manat pulun 545 manatını serisə ustanın zəhmət haqqı olaraq ödənilmiş, qalan pula isə ehtiyyat hissələri alınmışdır (izahat Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB tərəfindən xx.xx.2022-ci il tarixli müşahidə məktubu ilə məhkəmənin sorğusuna əsasən məhkəməyə göndərilmişdir). Beləliklə, cavabdeh iddiaçıdan aldığı 500 manat pula amortizator almadığını etiraf etmiş və həmin pulu xx.xx.2024-cü il tarixində qaytaracağını bildirmişdir. Hazırda iddiaçı 745 manat maddi və 1000 manat mənəvi zərərin ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Qeyd edildiyi kimi, tərəflərin arasında rəsmi müqavilə olmamışdır. Qeyd edildiyi kimi, cavabdeh iddiaçıya olan 500 manat borcunu etiraf etmişdir, bu da işin mübahisəsiz şalıdır. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, Hyundai Gənclik servis departamenti tərəfindən verilmiş «serivis iş əmri»ndən 100 manatın amortizatorların açılıb-bağlanması üçün ödənildiyi görünür. Məhkəmə hesab edir ki, nə qədər ki amortizatorlar dəyişdirilməyib, 100 manat görülməyən işə görə alına bilməzdi. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh hərəkətləri nəticəsində 600 manat manat məbləğində zərərə düşmüş, nəticədə Cavabdeh həmin məbləğdə əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 600 manat maddi zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda 1000 manat mənəvi zərərin də tutulmasını istəyir. Məhkəmə buna dir aşağıdakıları qeyd etmək istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin birinci cümləsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli 7 №-li Qərarının 1-ci bəndinə əsasən «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, həmin qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Odur ki, iddiaçı mənəvi ziyana dair sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki. iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda 35,45 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddia 600 manat hissədə təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli,cavabdehdən iddiaçının xeyrinə 600 manat maddi zərər və 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 600 manat maddi zərər və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalıq hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar