Məhkəmə qərarları › İş №2(008)-746/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-746/2022

17.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-746/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan alınmış 40000 min avro və 6000 min ABŞ dolları habelə, Nizami rayon Qara Qarayev prospektində 300 manata kirayə verdiyim evin satılıb (lildə 3600) 8 il ərzində o evdən əldə edəcəyi 28000 min manat dəyən ziyanın ona ödənilməsi, fiziki və mənəvi zərər əvəzi olaraq 10000 min manat pulun tutularaq ona ödənilməsi, əgər Cavabdeh əməllərində dələduzluq cinayətinin əlamətlərinin olması müəyyən edilərsə bu haqda xüsusi qərar çıxarılmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X3 2011-ci ildə Ukraynadan Bakıya gələrkən təyyarədə Cavabdeh ilə tanış olmuş və bundan sonra münasibətləri möhkəmlənmişdir. 2011-ci ilin oktyabr ayında Tamara Vilnusda yaşayan qardaşının kafesi olduğunu, özünün də orada aşbaz kimi işlədiyini demiş, qardaşı İbrahimin kafeni satmasını deyib ona kafeni almağı, Tamaranın isə həmin kafeni işlədib ona ayda 3000-5000 min avro pul göndərəcəyini demişdir. O, bu barədə ona danışdı, o isə razılaşmışdır. 2011-ci ilin oktyabr ayında o, Tamaranın qardaşı İbrahim danışmışlar və o, onlara məktub göndərmiş, onun əsasında viza alıb Vilnusa getmişlər və orada 10 gün sanatoriyada qalmışlar. Vilnus şəhərində Tamara və qardaşları İbrahim, Emin, Ağamoğlan onunla görüşdü və onlarə İbrahimin kafesinə yemək yeməyə apardılar. İbrahim kafenin ona məxsus olmasını və satmasını, kafenin baha olmasını, lakin kafeni bacısı Tamara işlədəcəyi üçün 40000 min avroya satacağını onlara bildirdi. İbrahimdən sənədləşməni soruşduqda İbrahim bildirdi ki, Mehribanın adına firma açacaq və həmin firma vasitəsi ilə sənədləşmə aparacaqdır. İbrahim bildirdi ki, dönər zavodu açır, ona görə kafeni satmışdır. Bacısı Tamara ona, yəni İbrahimə dedi ki, kafeni o, işlədəcəyini ona görə kafeni ona və dostlarına satsın, İbrahim isə bacısı ilə razılaşmışdır. İbrahim, Tamara və Emin onları zavodun bazasına aparıb onları tanış etmişlər. 10 gündən sonra iddiaçı və arvadı Bakı şəhərinə qayıtmışlar. Bundan sonra Tamara Mehribanla “Skype” vasitəsi ilə danışaraq kafenin alınması barədə görüntülü söhbətlər etmişdir. Tamara onlara dəfələrlə bildirdi ki, pulu göndərib kafeni alsınlar, uduzmazlar. Mehriban ona bu söhbətləri deyərək onu razı salmışdır. 2012-ci ilin noyabr ayında Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Sevinc” kinoteatrın qarşısında Tamaranın qızı Elnarə ilə görüşüb 25000 min avro pulu qalan 15000 min avro pulu isə 2012-ci il dekabr ayında eyni yerdə Elnarəyə o və Mehriban vermişlər. Tamara “Skype’’-la danışanda bildirdi ki, 1-2 aya təmir bitsin sonra fəaliyyətə başlayacaqlar. 2013-cü ilin aprel ayında Tamara bildirdi ki, sənədləşməni imza etmək üçün mütləq Vilnusa gəlməlidirlər. O, işdə olduğu üçün Mehriban qızı Tünzalə ilə birlikdə təyyarə vasitəsilə Vilnusa getmişlər. İbrahim, Tamara, Emin və Ağamoğlan onlara sənəd göstərmiş, sənəd Litva dilində olduğu üçün başa düşməmişdirlər. Mehribanı inandırmışlar ki, bu həmin sənədlərdir. Sonra Mehribana bildirmişlər ki, sənədlər tam hazır olana kimi Bakıya qayıdın, hazır olanda isə onlar onlara xəbər edəcəklər. Mehriban Bakıya qayıtdıqdan sonra Tamara zənglərə cavab verməmiş və yayınmağa başlamışdır. Bir müddətdən sonra Tamara və Emin Bakı şəhərinə onlara gəldilər. Bildirdilər ki, kafenin sənədləşməsi alınmadı. Onlar üç maşın gətirmişlər və onları satıb onların pulları qaytaracaqlar. Maşınların Mersedes-Benz, İnfiniti, və Passat olduğunu bildirdilər. Maşınların gömrük rüsumunu ödəməyə pulları olmadığından, cavabdehin qardaşı onlara bildirdi ki, maşınların bir- bir gömrük rüsumunu ödəyib satsınlar və pulları qaytarsınlar. Mersedes-Benz markalı maşının gömrük rüsumu 6000 min ABŞ dolları olduğu üçün o, Eminə 6000 min ABŞ dollar məbləğində pul vermişdir. Bu barədə Emin yazılı iltizam verçişdir. O bildirdi ki, maşını onlar Mehribanın adına sənədləşdirsinlər, lakin Tamara buna razı olmadı. Bundan sonra həmin maşını qaynı Telmanın adına sənədləşdirdilər. Sonra Mersedes maşınına Tamara müştəri tapdığını bildirdi. Telmanla birlikdə Notariusa gedib Mersedes markalı **-UP-*** dövlət nömrə nişanlı avtomaşını Nizami rayon ərazisində Notariusda sənədləşdirməklə X2 Tamara tərəfindən etibarnamə verilmişdir. Buna baxmayaraq, gömrük rüsumu üçün verilən 6000 min ABŞ dollarını Tamara və Emin qaytarmamışlar. Tamara və Emin yazdıqları iltizamda göstərdikləri pulu qaytarmadıqları üçün məcbur olub 30.09.2014-cü il tarixdə ərizə ilə Nizami rayon prokurorluğuna müraciət etmişlər. Nizami rayon Polis İdarəsinin İstintaqı şöbəsində çıxarılan qərarda mülki qanunvericiliyə müraciət olunması onlara izah edildi. Cavabdeh Mehribana qarşı etdiyi əməllər maddi zərər çəkməyi ilə yanaşı fiziki və mənəvi zərər də çəkməyinə səbəb olub. Beləki, ona yüz dəfələrlə zəng edən zaman onu aldatması, yalan danışması nəticəsində hirslənməyindən, çoxlu sayda zəng edən zaman telefonu açmaması, qaçıb gizlənməsi, onun onlardan və onların kimilərdən ələ keçirdiyi pulların hesabına dəbdəbəli həyat tərzi keçirməsinə əsəbləşdiyindən Mehriban şəkərli diabet xəstəliyinə tutulmuşdur. 2013-cü ildə Nizami rayonu Qara Qarayev prospektində onlara məxsus evin satılması və Cavabdeh onlara vurduğu ziyanın ödənilməsi üçün həmin evdən aldığı pulun borc götürdüyü 20000 min avro və 6000 min ABŞ dollar məbləğində pulları borc götürdüyü adamlara ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Telamn qızı 15.03.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki,mülki işin matruallarına əlavə edilmiş 09.03.2014-cü il tarixli iltizamdan görünür ki, o borclu olduğu məbləği 2014-cü ilin iyul ayına kimi hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı isə hazırda 2021-ci ilin oktyabr ayında iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi iddia müddətinin axımında verilmədiyindən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 09.03.2014-cü il tarixli iltizamdan görünür ki, Quliyeva Tamar iltizamı ona görə verir ki, X5 ilə X1 ə 40 evro (qırx min) evro və 6 ABŞ dolları almışdır ondan ötrü ki, Onlara Vilnusda kafe satacaq və onun müqabilində aldığınız pulun qaytarılması üçün iyul ayına qədər hissə-hissə qaytarılmasına söz vermişdir və həmin iltizamı X3, Cavabdeh və ilizamın yazılmasında iştirak edən Nəbiyev Əlamdar tərəfindən imzalamışdır. - 24 mart 2020-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X3 30.09.2014-cü il tarixdə Nizami Rayon Prokurorluğuna müraciət edərək, 2011-ci ildə Ukraynadan Bakıya gələrkən təyyarədə Cavabdeh ilə tanış olmuşdur. Tamara qardaşının Vilnyus şəhərdə kafedə işləməsini, həmin kafeni 40 min avroya satmasını kafenin yaxşı gəlir gətirməsini demişdir. Bakıya gəldikdən sonra o, kafeyə baxmaq üçün Vilnyus şəhərinə getmiş, kafeyə baxıb xoşuna xoşuna gəldiyi üçün Bakıya qayıtdıqdan sonra 2012-ci ilin noyabr ayında Nizami rayonu, Qara Qarayev metrosu yanında Cavabdeh ilə görüşüb kafeni almaq üçün ona 40 000 avro pul vermişdir. Tamara qısa müddət ərzində kafenin onun adına keçəcəyini desə də sənədlər ona təqdim olunmamışdır. 2013-cü ilin aprel ayında Tamara kafenin alqı-satqısının alınmadığını, buna görə Bakıya bir neçə avtomaşın gətirməsini, gömrük xərci ödəməyə 6000 ABŞ dolları pul lazım olmasını demiş, Tamaraya 6000 ABŞ dolları vermiş, o, pulu qardaşı Eminə vermişdir. Tamara və Emin bu barədə qəbz yazmışlar. - 24 mart 2020-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X3 və İddiaçı pullarının ələ keçirilməsi ilə bağlı Cavabdeh, X10, X5, X4, X5 və X6 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və bu xüsusatla bağlı tərəflərə mülki qanunvericiliyə müvafiq olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi barədə qərar çıxarılmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk öncə hesab edir ki, mülkin işin matriallarından olan iltizamdan da göründüyü kimi habelə iddia ərizəsinin məzmunundan da aydın olur ki, borc müqavilə əsasında pul məbləği X3 tərəfindən Cavabdeh verildiyindən İddiaçı həmin iltizam üzrə tərəfin üzərinə götürmüş olduğu öhdəliklərin lazımı qaydada icra etməməklə bağlı yaranmış olduğu nəticələri mübahisələndirmək hüququna malik olmadığına görə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı həmin müqavilələrin tərəfi deyildir. Ümumi qaydaya görə müqavilənin nəticələrini mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunur ki, “müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini müəyyən etmişdir. Bu qaydaya əsasən müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyildir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı müvafiq subyektiv hüquqa, yəni başqa şəxslər arasında bağlanmış müqavilə üzrə öhdəliklərinin icrasının nəticələri barədə tələb irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Bu səbəbə görə də onun iddia tələbi rədd olunmalıdır. Məhkəmə iddia tələbinin digər hissələrini əhatə edən Nizami rayon Qara Qarayev prospektində 300 manata kirayə verdiyi evin satılıb (lildə 3600) 8 il ərzində o evdən əldə edəcəyi 28000 min manat dəyən ziyanın ona ödənilməsi, fiziki və mənəvi zərər əvəzi olaraq 10000 min manat pulun tutularaq ona ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbinin əsaslığını təqsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdehin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğu halda prokurora bu barədə məlumat verməklə xüsusi qərardad qəbul edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hisədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar