Məhkəmə qərarları › İş №2(008)-7477/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7477/2023

26.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7477/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı tikinti işlərinin dayandırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı tikinti işlərinin dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. İddia ərizəsinin məzmunundan görünür ki, inzibati orqan olan İddiaçı ünvan 1 ünvanında cavabdeh tərəfindən aparılan tikinti işlərinin dayandırılmasını məhkəmədən xahiş edir. Halbuki İddiaçı özbaşına tikinti işlərinin qarşısının alınmamasını aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə etməli, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırmalı və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:

1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;

2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını;

3. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;

4. habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini;

5. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının: 10.1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. 10.2. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 10.3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 10.4. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur, 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə qaydasında baxılmalı olmadığından yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməli, iddiaçıya tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə etmək, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırmaq və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərmək səlahiyyətinin olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

İddiaçı Cavabdeh qarşı tikinti işlərinin dayandırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, tikinti işlərinin dayandırılması ilə bağlı sifarişçiyə (podratçıya), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər.

Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar