Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-748/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1976cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evi onun xüsusi mülkiyyətindədir. xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh onun oğludur. Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evində heç bir zaman yaşamamışdır. Belə ki, o, əvvəllər ailəsi və oğlu Cavabdeh ilə birlikdə Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən evində yaşayırdılar. Oğlunu evəndirmək ərəfəsində ona Nərimanov rayonu “Çermet” adlanan ərazidə ev almış və oğlu ailə quraraq, həmin evə köçüb getmişdir. Cavabdehin özünə məxsus yaşamağa evi vardır. Həmin evi də cavabdehə o almışdır. Cavabdehin heç vaxt ona məxsus Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evində yaşamamasına baxmayaraq, həmin evdə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Cavabdehə görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Qeyd olunanlara əsasən hesab edir ki, oğlu Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi, iddiaçı atasıdır, onların şəhərdə də evləri olmuş, uşaq yaşlarından həmin bağ evinə həftə sonları ailəsi ilə birlikdə gedib-gəlmiş, orada yaşamış, həftənin beş gününü şəhərdə, iki gününü isə bağ evində keçirtmişlər. Anası rəhmətə getmiş, atası kimi anasının da həmin evdə payı olmuşdur. Mübahisəli evdən istifadə hüququnun olduğunu, uşaqlıq və gənclik illərinin orada keçdiyini, atası əsəbiləşməsin deyə o evə tez-tez gedib-gələ bilmədiyini, hazırda dostunun evində yaşadığını bildirmişdir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirdi ki, Bəxtiyar bəyi 30 ildir ki tanıyır, bağ qonşusudur. Ünvanın dəqiq adı yoxdur, adı Nardaran 2 bağlarıdır. Bəxtiyarın üç uşağı var, həyat yoldaşı vəfat edib. Cavabdeh Bəxtiyarın oğludur, onu az görmüşdür. Əjdərin uşaqlığını görməmişdir. Son 5-6 il ərzində Əjdəri 3-4 dəfə görmüşdür. Bəxtiyar mərhum həyat yoldaşı ilə bağda qalırdı. Bağda daha çox Bəxtiyarı görmüş, cavabdehi görməmişdir. Həmişə axşam vaxtı bağda qalanları məhəllədə, çöldə görürdülər, o zaman bilirdilər bağda kimlərin yaşadığını. Cavabdehi bağda 9 il ərzində cəmi 8-10 dəfə gördüyünü bildirdi. Məhkəmə iclasında şahid X1 ifadə verərək bildirdi ki, Bəxtiyarla qonşudur. O, Nardaran 2, “Azərbaycan qadını” küçəsində yaşayır. 40 il olar ki, qonşudurlar. Bağa əvvəllər Bəxtiyar qızı, arvadı ilə gəlirdi, 2 oğlu var, hərdən onları da görürdü, 15-16 yaşları olardı. Əjdəri də həmin vaxtlar bir neçə dəfə bağda görmüşdür. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirdi ki, 30-40 il olar ki, Bəxtiyar bəylə qonşudurlar. Nardaran bağ evi 15 ünvanında yaşayır. Bəxtiyar bəy bağda həyat yoldaşı, uşaqları ilə qalırdı. 3 uşağı var, yaydan yaya uşaqları ora gətirirdi. Bəxtiyar bəy arada gəlib bağa baş çəkirdi, təmir işləri aparırdı, özü ailəsi ilə şəhərdə qalırdı. Əjdəri də 30 il olar ki, tanıyır. Uşaqlıqda o da gəlib gedirdi, onu 10 yaşından görürdü, son 10 ildə Əjdərin orada yaşamadığını, yayda bir-iki gün qonaq gəldiyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evi (topaq sahəsi 0.10 ha, bağ evinin ümumi sahəsi 224.3 kv.m) xüsusi mülkiyyət kimi xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18A saylı bağ evində qeydiyyatdadır. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/6-01986 nömrəli arayışdan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Ə.Vəliyev küçəsi döngə 1 ev 4 xüsusi mülkiyyət kimi xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18A saylı bağ evində qeydiyyatdadır. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. - MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran – 2 bağ sahəsində yerləşən, sahəsi 0.10 ha olan 18 saylı bağ sahəsi xx.xx.2009-cu il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının oğludur. Cavabdeh xx.xx.1976-cı il təvəllüdlü olmaqla doğulduğu vaxtan valideynləri ilə birlikdə iddiaçıya məxsus müxtəlif mənzillərdə, həmçinin, ilin müəyyən aylarında mübahisəli bağ evində yaşamış, xx.xx.2018-ci il tarixdən də həmin bağ evinə pasport qeydiyyatına alınmışdır. İddiaçı bildirir ki, cavabdeh heç vaxt mübahisəli bağ evində yaşamadığından, onun kompensasiya verilmədən bağ evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının oğlu olmaqla, doğulduğu vaxtdan valideynləri ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzillərdə, həmçinin, mübahisəli bağ evində yaşamışdır. İddiaçı bu faktı inkar etsə də, iddiaçının təşəbbüsü ilə məhkəmə iclasına dəvət olunmuş şahidlər ifadələrində cavabdehin uşaqlığından bəri valideynləri ilə birlikdə ilin müəyyən vaxtlarında, xüsusən də yay aylarında mübahisəli bağ evində yaşadığını bildirmişlər. Bu baxımdan cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli bağ evində yaşadığından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onun həmin bağ evinə mülkiyyətçi ilə bərabər istifadə hüquqları yaranmışdır. Hazırda isə iddiaçı cavabdehin heç vaxt mübahisəli bağ evində yaşamadığını iddia edərək, onun istifadə hüquqlarının kompensasiya verilmədən itirilmiş hesab edilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdehin mübahisəli bağ evindən istifadə hüququnun mövcud olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı cavabdehin mübahisəli bağ evinə ehtiyacının aradan qalxıb-qalxmamasıdır. İddiaçı tərəfindən hazırda cavabdehin mübahisəli bağ evinə olan ehtiyacının aradan qalxmasına dair heç bir mötəbər sübut təqdim edilməmiş, əksinə müəyyən edilmişdir ki, cavabdeh yaşamağa başqa yeri olmadığından dostunun evində qalır, həmçinin, cavabdehin mülkiyyətində daşınmaz əmlak mövcud deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran 2 bağ massivi 18a saylı bağ evinə olan ehtiyacının aradan qalxması müəyyən edilmədiyindən, onun həmin bağ evindən istifadə hüquqlarının itirmiş hesab edilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz. Bağ evindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi cavabdehin həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz edir. Bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-748/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-748/2025
20.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver