Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-760/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Z-Zirvə İnşaat MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Z-Zirvə İnşaat MMC-yə qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin öhdəliyi yerinə yetirməməsinə görə vurduğu qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyan 250 manat pulun ondan alınıb iddiaçıya verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" (əvvəlki adı "xxxx") Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanan 31 mart 2022-ci il tarixli, 13512 saylı "Podrat Müqaviləsinə əsasən cavabdeh 32000 manat müqabilində iddiaçıya məxsus "MAİN" yaşayış kompleksində yerləşən 4 otaqdan ibarət Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ev 25, mənzil 85-i xx.xx.2022-ci il tarixədək tam əsaslı təmirli vəziyyətdə təhvil verməsini öhdəlik götürmüşdür. Müqavilə bağlandığı gün cavabdeh iddiaçıdan birinci mərhələdə görüləcək işlərə və alınacaq materiala görə 10000 manat pul almışdır. Daha sonra müəyyən materiallar alınaraq təmirə başlanıldıqdan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə yenə iddiaçıdan 10000 manat pul almışdır. Cavabdehə verdiyi 20000 manat pulu iddiaçının həyat yoldaşı Yevqlevskiy Denis "Bank Respublika"-dan mənzilin təmiri üçün kredit götürmüşdü. Hazırda da banka həmin kreditin aylıq faizini ödəyirlər. Lakin cavabdeh iddiaçıdan, görüləcək işlərin pulun yarıdan çoxunu almasına baxmayaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzilin əsaslı təmirini müqavilədə göstərilən vaxtda təhvil verməmişdir. Bundan başqa cavabdeh aldığı 20000 manat pulun müqabilində mənzilində santexnika, elektrik və şpaklyovka işlərini natamam və keyfiyyətsiz görmüşdür. Dəfələrlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Zahir Əsgərovla əlaqə saxlayaraq ona irad bildirməklə, üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməsini, yarımçıq qoyduğu işləri tamamlamağı iddiaçı tələb etsə də, lakin o, hər dəfə bir bəhanə gətirməklə bundan yayınmış və təmiri tam yarımçıq qoymuşdur. Sonuncu dəfə iddiaçı onunla əlaqə saxlayıb öhdəliyi yerinə yetirmədiyinə görə 20000 manat pulunu geri qaytarılmasını tələb etsə də, lakin o, bundan imtina etmişdir. Hazırda cavabdehin bu qanuna zidd hərəkəti nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Belə ki, ev təmirsiz qalmış, tikinti materialların qiyməti isə hazırda 40% qalxmış bunun da nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir. Cavabdeh iddiaçı kimi başqalarına da maddi zərər vurmuş və onlardan X3 iddia tələbi əsasında Bakı şəhər Xətai Rayon məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(011)- 2047/2022 saylı qətnaməsi ilə cavabdeh "xxxx"-ın direktoru X2 iddiaçının xeyrinə 10300 manat məbləğində pul tutlmuşdur. Cavabdeh "xxxx" MMC məsuliyyətdən kənar qalsın deyə tez-tez adını və yerini dəyişir. Belə ki, iddiaçı ilə bağladığı podrat müqaviləsində adı "xxxx" MMC qeyd edilsə də, lakin hazırda adı “Zirvə İnşaat" MMC-dir. İddia ərizəsinə əlavə etdiyi Xətai Rayon Məhkəməsinin qətnaməsində isə adı "xxxx" MMC qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan 13912 saylı, xx.xx.2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, A-Zirvə İnşaat MMC müqavilənin 1.2-ci bəndində göstərilən işləri icra etməyi və işlərin nəticəsini müqavilə ilə müəyyən olunan qaydada İddiaçı təqdim etməyi, İddiaçı isə işləri qəbul edib müqavilə ilə müəyyən olunmuş qiymətini A-Zirvə İnşaat MMC-yə ödəməyi öz öhdəsinə götürür. -xx.xx.2022-ci il tarixli 12312 saylı müqaviləyə əsasən tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, görüləcək işlərin ümumi dəyəri 32000 manat müəyyən edilmişdir. - İşin qiyməti və ödənişlər adlı siyahıdan görünür ki, İddiaçı tərəfindən A-Zirvə İnşaat MMC-yə avans olaraq xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 10000 manat pul ödənilmişdir. - xx.xx.2022-ci il tarixli 19040***-*******01L saylı razılaşmadan görünür ki, Bank Respublika ASC X1 50000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2023-cü il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. -xx.xx.2023-cü il tarixli,10/7512 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 25 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksində yerləşən 85 saylı mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 3842 manat məbləğində müəyyən olunur. -Xətai Rayon Məhkəməsinin 2(011)-2047/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə Z-Zirvə İnşaat MMC-nin direktoru X5 arasında barışıq sazişi təsdiq edilmiş, 9000 manat pul, 400 manat mediasiya xərci və 900 manat dəbbə pulu, cəmi 10300 manat məbləğində pulun Z-Zirvə İnşaat MMC-nin direktoru X2 tutularaq X4 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olunur ki, A-Zirvə İnşaat MMC ilə İddiaçı arasında podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən, A-Zirvə İnşaat MMC müqavilənin 1.2-ci bəndində göstərilən işləri icra etməyi və işlərin nəticəsini müqavilə ilə müəyyən olunan qaydada İddiaçı təqdim etməyi, İddiaçı isə işləri qəbul edib müqavilə ilə müəyyən olunmuş qiymətini A-Zirvə İnşaat MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin A-Zirvə İnşaat MMC müqavilə üzrə öhdəliyini tam icra etməmiş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 759.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanan müqavilə üzrə cavabdeh öz üzərinə götürdüyü işi tam və vaxtında yerinə yetiməmiş və beləliklə müqavilənin şərtlərini pozmuşdur. Belə olan halda cavabdeh yerinə yetirmədiyi işlərə görə ödənilmiş pulu geri qaytarmalıdır. Məhkəmə geri qaytarmalı olan pulun məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən pulun məbləği 20000 manat qeyd olunsa da, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 3842 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iş materialları ilə iddiaçının cavabdehə 20000 manat məbləğində pul verdiyi təsdiq olunsa da, cavabdeh təərfindən müqavilə üzrə 3842 manat dəyərində iş görüldüyündən cavabdehdən (20000-3842=16158) 16158 manat pul tutulmalıdır. İddia tələbinin mənəvi zərərə görə 5000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Yuxarıda qeyd olunan hallar, yəni iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, məhkəmə bu hissədə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Z-Zirvə İnşaat MMC-dən 16158 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-760/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-760/2023
07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver