Məhkəmə qərarları › İş №2(008)-7809/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7809/2021

18.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7809/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı Mamedova Sirananın, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mamedova Sirana Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08.08.2014-cü il tarixdə doğulmuş Mamedov İbrahimin atasının xx.xx.1961-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, milliyətcə azərbaycanlı olan Cavabdeh olması və Cavabdeh Mamedov İbrahimin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmadan 2011-ci ildən ailə qurmuş, birlikdə yaşayırlar. Onların 08.08.2014-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Münasibətləri korlanmış, cavabdeh maddi yardım göstərmir. Aliment almaq üçün onun atalığının müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddianı müdafiə etdi, və iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Onun uşağın atası olması barədə məhkəməyə ərizə verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı Mamedova Sirana 22.06.1982-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda doğulmuşdur, hal hazırda Gürcüstan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən iddiaçıya Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə MOM seriyalı ******* №-li elektron qərar verilmiş, onun müvəqqəti yaşayış yeri Sabunçu rayonu, Balaxanı qəsəbəsi müəyyən edilmişdir. Cavabdeh xx.xx.1961-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. Mamedova Sirana 08.08.2014-cü il tarixdə Bakı şəhərində 3 saylı şəhər klinik xəstəxanasında Mamedov soyadında oğlan uşağı doğmuşdur (xəstəxana tərəfindən verilmiş AZS-103 №-li doğum haqqında tibbi şəhadətnamə). 08.08.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş Mamedov İbrahimin adına Bakı şəhəri, Gürcüstan səfirliyindən **********9 №-li doğum haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə uşağın anası Sirana Mamedova göstərilmiş, ata barədə məlumatları əksi etdirən sütunlar boş qalmışdır. Həmin uşaq Mamedov İbrahim 29.09.2014-cü il tarixdə 22 №-li şəhər poliklinikasında sağlam olaraq qeydiyyata götürülmüşdür (poliklinika tərəfindən verilmiş 02.09.2021-ci il tarixli, 45 №-li arayış). Hazırda iddiaçı oğlunun atasının Cavabdeh olmasının və ondan alimentin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-cı maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Cavabdeh uşağın atası olduğunu etiraf etmiş və bu barədə məhkəməyə ərizə vermişdir. Beləliklə məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən olunur ki, 08.08.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş Mamedov İbrahimin atası Cavabdehdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Eyni zamanda iddiaçı alimentin tutulmasını da istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə 30.09.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, 175 anat məbləğində aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. 08.08.2014-cü il tarixdə doğulmuş Mamedov İbrahimin atasının xx.xx.1961-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, milliyətcə azərbaycanlı olan Cavabdeh olması faktı müəyyən edilsin. Cavabdeh 30.09.2021-ci il tarixdən başlayaraq 08.08.2014-cü il tarixdə doğulmuş Mamedov İbrahimin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment iddiaçı Mamedova Siranın xeyrinə tutulsun. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Hazırki qətnamə atalığın müəyyən edilməsi haqqında X1 tərəfindən verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar