Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-824/2021 26.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri 4 saylı notariat kontoru tərəfindən verilmiş 8i-542 saylı 18.06.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edmişdir. Səbail rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli qərardadı ilə «xxxx» ASC mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə «xxxx» ASC-ni cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tanımışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səbail rayon icra və probasiya şöbəsinin 19.06.2020-ci il tarixli icraata başlamaq haqqında qərarını və həmin tarixli icra bildirişini rəsmi qaydada 09.07.2020-ci il tarixdə alıb. İddiaçı ilə «xxxx» ASC arasında 04.03.2019-cu tarixli kredit müqaviləsinin təminatı kimi Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair ipoteka müqaviləsi bağlanmışdır. Pandemiya ilə əlaqədar ödənişdə müəyyən gecikmələr olmuşdur. Məşğul olduğu fəaliyyət növü qadağa qoyulmuş sektora aiddir. Buna baxmayaraq, 4 saylı Notariat Kontoru kredit borcunun ödənilməsi barədə icra qeydi göndərmişdir. Hesab edir ki, icra qeydinin verilməsindən əvvəl ona bildiriş göndərilməli idi. İcra qeydində göstərilmiş məbləğ doğru deyil. «xxxx» ASC Səbail rayon Məhkəməsinə iddia ərizəsinə verdiyi etirazda qeyt etmişdir ki, icra qeydi «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Rsepublikası Nazirlər Kabinetinin 02.09.2000-ci il tarixli 156 №-li qərarının tələblərinə uyğun verilmiş, hər hansı bir qanun pozuntusu baş verməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məktubla məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin xahişini nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiaya iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxıb qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Odur ki, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında iddiaya mahiyyəti üzrə baxmışdır. Əvvəllər keçirilmiş məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» ASC-nin nümayəndəsi X3 iddia etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasda iştirak edən tərəfin izahatnıı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). 4 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən 18.06.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında aparılmış icra qeydi reyestrdə 8İ-542 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, Bakı şəhəri 4 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna əsasən icra qeydi qovluğunun təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Həmin qovluqdan məhkəmə aşağıdakıları müəyyən etmişdir. İpoteka saxlayan «xxxx» ASC-nin tələbinə əsasən 4 saylı Notariat Ofisi tərəfindən 04.03.2019-cu il tarixli ipoteka müqaviləsi üzrə tərəf ünvan 1 ünvanında qeydiyyatda olan ipoteka qoyana İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 113,3 kv m yaşayış, 170,8 kv m köməkçi sahədən ibarət 212 №-li fərdi yaşayış evinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 86 704,83 manat borc üzrə) tutma yönəldilmişdir. «xxxx» ASC-nin (sonradan – Bank) ərizəsinə aşağıdakı sənədlər əlavə edilmişdir: Bankla iddiaçı arasıenda bağlanmış 04.03.2019-cu il tarixli, 19032-4909/702697/KL -li kredit limiti müqaviləsi (500 000 manat məbləğində 120 ay müddətində 05.03.2029-cu il tarixədək kredit limitinin ayrılması barədə); Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 04.03.2019, 12.03.2019, 14.03.2019, 01.04.2019, 06.05.2019-cu il tarixli razılaşmalar (krdeitin şərtləri barədə); Bankla iddiaçı arasında bağlanmış 04.03.2019-cu il tarixli, 19032-4808/702697İ №li yuxarıda qeyd edilən daşınmaz əmlaka dair ipoteka müqaviləsi; Adıçəkilən əmlakın Bankı xeyrinə yüklü edilməsinə dair DƏDRDX tərəfindən verilmiş RX seriyalı ******* №-li Çıxarış; 12.05.2020 və 13.05.2020-cu il tarixli kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında 5 arayış (86 704,83 manat borc üzrə); İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən 15.05.2020-ci il tarixli bildiriş; Həmin bilidrişin alınmasını təsdiq edən poçt qəbzi; Evə tutmanın yönəldilməsi haqqında 15.05.2020-ci il tarixli bildirişin qeydə alınması barədə DƏDRDX-nin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən göndərilən 20.05.2020-ci il tarixli, **********92 №-li məktub. Hazırda iddiaçı Bakı şəhəri 4 saylı notariat kontoru tərəfindən verilmiş 8i-542 saylı 18.06.2020-ci il tarixli icra qeydinin ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildiriş aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutumanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər; 38.1-ci maddəsinə əsasən Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi notariusun icra qeyd əsasında həyata keçirilir. Qeyd edildiyi kimi, bildiriş 15.05.2020-ci il tarixdə göndərilmiş, həmin gün alınmış, məhkəməyə şikayət verilməmiş, icra qeydi isə 18.06.2020-ci il tarixdə aparılmışdır, yəni 1 aydan sonra. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir.Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR NK) müəyyən edir. Azərbaycan Rsepublikası Nazirlər Kabinetinin 02.09.2000-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması adlanan 1-ci bölməsinə əsasən:
1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Yuxarıda qeyd edildiyi kimi, həmin sənədlər notariusa təqdim edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqnalarının icra qeydləri icra sənədi sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 4 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən 18.06.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında aparılmış icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilmişdir və onyn ləğvi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Bakı şəhəri 4 saylı notariat kontoru tərəfindən verilmiş 8i-542 saylı 18.06.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova