Məhkəmə qərarları › İş №2(008)-862/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-862/2025

05.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-862/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayədəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2002-cü il təvəllüdlü Cavabdeh3 və yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 ünvan 1-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 onun mülkiyyətindədir. Cavabdehlər xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 onun oğlu X1 arvadıdır, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2002-cü il təvəllüdlü Cavabdeh3 və yetkinlik yaşma çatmayan xx.xx.2011-ci il təvəllüdlü X8 isə onların uşaqlarıdır, bütün ailə üzvləri 2014-cü il tarixdən ünvan 1-dən köçüb getmişlər. Həmin vaxtdan indiyə kimi bir gündə olsun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşma çatmayan X4 ünvan 1 ünvanda yaşamayıblar. Cavabdehlər qeydiyyatda olduğu evdən köçüb gedərkən, onlara məxsus bütün əşyalarını özü ilə aparmışlar, onların onun evində hər hansı əşyası qalmamışdır. Qonşular Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Sülh küçəsi, ev 14/1, mənzil 85-də yaşayan X10, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 14/1, mənzil 89-da yaşayan X11 və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 14/1, mənzil 99-da yaşayan X5 tərəfindən tərtib etdikləri akta əsasən həiqətən də vətəndaşlar xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2002-cü il təvəllüdlü Cavabdeh3 və xx.xx.2011-ci il təvəllüdlü X8 2014-cü il tarixdən ünvan 1-dən köçüb getmişlər və uzun illərdir həmin mənzildə yaşamırlar. Bakı şəhəri, 86 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli 239 saylı arayışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8 2014-cü ildən qonşuların tərtib olunmuş aktına əsasən ünvan 1 yaşamırlar. Bakı şəhəri, 146 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli 31 nömrəli məktuba əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi ev 15, mənzil 12-nin sahibi X3r, onun həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh3, Cavabdeh2, oğlu X8 ilə qeydiyyatsız yaşayırlar. Cavabdehlər uzun müddət ona məxsus evdə yaşamamasına baxmayaraq, həmin evdə pasport qeydiyyatında qalması mənim mülkiyyətçi kimi bir sıra hüquqlarımı məhdudlaşdırır. Cavabdehlərə görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayədəsi və vəkili Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsələrdə, onlar məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayədəsi və vəkili Vəkil izahatını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən xx.xx.2023-cü il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14/1 nömrəli evin 88 nömrəli mənzilinin mülkiyyətçisi İddiaçıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, əsasən Cavabdeh1 xx.xx.1984, Cavabdeh2 xx.xx.2003, Cavabdeh3 xx.xx.2002, X8 xx.xx.2011 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14/1 nömrəli evin 88 nömrəli mənzilində qeydiyyatdadırlar. Bakı şəhəri Sabunçu Rayon İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 86 saylı Mənzil Kommunal İstismar sahəsinin 239 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.1984, Cavabdeh2 xx.xx.2003, Cavabdeh3 xx.xx.2002, X8 xx.xx.2011 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14/1 nömrəli evin 88 nömrəli mənzilində 2014-cü il tarixdən yaşamırlar. 24 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, ünvan 2 ünvanda yaşayan X10 (Şəxsiyyət vəsiqəsi seriya AA2676571), ünvan 3 ünvanda yaşayan X12 (Şəxsiyyət vəsiqəsi seriya AA2539075), ünvan 4 ünvanda yaşayan X5 (Şəxsiyyət vəsiqəsi seriya AZE********) həmin aktı tərtib ondan ötrü, həqiqətən də vətəndaşlar xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2002-cü il təvəllüdlü Cavabdeh3 və xx.xx.2011-ci il təvəllüdlü X8 2014-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi , ev 14/1, Mənzil 88-dən köçüb getmişlər və uzun illərdir həmin mənzildə yaşamırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cw il tarixli 3-21-3-30/2-/6572/2024 (**********72) nömrəli məktubdan görünür ki, X1 adına xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsi R.Axundov küçəsi 15 saylı evin 12 saylı mənzili qeydiyyatdan keçmişdir və hazirda mülkiyyətindədir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X6 Bakı şəhəri Bakıxanov qəsəbəsi R.Axundov küçəsi 15 saylı evin 12 saylı mənzildə rəsmi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli 68416184 nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 14/1 saylı evin 88 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci addəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülki işin hallarından müəyyən edilir ki, cavabdeh X7 iddiaçının gəlini, digər iki cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə iddiaçıların nəvələridir. İddiaçının oğlu ilə gəlini İddiaçı birgə nikaha daxil olarkən iddiaçının mülkiyyətində olan mənzilə rəsmi qeydiyyata düşərək yaşamağa başlamışdır. Lakin iş matriallarına əlavə edilmiş arayışdan habelə qonşular tərəfindən tərtib edilmiş aktdan da görünür ki, cavabdeh X7 və onun övladları 2014-cü il tarixdən iddiaçının mülkiyyətində olan mənzildən köçmüşdürlər. Eyni zamnda məhkəmənin sorğusuna əsasən əldə olunmuş məlumatlardan görünür ki, iddiaçının oğlu, cavabdehin həyat yoldaşı olan X6 iddiaçının mülkiyyətində olan mənzildə deyildə 2014-cü il tarixdə öz mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Beləliklə məlum olur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatları formal xarakter daşıyır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 14/1 saylı evin 88 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 İddiaçı mülkiyyətində olun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 14/1 saylı evin 88 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsümü iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar