Məhkəmə qərarları › İş №2(008)-868/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-868/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-868/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq, 12.12.2019-cu il tarixli 01 №-li borc müqaviləsinə əsasən 566 manat, 16.05.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 1800 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli, 01 №-li borc müqaviləsinə əsasən 566 manat borcu yaranmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh 12.02.2021-ci il tarixdən etibarən hər ay 283 manat olmaqla borcu tam həcmdə iki ay ərzində iddiaçıya qaytaracağı barədə öhdəlik götürmüşdür. Eyni zamanda 16.05.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən cavabdehin iddiaçıya 1800 manat borcu yaranmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən cavabdeh 16.05.2021-ci il tarixədək hər ayın 16-sı günü 150 manat olmaqla bir il ərzində tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliklərin heç biri icra edilməmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatının dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı MMC 27.11.2013-cü il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında 12.12.2019-cu il tarixli, 01 №-li borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 566 manat məbləğində borc vermişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh 12.02.2021-ci il tarixdən etibarən hər ay 283 manat olmaqla borcu tam həcmdə iki ay ərzində iddiaçıya qaytaracağı barədə öhdəlik götürmüşdür. Eyni zamanda, İddiaçı MMC ilə Cavabdeh arasında 16.05.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 1800 manat məbləğində borcu vermişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən cavabdeh 16.05.2021-ci il tarixədək hər ayın 16-sı günü 150 manat olmaqla bir il ərzində tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında öhdəliklərin icra edilməsi görünmür. Hazırda iddiaçı hər iki müqavilə üzrə yaranan 566 və 1800 manat borcun tutulmasının istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 -ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 12.12.2019-cu il tarixli 01 №-li borc müqaviləsinə əsasən 566 manat, 16.05.2020ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 1800 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12.12.2019-cu il tarixli 01 №-li borc müqaviləsinə əsasən 566 manat, 16.05.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 1800 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar