Məhkəmə qərarları › İş №2(009)-100/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-100/2022

11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-100/2022 11.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qarşı törətdiyi qanuna zidd hərəkətlərinə görə ona 220.000 (iki yüz iyirmi min) manat məbləğində maddi ziyan və 50.000 (əlli min) manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 270.000 (iki yüz yetmiş min) manat məbləğində ziyanın (zərərin) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 06.02.2009-cu il tarixində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi 1 nömrəli binanın yarımzirzəmisi (ümumi sahəsi 243.5 kv.m ibarət) onun tərəfindən özəlləşdirilmiş və həmin tarixdən o, yarımzirzəmidə kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamışdır. O, Cavabdeh ora gözətçi kimi işə qəbul etmiş, sonradan o, həm də satıcı kimi fəaliyyət göstərməyə başlamışdır. Göstərilən zirzəmidə onun tərəfindən diri balıq üçün akvarium quraşdırılmış və diri balıq satışı ilə cavabdeh məşğul olmuşdur. Bundan əlavə göstərilən yarımzirzəmidə onun tərəfindən iki təndir quraşdırılmış və otaqların birində onlar diri toyuq saxlamışlar və onu sifarişlə satmışlar. Bundan əlavə cavabdeh üçün otaqların birində yaşayış üçün şərait yaradılmışdır. Ora məişətdə istifadə olunan yataq mebeli, yataq əşyaları, qab-qacaq, qazanlar və tavalar verilmişdir. Bundan əlavə həmin zirzəmidə onun tərəfindən hamam və tualet inşa olunmuş və “Ariston” istilik sistemi quraşdırılmışdır. Sonradan yarım zirzəminin qabağında onun tərəfindən 50 kv.m ibarət dükan inşa olunmuş və tam təmir edilmişdir. Cavabdeh orada işləyərkən dəfələrlə onları aldatmış və onlara məxsus olan malları sataraq pulu mənimsəmişdir. Sonradan o, cavabdehin yarım zirzəmini tərk etməsini tələb etmişdir. Lakin o, ordan çıxmaqdan imtina etmiş və orada olan 30000 (otuz min) manatlıq bütün əşyaları mənimsəmişdir. O, məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və cavabdehin oradan məcburi çıxarılması barədə qətnamə qəbul olunmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh məcburi köçkündür və məcburi köçkün kimi Badamdar qəsəbəsi, Məktəbli küçəsi, ev 14 mənzil 12 ünvanında qeydiyyata alınmışdır. Baxmayaraq ki, məhkəmə qətnaməsi qəbul olunub, cavabdeh həmin zirzəmini tərk etmir və bundan əlavə orada kommersiya fəaliyyəti ilə məşğuldur və bəzi otaqları kirayə verir. Bildirmək istəyir ki, onun tərəfindən tikilən 50 kv.m ibarət dükan cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş və hal-hazırda 500 (beş yüz) manat kirayə verir və inşa olunandan bəri oradan 50.000 (əlli min) manat gəlir əldə etmişdir. Hesab edir ki, onun tam mülkiyyətində olan yarım zirzəmidən cavabdeh hər ay 1000 (min) manat pul qazanır. Buna görə də hesab edir ki, Cavabdeh tərəfindən ona 220.000 (iki yüz iyirmi min) manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, o, Ağdam rayonu, Qiyaslı kəndində pasport qeydiyyatındadır. 1993-cü ildə Ağdam rayonu Ermənistan Respublikası tərəfindən işğal olunduqdan sonra məcburi köçkün olaraq Bakı şəhərinə gəlmişdir. 1997-ci ildən etibarən hazırda müvəqqəti qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında məskunlaşmış və hazırda da faktiki olaraq həmin ünvanda yaşayır. İddiaçı iddia edir ki, həmin sözügedən və onun faktiki olaraq yaşadığı ünvan 1də kommersiya işləri ilə məşğul olmuşlar. Lakin, butun bunlar əsassız və yalandır, qəbul etmir. Əgər onlar birlikdə və ya ayrılıqda kommersiya fəaliyyəti ilə məşğul olsa idilər, heç olmasa vergi, elektrik, su, qaz və s. ödənişlər olmalı idi. Lakin, bütün bunlar yoxdur, iddia əsassızdır. Daha sonra onun xəbəri olmadan İddiaçı sahəsi 243,5 kv.m olan ünvan 1ni öz adına özəlləşdirmişdir. Məcburi köçkünlərin 1992-1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması və bu sahəyə hüquq-mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi barədə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 298 saylı 01.07.2004-cü il tarixli Sərəncamının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Həmçinin bildirir ki, İddiaçı onun barəsində yazdığı iddia ərizəsində göstərdiyi xüsusatlar tamamilə şər və böhtandır. Belə ki, sözügedən zirzəmi onun yaşadığı yerdir, həmin zirzəmidə iddiaçı ilə birlikdə kommersiya fəaliyyəti ilə məşğul olmamışlar. O, iddiaçının işçisi və ya gözətçisi olmamış, orada yaşamış və hazırda da yaşayır. Bundan əlavə bildirir ki, İddiaçı 2011-ci il tarixdə ona qarşı “itirilmiş gəlirin ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsi isə öz növbəsində iddianın təmin edilməməsi barədə 2(009)-116/2011 saylı, 18.01.2011-ci il tarixli qətnamə qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olan 0.08312 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın yarımzirzəmisində 243.5 kv.m ümumi, 243.5 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 5097 nömrəli vərəqində 06.02.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 01.06.2018-ci il tarixli 02/713 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən məcburi köçkün - X1 2012-ci ilədək ünvan 2 ünvanında daha sonra ünvan 3 materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 01.07.2009-cu il tarixli, 15-2011 saylı məktubdan görünür ki, Cavabdeh həqiqətən Ağdam rayonundan məcburi köçkündür, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi, ev 14, mənzil 12-də qeydiyyatdan keçmiş, Ə.Nəzərov küçəsi 1 ünvanında (yarımzirzəmidə) yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 210902 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 1993-cü il tarixdən Ağdam rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-204/2009 saylı, 10.02.2009-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və X3 ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yerləşən 243.5 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3262/2009 saylı, 18.11.2009-cu il tarixli qərardan görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 08.07.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2759/2009 saylı, 08.07.2009-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-204/2009 saylı, 10.02.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəmə İcraçıları şöbəsinin 19.03.2009-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 204/2009 saylı, 10.02.2009-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2011 saylı, 18.01.2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı itirilmiş gəlirin ödənilməsinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, 25.11.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 nömrəli binanın yarımzirzəmisində yerləşən İddiaçı istifadəsində olan 243.5 kv.m qeyri-yaşayış sahəsinə həmin ünvan üzrə T.Məmmədov küçəsindən gedən yolun (keçidin) üstündə Cavabdeh tərəfindən inşa edilmiş uzunluğu 8,0 metr, eni 5,3 m, hündürlüyü 3,2 m olan bir mərtəbəli özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və həmin yolun əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4581/2021 saylı, 30.09.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4282/2020 saylı, 01.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4282/2020 saylı, 01.09.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, 25.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırda İddiaçı – Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qarşı törətdiyi qanuna zidd hərəkətlərinə görə ona 220.000 (iki yüz iyirmi min) manat məbləğində maddi ziyan və 50.000 (əlli min) manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 270.000 (iki yüz yetmiş min) manat məbləğində ziyanın (zərərin) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmişdir. Məhkəmə iddiaçının dəlillərini iş materialları ilə müqayisəli şəkildə təhlil etməklə hüquqi qiymət verərək, qanunvericiliyin tələbini də nəzərə alaraq hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 243.5 kv.m qeyri-yaşayış sahəsindən Cavabdeh istifadə etməsi nəticəsində hər ay 1000 (min) manat pul qazanması, eləcə də iddiaçı tərəfindən tikilən 50 kv.m dən ibarət dükanın cavabdeh tərəfindən qanunsuz zəbt olunmaqla hal-hazırda 500 (beş yüz) manata kirayə verməklə inşa olunduğu vaxtdan 50.000 (əlli min) manat gəlir əldə etməsi və bunun nəticəsində Cavabdeh tərəfindən İddiaçı 220.000 (iki yüz iyirmi min) manat məbləğində maddi ziyan dəyməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 243.5 kv.m qeyri-yaşayış sahəsindən Cavabdeh istifadə etməsi nəticəsində hər ay 1000 (min) manat pul qazanması, eləcə də iddiaçı tərəfindən tikilən 50 kv.m dən ibarət dükanın cavabdeh tərəfindən qanunsuz zəbt olunmaqla hal-hazırda 500 (beş yüz) manata kirayə verməklə inşa olunduğu vaxtdan 50.000 (əlli min) manat gəlir əldə etməsi nəticəsində Cavabdeh tərəfindən İddiaçı 220.000 (iki yüz iyirmi min) manat məbləğində maddi ziyan dəyməsi halını təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhləmə qeyd edir ki, İddiaçı hazırki iddia ərizəsində “onun tərəfindən tikilən 50 kv.m ibarət dükanın cavabdeh tərəfindən qanunsuz zəbt olunmasını və hal-hazırda 500 (beş yüz) manat kirayəyə verməsini və inşa olunandan bəri oradan 50.000 (əlli min) manat gəlir əldə etməsini” qeyd etsə də, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, 25.11.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 nömrəli binanın yarımzirzəmisində yerləşən İddiaçı istifadəsində olan 243.5 kv.m qeyriyaşayış sahəsinə həmin ünvan üzrə T.Məmmədov küçəsindən gedən yolun (keçidin) üstündə Cavabdeh tərəfindən inşa edilmiş uzunluğu 8,0 metr, eni 5,3 m, hündürlüyü 3,2 m olan bir mərtəbəli özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və həmin yolun əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, 25.11.2019-cu il tarixli qətnaməsində əks edilmiş iddia ərizəsinin məzmunundan da görünür ki, İddiaçı iddia ərizəsində ona məxsus daşınmaz əmlaka gedən yolun qarşısında məhz Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin mülkiyyətində olan əmlakdan istifadə hüquqlarını məhdudlaşdırdığını göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının digər işdə əsaslandığı hallar da özü-özlüyündə hazırki iş üzrə “iddiaçı tərəfindən tikilən 50 kv.m ibarət dükanın cavabdeh tərəfindən qanunsuz zəbt olunması və hal-hazırda 500 (beş yüz) manat kirayəyə verməsi və inşa olunandan bəri oradan 50.000 (əlli min) manat gəlir əldə etməsi” kimi dəlillərini təkzib edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsaslı olmasına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş və buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin (maddi və mənəvi zərərlə bağlı) araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar