Məhkəmə qərarları › İş №2(009)-1001/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1001/2021

02.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1001/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 – cavabdeh «xxxx» ASC-yə (Cavabdeh2 MMC və Cavabdeh3 MMC 3-cü şəxs qismində göstərilməklə) qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 – cavabdeh «xxxx»ASC-yə (Cavabdeh2 MMC və Cavabdeh3 MMC 3-cü şəxs qismində göstərilməklə) qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chevrolet Cruze” markalı avtomobilə dəymiş 4,585 manat məbləğində ziyanın, “BMW” markalı avtomobilə dəymiş 2,960 manat məbləğində ziyanın, 15.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.02.2021-ci i tarixdə Lermontov küçəsi istiqamətində hərəkətdə olan “BMW” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin iti əyləci basaraq dayanması nəticəsində iddiaçı öz avtomobili ilə həmin avtomobili araxadan vurmuşdur. Bundan sonra iddiaçı hər iki avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün cavabdeh şirkətə müraciət etsə də, cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Əlizadə iddianı qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, “Chevrolet Cruze” markal avtomobil lizinq müqaviləsi ilə Cavabdeh2 MMC-yə məxsusdur. Bu səbəbdən sığorta şirkəti avtomobilə dəymiş ziyanı lizinq şirkətinə ödəməyə hazırdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, 3cü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə həmin təşkilatların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatlarını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: 14.12.2020-ci il tarixli MV-C (L) 00251-20 saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, ** PD *** dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi “xxxx” ASC-də sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Şəhadətnamədən görünür ki, əmlaka qismən zərər dəydiyi halda hər hadisə üzrə 350 manat məbləğində şərtsiz azadolma məbləği müəyyən edilmişdir. 07 noyabr 2019-cu il tarixli X3 surətindən görünür ki, 2011-ci il buraxılışlı “Chevrolet Cruze” markalı avtomobil Cavabdeh2 MMC tərəfindən İddiaçı1 lizinqə verilmişdir. Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışın surətindən görünür ki, 05 fevral 2021-ci il tarixdə saat 10:10-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** PD *** dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə “BMW” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və hər iki avtomobilə zərər dəymişdir. İcbrai sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması vərəqəsindən görünür ki, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icbari sığorta növü üzrə sığortalanmamışdır. Məhkəmə iddia tələbinin “Chevrolet Cruze” markalı avtomobilə dəymiş 4,585 manat məbləğində ziyanın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir: İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu və sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir. İddiaçı sahibliyində olan “Chevrolet Cruze” markalı avtomobili avtokasko növündə “xxxx” ASC-də sığorta etdirmiş və bundan sonra yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı avtomobilə dəymiş ziyanı cavabdehdən tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişi edilməmişdir. İddiaçı hazırda sığorta hadisəsi nəticəsində sözügedən avtomobilə ziyan dəyməsi ilə əlaqədar olaraq tələb olunan 4,585 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə məhkəməyədək mərhələdə dəymiş zərəri 1400,07 manat məbləğində olduğunu müəyyən etmiş və həmin məbləği lizinq verən Cavabdeh2 MMC-yə ödəməyə hazır olduğunu bildirmişdir. Mülki Məcəllənin 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın: 28.1.8-ci bəndinə əsasən avtokasko bu Qaydaların 28.1.1-28.1.7-ci yarımbəndlərində göstərilən risklərin məcmusudur. 29-cu bəndinə əsasən sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. 33.1-ci bəndinə əsasən sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış avtomobilə dəyən real zərərin məbləğindən çox ola bilməz. “N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, qeyd olunduğu kimi, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. 31.05.2021-ci il tarixli 9/2818№-li məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş rəyin nəticə hissəsindən aydın olur ki, 2011-ci il buraxılışlı «Chevrolet Cruze» markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3,580 manat müəyyən edilmişdir. Göründüyü kimi, 2011-ci il buraxılışlı «Chevrolet Cruze» markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3,580 manat olduğu təqdirdə cavabdeh “xxxx” ASC həmin avtomobilə dəymiş zərəri 2,501 manat məbləğində qiymətləndirmişdir. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, iddiaçının iddia tələbi “Chevrolet Cruze” markalı avtomobilə dəymiş ziyanın tutulması hissəsində qismən əsaslıdır, sığorta hadisəsi nəticəsində iddiaçıya zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan manat pul vəsaiti şərtsiz azad olma məbləği çıxılmaqla (3580-350=3,230) “xxxx” ASC-dən avtomobilin qanuni sahibi və istifadəçisi olan İddiaçı1 (lizinq alan) xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “BMW” markalı avtomobilə dəymiş 2,960 manat məbləğində ziyanın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından da görünür ki, “Chevrolet Cruze” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti “xxxx” ASC tərəfindən icbari qaydada sığortalanmamışdır. Bu səbəbdən iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın cavabdehdən tutulmasını tələb etməsi əsassızdır. “İcbari sığortalar haqqında” Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Məhkəmə iddiaçının mənəvi ziyana görə 15.000 manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir.İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumundan və 150 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Chevrolet Cruze” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 3,230 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi “xxxx” ASC-dən tutularaq İddiaçı1 ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin 75 manat hissəsi İddiaçı1, 75 manat hissəsi «xxxx» ASC-dən tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar