Məhkəmə qərarları › İş №2(009)-1006/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1006/2020

21.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1006/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Elm və Təhsil Nəşriyyatı”-na qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Elm və Təhsil Nəşriyyatı”-na qarşı “ziyan” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ödədiyi 5600 manat ziyan və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki,2014-cü il mart ayının əvvəllərində fleşkaya köçürülmüş 370-400 səhifəlik şeirlərində elm və təhsil nəşriyyatının direktoru Nadir Məmmədlinin yanına gəlib, ona dedi ki,: mümkünsə şeirlərini xx.xx.2014-cü ilə kimi çap etdirin (xx.xx.2014 il tarixdə 74 yaşı tamam olacaqdır). Nadir müəllim dedi ki, fleşkanı işçisi Günaya ver, şeirlərini yığsın, arxayın ol, xx.xx.2014-cü ilə kimi kitabı hazır olacaq. O da yazıları ofisdə Günayla kitab halına salıb, mətbəəyə göndərdi. Günay şeirləri yazanda 394 səhifə oldu. Nadir dedi ki, 394 səhifəlik 200 kitab üçün 400 (dörd yüz) manat verməlisən, 200 (iki yüz) manat indi, 200 manat isə kitab hazır olduqdan sonra verəcəkdi. O da 200 (iki yüz) manat verdi (kitabın adı 1-ci cild (“Elin dərd, həsrəti”). 2014-cü ilin oktyabr ayının axırında çap olunmuş kitabları 200 (iki yüz) manat verib mətbəədən götürdü. Oxuduqdan sonra gördü ki, kitablar başdansovdu çap olunub. Belə ki, şeirlərin bəzilərinin şəkli dəyişib, bəziləri səhv çap olub. Nadir müəllimə kitabın bərbad çap olunduğunu bildirdi. Nadir dedi, zərər yoxdu, 100 manat ver, təkrar çap edək. Yenə də 100 (bir yüz) manat verdi. 2014-cü ilin noyabr ayının sonlarında 6 ay gecikmiş 200 ədəd kitabı götürdü. 2015-ci ilin martın əvvələrində fleşkada olan 220-235 səhifəlik şeirləri və 100-120 səhifəlik əlyazmanı Nadir müəllimə verdi və 350-370 səhifəlik (20 ədəd qalın cildli, 180 ədəd nazik cildli) kitabın çap edilməsini xahiş etdi. Günay fleşkada olan şeirləri və əlyazmalarını 362 səhifəlik kitab halına saldı (kompyuterdə), 100 manat aldı və dedi. Həmin yazıları mətbəəyə göndərəndə Nadir dedi: 362 səhifəlik kitabın çapı üçün (20 ədəd qalın, 180 nazik cildli) 500 manat verməlisən, 200 manat indi, 300 manat kitabları götürəndə. O, 200 (iki yüz) manat verib xahiş etdi: kitabı dürüst çap etdirin. 2016-cı ilin may ayının axırında 300 (üç yüz) manat verib, kitabları mətbəədən götürdü. Evdə oğlu, qızları kitaba baxıb dedilər: kitablar həddən artıq zəif və bərbad çap olunub. Belə ki, 12,13,14,15,16,17,18-7 səhifə kitabda yoxdu. 4,7,8,28,31,32,48,56,68,72,80,88,96,124,126,141,168,171,172,179,184,206,222,2 58səhifə çap olub güclə oxunur,oxunmur. Yenidən zay çap olunmuş kitablardan birini Nadir müəllimə göstərdi. xx xxxxxx 2016-cı ildə 100 nazik cildli kitab çap etməyə söz verdi. Çox gedib gəldim. 5 ildir ki, onu get-gələ salan bu insan ucbatından səhhəti korlanıb, gecələr rahat yata bilmir, şəkər xəstəliyinə tutulub, əsəbləri korlanıb, 2 dəfə gözündən və odinomadan əməliiyyat olunub. Odinomodan əməliyyata görə 1300 (min üç yüz) manat, gözdən əməliyyata 1 əməliyyat 300 (üç yüz) manat olmaqla, 600 (altı yüz) manat ödəniş edib. Nəticədə həyəcandan iflic olub, 5 aydan çox Bakı şəhəri, 16 saylı poliklinikada müəlicə alaraq, 600 (altı yüz) manat dərmanlara pul verib. Həkimin məsləhəti ilə gözündən yenidən əməliyyat olmalıdır. Əməliyyata 600-700 manat pul istəyirlər. Nadir adlı həmin bu şəxs ona həm maddi, həm də mənəvi ziyan vurmuş, onu 2-ci mərtəbədən atmaq istəmiş, onu şantaj etmişdir. Bu səbəbdən də, cavabdeh təşkilat tərəfindən ona dəymiş maddi ziyana görə 600 (altı yüz manat), mənəvi ziyana görə isə 5000 (beş min) manat və iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış 16 saylı müqavilənin surətindən görünür ki, tərəflər kitab çapı barəsində razılığa gəmişdirlər. Müqavilədə qeyd olunmuşdur ki, sifarişçi İddiaçı “Elin səadəti, ümidi” adlı kitabı nəşriyyata hazır şəkildə təqdim etmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən müqavilə üzrə tələb olunan məhsulun ümumi qiyməti 100,50 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır.İddiaçı sifarişçi qismində cavabdehə kitab çap etməyi sifariş etmiş, cavabdeh isə icraçı qismində həmin kitabı 100,50 manat məbləğində xidmət haqqı müqabilində çap etməyi öhdəsinə götürmüşdür. İddiaçı məhkəmə iclasında kitabın cavabdeh tərəfindən yığıldığını bildirsə də, bu halı sübut edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən də görünür ki, sifarişçi icraçıya kitabı hazır şəkildə təqdim etmiş, icraçı isə yalnız kitabı çap etmişdir. İddiaçının cavabdehin kitabın yığılmasında buraxdığı nöqsanlara istinad edib ona dəymiş maddi ziyanı tələb etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdehin ona 600 manat məbləğində ziyan vurduğunu qeyd etsə də, müqavilədən görünür ki, tərəflər arasında xidmət haqqı kimi 100,50 manat məbləğində razılığa gəlinmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki halda caavbdehdən maddi ziyan tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddia tələbinin maddi zərərin cavabdehdən tutulması hissəsi təmin edilmədiyindən və tələbin mənəvi zərər hissəsi məhz maddi zərərin tutulması hissəsi ilə bağlı olduğundan məhkəmə tələbin mənəvi zərər hissəsini araşdırmağı zəruri saymır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi təmin olunmadığı halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216‑220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Elm və Təhsil Nəşriyyatı”-na qarşı “ziyan” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar