Məhkəmə qərarları › İş №2(009)-1008/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1008/2023

25.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1008/2023 25.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh yaxın qohumlarının pula ehtiyacı olmasını əsas gətirərək ondan borc istəmişdir. Cavabdehin səmimiliyinə inanaraq ayrıayrı tarixlərdə 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək 18000 manat məbləğində ona borc vermişdir. Aralarındakı razılığa əsasən cavabdeh almış olduğu pulu 2022-ci ilin avqust ayınadək qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Bununla əlaqədar DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 2912.2022-ci il tarixdə 007-16712N3722 nömrəli müraciət yönləndirmişdir. Bu müraciəti aidiyyatı üzrə Xətai RPİ-nin 37-ci PŞ-nə yönləndirilmişdir ki, müraciətləri əsasında aparılan araşdırma ilə əlaqədar cavabdeh polisə dəvət olunmuş və izahatı alınmışdır. Sözügedən izahatda şəxs ona borcu olduğunu etiraf etmişdir. xx.xx.2023-cü il tarixli 10555-4/2-N-16712/11 nömrəli məktubla müraciətinin mülki xarakter daşıdığına görə məhkəməyə müraciət etməyi tövsiya olunmuşdur. Habelə onun tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə müraciət etmişdir ki, bu müraciətləri əsasında da aparılan araşdırma ilə əlaqədar cavabdeh izahatda ona borclu olduğunu etiraf etmişdir. Lakin müraciətinə cavab olaraq müraciətinin mülki xarakter daşıdığına görə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və eləcə də göstərmişdir ki, o, cavabdehlə iş yoldaşı olub və münasibətləri yaxşı olub, bir-birlərinə inamları olub. 10-11 noyabr 2021-ci il tarixdən başlayaraq 2022-ci ilin fevral ayına qədər cavabdehin xahişi ilə ona hissə-hissə olmaqla 16500 manat borc vermişdir. Borc 16500 manat olduqdan sonra daha cavabdehə borc verməmişdir. O, iddia ərizəsində ona görə 18000 manat göstərmişdir ki, o, cavabdehə vermək üçün pulu başqa adamlardan faizə götürürdü və ona görə də, 12500 manat faiz borcu yaranmışdı. 2022-ci ilin sentyabrında başqasına verdiyi faizi dayandırdılar. Cavabdeh 12500 manat faiz borcundan cəmi 10000 manat ödəmişdir. Cavabdehin 2000 manat faiz borcu qalmışdır. Ona görə də, 12500 manat faiz borcunun üzərinə 16500 manat əsas borcu gəldikdə, cəmi borc 18500 manat edir. Lakin o, 500 manatı cavabdehə bağışlayır və ondan cəmi 18000 manat borcu tələb edir. O, məhkəməyə cavabdehə verdiyi borclarla bağlı sübutlar təqdim edib ki, həmin sübutlarda cavabdehə hissə-hissə 8000 manat verdiyi öz əksin tapıb. Bundan başqa, o cavabdehə nağd olaraq pullar da verib. Cavabdehin ondan daima müxtəlif bəhanələrlə borc istədiyinə dair o, məhkəməyə cavabdehin ona göndərdiyi səs yazıları olan diski təqdim edib. Bundan başqa, cavabdehin anası 2022-ci ilin noyabrında ona səs yazısı ataraq, oğlunun ona 16500 manat borcu olduğunu anasına etiraf etdiyini, anası oğlunun borcundan hissə ilə, yəni iki dəfə 5000 və 5000 manat ödədiyini, oğlunun başqa adamlara da borcu olduğu üçün qalan 6500 manat borcunu evlərini satdıqdan sonra verəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh evlərini satdıqdan sonra da indiyə qədər onun borcunu ödəməmişdir. Hal-hazırda o işləmədiyinə görə maddi durumu ağırdır və cavabdeh ona borcunu ödəməkdən imtina edir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddai tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və izahatında göstərmişdir ki, cavabdehin iddiaçıya cəmi 8000 manat borcu olmuşdur ki, bu, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərdən də görünür. Cavabdeh 2022-ci ilin oktyabrında hər dəfə 5000 manat olmaqla, iki dəfəyə iddiaçıya 10000 manat pul ödəmiş və ödədiyi məbləğin 2000 manatını cavabdeh iddiaçıdan götürdüyü borcun faizi kimi sonuncuya ödəmişdir. İddiaçının cavabdehə hər hansı borcu yoxdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda hissə-hissə olmaqla 8000 manat borc verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı tərəfindən 2021-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayına qədər cavabdehin xahişi ilə ona hissəhissə olmaqla 16500 manat borc vermişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş disk dinlənilərkən, cavabdeh tərəfindən iddiaçıya göndərilən səsli mesajlardan onun qohumları üçün iddiaçıdan müxtəlif vaxtlarda borc istəməsi, eləcə də, cavabdehin anası tərəfindən iddiaçıya göndərilən səsli mesajdan cavabdehin anasına iddiaçıya 16500 manat borcunun olduğunu etiraf etdiyi və həmin borcdan anasının iddiaçıya iki dəfəyə 5000 manat olmaqla 10000 manat ödədiyi və iddiaçıya cəmi 6500 manat borclu qaldıqları və həmin borcu özlərinə məxsus evi satdıqdan sonra ödəyə biləcəkləri müəyyən olundu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməii, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 18000 manat borc tələbi hissəsində iddiası qismən əsaslı olduğundan, cavabdehdən iddiaçının xeyrinə 6500 manat pul tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6500 (altı min beş yüz) manat və pul tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar