Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1012/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Qasımzadə (Ələsgərova) Brilliant Elçin qızına qarşı paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qasımzadə (Ələsgərova) Brilliant Elçin qızına qarşı paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3936/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-223/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və əmlak bölgüsü ilə bağlı məhkəmə aşağıdakı məzmunda qətnamə qət edilmişdir: “İddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-223/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixxli qətnaməsi qismən – ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin üzərində payların müəyyən edilməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin üzərində Cavabdeh ¼ hissədə, İddiaçı ¾ hissəsi üzərində mülkiyyət payları müəyyən edilsin. ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin xx.xx.2021-ci il tarixli alqı-satqısı və ipoteka müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq qalıq borcun ¼ hissəsi Cavabdeh, ¾ hissəsi İddiaçı aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın”. Qeyd edilən qətnamə AR Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmış, qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Məhkəmə qətnaməsindən sonra dəfələrlə əlaqə yaradaraq əmlakların qarşılıqlı razılıq əsasında bölünməsini və ya əvəzləşdirilməsini təklif etsə də, bu günə qədər heç bir razılıq əldə edilməmişdir. Cavabdeh faktiki olaraq mənzildə yaşayır, eyni zamanda banka ödənişləri etməli olduğu halda bundan da yayınır. Belə olan halda qeyd edilən əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda isə qanunvericiliyin tələb etdiyi qaydada mübahisənin həll edilməsi labüddür. Göstərilənləri nəzərə alaraq iddiaçı paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilin tərəflərin paylarına uyğun olaraq Cavabdeh ¼ hissədə, İddiaçı ¾ hissədə naturada bölünməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin tərəflər arasında bölünməsi və yerdə qalan vəsaitin ipoteka üzrə borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, qarşı tərəfin payına münasib kompensasiya verilməklə barışıq sazişi bağlamaq istəsələr də, razılığa gəlinməmişdir, iddiaçı öz payını 100.000 manat dəyərləndirərək qarşı tərəfə payının alınması barədə təklif edir, ev ipoteka ilə yüklü olduğu üçün borc da cavabdeh tərəfindən ödənilməlidir. Lakin bundan imtina olunduğu üçün evin hərracdan satılmasını istəyir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı tərəfindən öz payının alınması ilə bağlı kompensasiya kimi təklif olunan məbləğlə əlaqədar sonadək araşdırılma aparılmadığı üçün, yəni Mülki Məcəllənin 220.3-cü maddəsinin 2-ci bəndi üzrə araşdırma aparılmadığı üçün 3-cü bəndi, yəni əmlakın hərracdan satılması əsassızdır. Eyni zamanda 100.000 manat kompensasiya və ipoteka borcunun cavabdeh tərəfindən ödənilməsi barədə təklif məntiqli deyil. Məhkəmədən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, “Hyundai Sonata” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3936/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)- 223/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin üzərində payların müəyyən edilməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin üzərində Cavabdeh ¼ hissədə, İddiaçı Selvan oğlunun ¾ hissəsi üzərində mülkiyyət paylarının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin xx.xx.2021ci il tarixli alqı-satqısı və ipoteka müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq qalıq borcun ¼ hissəsi Cavabdeh, ¾ hissəsi İddiaçı aid edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, kassasiya təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3936/2023 nömrəli qətnaməsi dəyişdirilməmiş saxlanılmışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Abbbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 1 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı (3/4 hissə) və Cavabdeh (1/4 hissə) adına qeydiyyata alınmışdır. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli təklifindən görünür ki, o, məhkəmə qətnaməsindən sonra dəfələrlə Cavabdeh ilə və onun vəkili ilə əlaqə yaradaraq əmlakın qarşılıqlı razılıq əsasında bölünməsini və ya əvəzləşdirilməsini təklif etsə də, heç bir razılıq əldə edilməmişdir. Hazırda qeyd edilən mənzil ilə bağlı olaraq ipoteka ödənişləri onun tərəfindən həyata keçirilir və Cavabdeh heç bir ödəniş etmir. Baxmayaraq ki, məhkəmə qətnaməsinə əsasən ödənişin ¼ hissəsi Cavabdeh aid edilmişdir. Bu səbəbdən o, onun payına müvafiq olaraq real bazar qiymətlərinə uyğun kompensasiya ödəməklə onun payının almasını, yaxud payların real bazar qiymətinə uyğun olaraq əvəzləşdirilməsinin keçirilməsini Cavabdeh təklif edilmişdir. İş üzrə Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirə bilməməsi barədə MŞB/6-00247 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “birgə paylı mülkiyyətdə olan əmlaklara dair kompensasiya verilməklə mülkiyyətə xitam və ya naturada bölgü, mümkün olmadıqda açıq hərracda satılma və pulun mütənasib bölüşməsi, pul tələbi” barədə mübahisəsi üzrə Cavabdeh və İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/3525 saylı rəyinə əsasən tədqiq olunan mənzlin planlı yerləşməsini, o cümlədən 19 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşməklə, faktiki 2 yaşayış otağından, 1 sanitar qovşağından və 1 mətbəxdən ibarət olduğunu, mənzilə yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibindəki ayrı-ayrı otaqların sahəsinin paylara uyğun olmadığını, həmçinin tədqiq olunan mənzilin təcrid mənzil kimi yalnız bir ailənin yaşaması üçün layihələndirildiyini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 1 saylı mənzilinin tərəflərin payına uyğun ¼ və ¾ hissələrə naturada bölünməsi (ayrılması) “İnşaat Norma və Qaydaları” 2.08.01.89-nun 1.1,2.2,2.4 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin üzərində Cavabdeh ¼ hissədə, İddiaçı Selvan oğlunun ¾ hissəsi üzərində mülkiyyət paylarını müəyyən edilmiş, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin xx.xx.2021-ci il tarixli alqı-satqısı və ipoteka müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq qalıq borcun ¼ hissəsi Cavabdeh, ¾ hissəsi İddiaçı aid edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi icra olunmuş, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 saylı evin 1 saylı mənzil üzərində İddiaçı Selvan oğlunun ¾ hissədə, Cavabdeh ¼ hissədə mülkiyyət hüquqları qeydiyyatdan keçmişdir. İddiaçının irəli sürdüyü iddia tələblərindən görünür ki, məhkəmə qətnaməsindən sonra o, dəfələrlə əlaqə yaradaraq əmlakların qarşılıqlı razılıq əsasında bölünməsini və ya əvəzləşdirilməsini təklif etsə də, bu günə qədər heç bir razılıq əldə edilməmişdir. Cavabdeh faktiki olaraq mənzildə yaşayır, eyni zamanda banka ödənişləri etməli olduğu halda bundan da yayınır. Belə olan halda qeyd edilən əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda isə qanunvericiliyin tələb etdiyi qaydada mübahisənin həll edilməsi labüddür. Bu səbəbdən iddiaçı paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilin paylarına uyğun olaraq Cavabdeh ¼ hissədə, İddiaçı ¾ hissədə naturada bölünməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin tərəflər arasında bölünməsi və yerdə qalan vəsaitin ipoteka üzrə borcun ödənilməsinə yönəldilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı və cavabdehin paylı mülkiyyətində olan əmlakın naturada ayrılmasının mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli mənzilin tərəflərin paylarına uyğun ¼ və ¾ hissələrə naturada bölünməsinin (ayrılmasının) texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Məhkəmə tərəflərin paylı mülkiyyətində olan mənzilin naturada ayrılmasının texniki cəhətdən mümkün olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan əmlakın real bölgüsünün həyata keçirilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdehin nümayəndəsi həmin məbləğin ağlabatan hesab etməmişdir. Məhkəmə bu halı iddiaçının təklifindən cavabdehin imtinası kimi qiymətləndirir. Məhkəmə iddia tələbinin mənzilin naturada bölgüsünün mümkün olmadığı və payın əvəzinə kompensasiyanın ödənilməməsi halında onun açıq hərracdan satılması hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Digər tərəfdən məhkəmə qeyd edir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Belə ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:
1. ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;
2. pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdehin nümayəndəsi kompensasiya ödənilməsi barədə iddiaçının təklifini məntiqli hesab etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması mümkün hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzilin tərəflərin paylarına (1/4 və 3/4) uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı verməkdən imtina etdiyindən, iddia tələbi əmlakın açıq hərracdan satılması hissəsində təmin edilməli və mübahisəli mənzil açıq hərracdan satılaraq, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, tərəflərə çatan pul vəsaiti tərəflərin paylarına mütənasib olaraq bank qarşısında yaranmış ipoteka üzrə borcun ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 saylı evdə yerləşən 1 saylı mənzili açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı (3/4 hissə) və Qasımzadə (Ələsgərova) Brilliant Elçin qızı (1/4 hissə) arasında onların paylarına münasib olaraq bölüşdürülsün, tərəflərə çatan pul vəsaiti tərəflərin paylarına mütənasib olaraq bank qarşısında yaranmış ipoteka üzrə borcun ödənilməsinə yönəldilsin. Qasımzadə (Ələsgərova) Brilliant Elçin qızından dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev