Məhkəmə qərarları › İş №2(009)-1015/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1015/2023

30.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1015/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dünya Göz xəstəxanasında əməliyyat üçün ödədiyi 4100 manat, Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasında əməliyyat üçün ödədiyi 8676.36 manat, gediş-haqqı, mehmanxana və qidalanma daxil olmaqla xərclədiyi 6000 manat, ona vurulan mənəvi zərərə görə 20.000 manat və dövlət rüsumu kimi ödədiyi 210 manatın Cavabdeh MMCdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, tibb üzrə elmlər doktoru, professor İddiaçı sağlamlığına vurulan ağır fəsadlara, çəkdiyi əlavə xərclərə, vurulan maddi zərərə və keçirdiyi mənəvi iztirablara görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sağ gözündə katarakta və retino patie diaqnozu ilə 14 oktyabr 2022-ci il tarixdə X9 müraciət etmiş, həmin xəstəxananın həkimi Mahmud Öztürk onu müayinə edərək, təcili əməliyyat olunmağını, əks halda gözünün görmə dərəcəsinin xeyli azalacağını, hətta ağır nəticələrə səbəb olacağını bildirmişdir. Cavabdeh xəstəxananın tibbi komplektasiyasına və həkimin peşəkarlığına inanaraq 28 oktyabr 2022-ci il tarixdə cərrahiyyə əməliyyatı keçirməyə razılıq vermiş və əməliyyat xərci kimi 3950 manat cavabdeh xəstəxanaya pul ödəmişdir. Əməliyyatdan sonra gözündə ağırlaşmalar baş vermiş, getdikcə bu daha da şiddətlənməyə başlamışdır. O, bununla bağlı bir neçə dəfə cavabdeh xəstəxanaya müraciət etmişdir. Onu əməliyyat edən həkim Mahmud Öztürkün qəbuluna yazılsa da, həkimin etinasızlığı ilə üzləşmişdir. Hər dəfə 150 manat ödəniş edərək həkim qəbullarında onu əməliyyat edən həkimdən gözündə baş verən ağırlaşmalara tutarlı izah ala bilməmişdir. Hər dəfə xəstəxana personalının “bu kimi ağırlaşmalar olur, zamanla düzələcək” deyə boş, məntiqsiz cavabları ilə üzləşmişdir. Əməliyyatdan sonra gözündə yaranan şiddətli ağrılarla bağlı başqa xəstəxanalara müraciət etməyə başlamışdır. Respublika Diaqnostika Mərkəzində (RDM) aldığı müayinələrdən bilmişdir ki, həkim etinasızlığı, cavabdeh X7 məsuliyyətsizliyi səbəbindən gözündə yanlış əməliyyat aparılmış, ona məlum olmayan, yan təsiredici iynə və sağ gözündə ağırlaşmalar baş vermişdir. Bu səbəbdən də Türkiyə Respublikasına getməyi və orada müalicə və müayinə olmağı qərara almışdır. X7 məsuliyyətsizliyi və həkim özbaşınalığı ucbatından əlavə xərclər, mənəvi iztirablar keçirmişdir. Türkiyə Respublikasının İstanbul şəhərində “Gazi Osmanpaşa” Xəstəxanasında təkrarən sağ gözündən əməliyyat olunmuş, həmin əməliyyata görə 98667.80 TL, yəni Azərbaycan məzənnəsi ilə 8676.36 manat pul ödəmiş, bundan əlavə Türkiyə Respublikasına gediş-gəliş üçün 944.80 manat (gediş haqqı 454 AZN, gəliş haqqı 490.80 AZN) xərcləmiş, İstanbul şəhərində əməliyyat zərurəti ilə əlaqədar qaldığı 7 gün müddət ərzində mehmanxanaya 2134.75 manat pul ödəmiş, əlavə olaraq qidalanma, nəqliyyata 3000 manata yaxın pul xərcləmişdir. Lakin məsələ bununla kifayətlənməmiş, çünki həkim məsləhətinə görə o, Türkiyə Respublikasında keçirdiyi əməliyyatdan sonra məcburən müayinə və müalicə olmaq üçün hər həftə həmin ölkəyə getməli olduğu bildirilmiş, bu isə o deməkdir ki, o, əlavə xərclər, məsrəflər çəkməlidir. Bu səbəbdən də o məhz hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək hüquqlarını təmsil etdiyi İddiaçı “Dünya Göz” Xəstəxanasındakı əməliyyatı ilə bağlı ödədiyi 4100 manat, Türkiyə Respublikasının İstanbul şəhərindəki “Gazi Osmanpaşa” Xəstəxanasındakı əməliyyata xərclədiyi 8676.36 manat, gediş haqqı, mehmanxana, qidalanma da daxil olmaqla xərclənən 6000 manat, mənəvi zərərə görə 20.000 manat, iddia tələbi üzrə məhkəməyə müraciət olunan tarixdən sonra iddiaçının çəkdiyi əlavə xərclər olan 5000 manat, eləcədə iddia ərizəsi və əlavə iddiaya görə dövlət rüsumu kimi ödənilmiş 280 manat, cəmi 44,056.36 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ilk dəfə 2021-ci ilin dekabr ayında Cavabdeh Xəstəxanasına müraciət etmiş və gözündə şəkərli diabet xəstəliyi ilə bağlı yaranan problem (ağrılar və şişkinliklər) avastin iynəsi vurulmaqla müalicə edilmiş və həmin müalicəsi uğurla tamamlanmışdır. 14 oktyabr 2022-ci il tarixində iddiaçı sağ gözdə bulanıq görmə şikayəti ilə yenidən cavabdehə müraciət etmişdir. Aparılan göz müayinəsinin nəticələrini özündə əks etdirən xəstəlik tarixçəsində iddiaçının 30 il əvvəl sağ gözünün travma alması qeyd olunmuş, müayinə nəticəsində sağ gözdə visus 0.1 (korreksiya ilə), sol gözdə visus 0,8 (korreksiya ilə) təyin olunmuşdur. İddiaçının gözündə aparılan biomikroskopik müayinə nəticəsində bilateral katarakta, sağ göz buynuz qişada decsement qırışıqlıqları və bilateral diabetik retinopatiya aşkar olunmuşdur. Çəkilən OCT (optik koherent tomoqrafiya) müayinəsi nəticəsində sağ göz makulada şəkərli diabet xəstəliyinə bağlı ödəm aşkar olunmuşdur. Qeyd edilən müayinə nəticələri nəzərə alınaraq iddiaçıya sağ göz Fako+İOL cərrahiyə əməliyyatı və EYLEA göz daxili inyeksiyası məsləhət görülmüşdür. 28 oktyabr 2022-ci il tarixində xəstənin sağ gözündə Fako+İOL cərrahi əməliyyatı uğurla icra olunaraq katarakta linzası yerləşdirilmişdir. Bundan başqa, Anti VEGGF (EYLEA) göz daxili inyeksiyası vurulmuşdur. İddiaçı "xxxx" MMC-yə qarşı iddiasını əsaslandırmağa çalışdığı arqumentlər və onlara qarşı cavabdehin əks arqumentləri aşağıdakı kimidir: 1. Həkim etinasızlığı və məsuliyyətsizliyi səbəbindən iddiaçının gözündə yanlış əməliyyat aparılması barədə arqumentlə bağlı. İddiaçının gözündə yanlış əməliyyatın aparılması ilə bağlı iddiaçının irəli sürdüyü arqument tamamilə əsassızdır. Əməliyyatdan öncə "xxxx" MMC tərəfindən aparılan müayinələrin nəticəsinə uyğun olaraq düzgün cərrahiyyə əməliyyatı təyin edilmiş və əməliyyat uğurla həyata keçirmişdir. Belə ki, iddiaçının gözündə aparılan biomikroskopik müayinə nəticəsində bilateral katarakta aşkar olunmuşdur. Buna uyğun olaraq sağ gözündə Fako+İOL cərrahi əməliyyatı uğurla icra olunaraq katarakta linzası yerləşdirilmişdir. Bundan başqa, iddiaçının gözündə biomikroskopik müayinə nəticəsində bilateral diabetik retinopatiya, çəkilən OCT (optik koherent tomoqrafiya) müayinəsi nəticəsində sağ göz makulada şəkərli diabet xəstəliyinə bağlı ödəm aşkar olunmuşdur. Qeyd edilən müayinə nəticələri nəzərə alınaraq Anti VEGGF (EYLEA) göz daxili inyeksiya tətbiq edilmişdir. İddiaçı gözündə yanlış əməliyyatın aparılmasını iddia etmiş, lakin bunu əsaslı faktlarla sübut edə bilməmişdir. Müayinə sənədlərindən və epikriz sənədlərindən aydın olur ki, xəstənin gözündə əməliyyat lazımi qaydada icra edilmişdir. İddiaçının Türkiyə Respublikasındakı müayinə sənədində katarakta probleminin mövcud olmaması bir daha əməliyyatın uğurlu icrasını və problemin aradan qalxdığını sübut edir. Cərrahi əməliyyatı sonrası müayinədə iddiaçının sağ göz buynuz qişasında daha əvvəl- 30 il öncə alınmış travma səbəbindən buynuz qişanın epitel strukturunun zəif olması nəticəsində epitel qüsuru yaranmışdır. İddiaçı 03 dekabr 2022-ci il tarixində sağ gözündə sulanma və ağrı şikayəti ilə xəstəxanaya yenidən müraciət etmiş, aparılan göz müayinəsində buynuz qişa ilə bağlı problemi aşkarlanmışdır. Əməliyyatdan bir müddət keçdikdən sonra iddiaçının gözündə yaranan bu narahatlıqlar əməliyyatın uğursuz aparılmasının göstəricisi deyil. İddiaçının xəstəlik tarixçəsindən məlum olduğu kimi, sağ gözündə aldığı travma ilə bağlı meydana gəlmiş zədə mövcuddur. Bu travma nəticəsində yaranmış çapıq səbəbindən iddiaçının həmin gözündə buynuz qişada narahatlıqlar meydana gəlib. Yaranan narahatlıqlar məhz əvvəlki göz travması ilə əlaqəli inkişaf etmişdir və növbəti dəfə müdaxilə tələb edirdi. İddiaçının cavabdeh tərəfindən təklif edilən müalicədən imtina etməsi barədə aşağıda ətraflı qeyd edilmişdir. Hazırki iş üzrə mülki hüquq pozuntusunun baş verməsi üçün iddiaçının gözündə icra edilən əməliyyatın uğursuz keçməsi sübut edilməlidir. Əksinə, iddiaçının əməliyyatdan sonrakı müayinə sənədlərindən də görünür ki, əməliyyat uğurla icra edilmişdir. 2.İddiaçıya yan təsir edici iynə vurulması arqumenti. İddiaçı qeyd edilən arqumenti əsaslandırmaq üçün hər hansı sübutu məhkəmə materiallarına əlavə etməmişdir. İddiaçının gözündə diaqnoz qoyulmuş diabetik retinopatiya və şəkərli diabet xəstəliyinə bağlı ödəmə qarşı tətbiq edilmiş Anti VEGGF (EYLEA) göz daxili inyeksiyanın vurulması həmin şəraitdə vacib əhəmiyyət daşımış, iddiaçının gözündə şəkərli diabet xəstəliyi səbəbindən yaranmış ödəm və başqa dəyişiklikləri aradan qaldırmışdır. Həmçinin qeyd etmək lazımdır ki, daxili inyeksiya prosedurundan əvvəl iddiaçıya həmin iynənin mümkün nəticələri və yan təsirləri barədə şifahi və yazılı qaydada məlumat verilmiş və bununla bağlı iddiaçının yazılı razılığı alınmışdır. Odur ki, göstərilən hal cavabdehin məsuliyyət daşıması üçün tutarlı arqument hesab edilə bilməz. 3. Ağırlaşmalarla bağlı cavabdehdən izah ala bilməməsi arqumenti ilə bağlı. Ümumiyyətlə istənilən əməliyyatdan sonra müəyyən müddət ərzində əməliyyat olunan orqanda diskomfort olması normal haldır. Həkimlər əməliyyatdan sonra iddiaçını müayinə etmiş və əməliyyatın uğurla həyata keçirilməsi barədə məlumatı iddiaçıya çatdırmışlar. Cərrahi əməliyyatı sonrası müayinədə iddiaçının sağ göz buynuz qişasında daha əvvəl alınmış travma səbəbindən buynuz qişanın epitel strukturunun zəif olması nəticəsində epitel qüsuru yaranmışdır. İddiaçıya yaranan ağırlaşmanın səbəbi barədə məlumat verilsə də, iddiaçı cavabdehin mövqeyi ilə razılaşmamış və epiteldə yaranan qüsurun əməliyyatın nəticəsində olduğunu iddia etmişdir. İddiaçı 03 dekabr 2022-ci il tarixində sağ gözündə sulanma və ağrı şikayəti ilə kilinikaya yenidən müraciət etdikdə aparılan göz müayinəsində şikayətlərin buynuz qişa ilə bağlı olduğu iddiaçıya bildirilmiş və iddiaçıya buynuz qişasında olan problemin aradan qaldırılması üçün "xxxx" MMC tərəfindən Türkiyə Cümhuriyyətindən dəvət edilmiş professor Anıl Kubaloğluna yönləndirilsə də, iddiaçı bundan imtina etmiş, problemin həll edilməsi üçün öz seçimi əsasında Türkiyə Respublikasına getmişdir, iddiaçı tərəfindən təqdim edilən X14 Xəstəxanası tərəfindən verilən epikrizdən də məlum olur ki, cavabdeh tərəfindən iddiaçının gözündə aparılan katarakta əməliyyatı uğurla həyata keçirilmişdir. Türkiyədəki xəstəxanada iddiaçının gözündə katarakta ilə bağlı əməliyyat deyil, buynuz qişası transplantasiyası həyata keçirilmişdir. Buynuz qişasının transplantasiyasına cavabdeh tərəfindən aparılan əməliyyatın uğursuz həyata keçirilməsinin səbəb olduğu heç bir rəsmi sənəddə öz əksini tapmır. Məhkəmə iclasında izahatı alınmış İddiaçı bildirmişdir ki, Cavabdeh MMC tərəfindən onun sağlamlığına maddi ziyan dəymiş, yanlış əməliyyat olunmaqla yanaşı gözündə əməliyyatdan sonra ağır fəsadlaşmalar baş vermiş, bu səbəbdən həmin ağrılara dözməyərək yenidən müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərinə getmiş və kifayət qədər böyük məbləğdə maddi xərc çəkdiyini, cavabdehin bu təqsirləri üzündən ona həm də mənəvi ziyan da dəymiş, həmçinin iddia müddəti məhkəmədə davam etdiyi ərzində yenidən Türkiyənin İstanbul şəhərində müayinə və müalicə olunmuş və kifayət qədər maddi və mənəvi ziyan çəkmişdir. İddianı və iddia tələbinin həcminin artırılmasını qanuni hesab edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini və iddia tələbinin həcminin artırılması barədə ərizələrini tam müdafiə edərək bildirmişdir ki, iddiaçı Cavabdeh xəstəxanasında düzgün əməliyyat olunmayaraq travma almış, nəticədə sağlamlığına maddi zərər dəyməklə yanaşı, Türkiyənin İstanbul şəhərində yenidən gözündən müayinə və müalicə olunmuş və bu uzun müddət çəkdiyindən iddiaçıya həm də mənəvi zərər də dəymişdir. Bu səbəbdən həmin ziyan tam həcmdə ödənilməli, iddia tələblərini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında iştirak etmiş “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 məhkəmə-tibb eksperti X5 izahat verərək bildirmişdir ki, o, 2007-ci ildən X1 məhkəmə-tibb eksperti vəzifəsində çalışır. Onun vəzifəsi yalnız sənədlərin qaydasında olmasına baxmaqdan ibarətdir. Bu prosesin ekspertiza fəaliyyəti haqqında əsasnaməyə uyğun olaraq komisyon ekspertiza formasında keçirilməli olduğunu, rəydə qoyulmuş sualların izahını, həmçinin OD-FAKO əməliyyatı ilə bağlı suallara özünün deyil həkim-oftalmoloq Qurban İsmayılovun cavab verə biləcəyini bildirmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, təqdim olunmuş sənədlər əsasında sübut olunur ki, qarşı tərəfin dediyinin əksinə olaraq həm epikriz raporunda, həm də xəstənin əməliyyata girmədən öncə katarakta və inyeksiya haqqında məlumat verilmiş, habelə bunlara görə baş verə biləcək fəsadları və alternativ müalicə üsulları barəsində məlumat verilmiş və iddiaçı imzalı şəkildə də bunlar barəsində məlumatlandırılmışdır. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında iştirak etmiş “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 məhkəmə-tibb eksperti X3 bu sahədə heç bir biliyinin olmadığını, verdiyi rəyin həqiqiliyinin sual altına düşdüyünü, qərardadda ekspert qarşısında qoyulan sualların rəydə tam əhatə olunmadığını, bu səbəbdən yenidən ekspertiza keçirilməsinə zərurət olduğunu bildirmiş, həmçinin təqdim etdiyi xidməti vəsiqəsində də səlahiyyət müddətinin çoxdan bitdiyini və ümumiyyətlə imzalanmadığını bildirərək qeyd etmişdir ki, MPM-in 63.2-ci maddəsində göstərildiyi kimi Ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən imtina etməlidir. Belə olan halda ekspert rəyi mötəbər sübut hesab edilə bilməz. Belə olan halda iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən və 28-xx.xx.2022-ci il tarixli epikriz hesabatından görünür ki, iddiaçı müayinə olunmaq üçün Cavabdeh MMC-ə 4100 manat ödəniş etmiş və dr. Mahmut Öztürk müayinə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına 98.667.80 TRY ödənilmişdir. İş materiallarında olan fakturalardan görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına xx.xx.2023-cü il tarixdə ******* TRY ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 454 manat məbləğdə vəsait xərcləməklə Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmiş, 03-05 aprel 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində-X8 mehmanxanasına 528 AZN məbləğ pul köçürərək orada qalmış, xx.xx.2023-cü il tarixdə 490.80 manat pul xərcləməklə İstanbul şəhərindən Bakı şəhərinə təyyarə ilə gəlmişdir. İş materiallarında olan fakturalardan görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına xx.xx.2023-cü il tarixdə 2360 TRY, xx.xx.2023-cü il tarixdə 750 TRY, xx.xx.2023-cü il tarixdə ******* TRY, xx.xx.2023-cü il tarixdə 1000 TRY ödənilmişdir. İş materiallarında olan fakturalardan görünür ki, İddiaçı tərəfindən “LİV BONA DEA HOSPİTAL”a xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 100 manat ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 2598 manat məbləğdə vəsait xərcləməklə Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmiş, 14.05-17.05 aprel 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində-X12 mehmanxanasına 489 EUR məbləğ pul köçürərək orada qalmış, xx.xx.2023-cü il tarixdə İstanbul şəhərindən Bakı şəhərinə təyyarə ilə gəlmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 707.02 manat məbləğdə vəsait xərcləməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin katarakta əməliyyatı və (ya) göz daxili linza yerləşdirilməsi, dəyişdirilməsi və ya düzəldilməsi üçün xəstəni məlmatlandırma və təsdiq formasından aydın olur ki, İddiaçı xəstəlik haqqında məlumat, müalicənin müvəffəqiyyət şansı və keçiriləcək əməliyyatın müddəti, həmçinin sağalma müddəti ilə əlaqəli olan mümkün problemlər, tibbi müdaxilənin kim tərəfindən harada, necə ediləcəyi və diqqət yetirilməsi vacib olan məqamlar, habelə tibbi müdaxilənin ehtimal olunan ağırlaşmaları (əlavə təsirləri) riski, digər müalicə variantları, lazım olduqda eyni mövzuda tibbi yardımı necə əldə etmək barədə məlumatlar və tibbi müdaxilədən imtina etdikdə meydana gələ biləcək risklər barədə məlumatlandırılıraq ondan razılıq şərhi alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli epikrizdən də görünür ki, iddiaçı Türkiyənin İstanbul şəhərinin “Gazi Osmanpaşa” Xəstəxanasında müayinədən keçmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli “Gazi Osmanpaşa” Xəstəxanası tərəfindən verilmiş hesabatdan aydın olur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı xəstəxanaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə sol gözündən katarakta əməliyyatı aparılaraq gözünə linza qoyulmuş, xx.xx.2023-cü il tarixdə isə son müayinəsi edilərək müalicəsi davam etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 Bakı şəhəri Səbail rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, iddiaçıya “Katarakta. Diabetik retinopatiya” diaqnozu aparılmış müvafiq müayinələrdən sonra düzgün təyin edilmiş, iddiaçının üzərində icra edilmiş cərrahiyyə əməliyyatından öncə müayinələr zamanı onun sağ gözünün buynuz qişasında hər hansı bir tavma müəyyən edilməmiş, həmçinin mütəxəssis müayinəsi zamanı “Endotelial distrofiya OD-FAKO” əməliyyatından sonra iddiaçının sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuş və buna məsul şəxs əməliyyatı icra edən həkim-oftalmoloqdur. İş materiallarında olan iddia ərizəsinin verilməsinə görə xx.xx.2023-cü il tarixli (Ödəniş qəbzinin №**********) qəbzdə iddiaçı 210 manat, iddia tələbinin həcminin artılmasına dair xx.xx.2023-cü il tarixli (Ödəniş qəbzinin №**********) qəbzdə isə 70 manat ödədiyi aydın olur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə cavabdeh tərəfindən tibbi xidmətin lazımi qaydada və müqavilə ilə tələb olunan səviyyədə göstərilməməsi ilə bağlı iddiaçının dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X6rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları). Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İddiaçı üzərində aparılmış əməliyyatın uğurlu olub-olmamasını müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir . Ekspert rəyindən görünür ki, ekspertiza zamanı İddiaçı Azərbaycan Tibb Universitetinin X2 müayinədə olmuşdur. Oftalmoloqun baxışı zamanı Vis OD=0,06 k/i; Vis OS=0,7-0,8. 1. OD-buynuz qişada donor korneokerotoplastikadan sonrakı vəziyyətdir. Hər iki gözdə İOL var. OD sağ gözdə viktor makulyar ödem müşahidə olunur. 2. Xəstədə buynuz qişanın transplantasiyası olunub. OD-əməliyyatdan sonra buynuz qişa zədələnib və kerotoplastika icra olunub. 3. Xəstənin gözündə endotelial distrofiya OD-FAKO əməliyyatından sonra əmələ gəlmişdir. 4. Hal hazırda cərrahi əməliyyata ehtiyac yoxdur. Xəstənin sağ gözünə intravitral inyeksiyaya ehtiyac olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Özəl tibbi yardımın göstərilməsi tibbi xidmətin göstərən subyektlə vətəndaş arasında bağlanan müqaviləyə əsasən həyata keçirilməli, həmçinin bu müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini, həmçinin müqavilə şərtlərinin pozulması üzrə tərəflərin məsuliyyətini əks etdirməlidir (“Özəl tibbi fəaliyyət haqqında” Qanun 7-ci maddə). Tibb xidməti göstərən şəxsin məsuliyyəti həmçinin hüquqazidd əməl nəticəsində digər şəxsin sağlamlığına zərər vurduqda da yaranır. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Müqavilə şərtlərinin pozulmasından fərqli olaraq mülki hüquqi pozuntu üzrə məsuliyyətin yaranması üçün ilk növbədə tibb xidmət göstərən şəxsin müdaxiləsinin hüquqazidd olmalıdır. Həmçinin təqsirli olaraq yol verilən hüquqazidd əməl nəticəsində şəxsin həyat və sağlamlığına zərər vurulmuş olması məsuliyyətin yaranması üçün digər əsaslardır. Məhkəmə hesab edir ki, klinikada çalışan həkim hər hansı səhv edirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa məhkəmə mənəvi ziyan tələbi ilə bağlı əlavə olaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, göz ən vacib orqanlardan biri sayılır və iddiaçı gözündə ODəməliyyatından sonra buynuz qişasının zədələnməsi və kerotoplastika icra olunması nəticəsində əsəb, stres, sarsıntı, iztirablar, digər psixoloji narahatlıqlar keçirdiyindən məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi 10000 manat hissəsində təmin olunmalı, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1-3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 % dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 191.33 manatı Cavabdeh MMC-yə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 23.776.36 (iyirmi üç min yeddi yüz yetmiş altı manat, otuz altı qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 191.33 (bir yüz doxsan bir manat, otuz üç qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar