Məhkəmə qərarları › İş №2(009)-1015/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1015/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1015/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh Zahid oğluna qarşı "borc" tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zahid oğlundan 1300 (bir min üç yüz) manat əsas borc, 1400 (bir min dörd yüz manat) əldən çıxmış faydaya, 1500 (bir min beş yüz manat) mənəvi ziyana görə cəmi 1300+1400+1500=4200 (dörd min iki yüz) manat ödəməyə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı, yaxından tanıdığı Hüseynov Müqabilin vasitəsi ilə Cavabdeh Zahid oğluna 23 sentyabr 2023-cü ildə 1300 (bir min üç yüz) manat hər ay borc vermişdir. Cavabdeh Zahid oğlu pulu aldıqdan sonra borcu qaytarmaqdan imtina edir. Cavabdeh Zahid oğlu borc aldığını öz imzası ilə təsdiq etmişdir. 23 sentyabr 2023-cü ildə Cavabdeh 23 sentyabr 2023-cü ildən indiyə qədər yəni 2024-cü ilin aprelinə qədər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən və 12-ci maddəsinə əsasən İddiaçı mənəvi ziyan və əldənçıxmış faydaya görə yəni mənəvi ziyana görə 1500 manat əldən çıxmış faydaya görə isə 1400 manat. Cavabdeh Zahid oğlu AR MM-nin 21-ci maddəsinə əsasən 1400 manat, 12-ci maddəsinə əsasən 1500 manat, yəni 1300 manat əsas borc 1400 manat əldən çıxmış fayda 1500 manat mənəvi ziyan 1300+1400+1500= 4200 (dörd min iki yüz manat). Daha sonra, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində cavabdehin adı “Cavabdeh” əvəzinə səhvən “Cavabdeh Zahid oğlu” qeyd edilmişdir. İddia tələbini dəqiqləşdirərək, Cavabdeh 1300 (bir min üç yüz) manat əsas borc, 1400 (bir min dörd yüz manat) əldən çıxmış faydaya, 1500 (bir min beş yüz manat) mənəvi ziyana görə cəmi 1300+1400+1500=4200 (dörd min iki yüz) manat ödəməyə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək borc müqaviləsində səhvən “hər ay 1300 manat vermək şərtilə” qeyd edilsə də razılaşmaya əsasən Cavabdeh 1 il müddətinə, hər ay 130 manat ödəməli olduğunu, lakin borcundan yalnız 2 ay, cəmi 260 manat ödədiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2023-cü il tarixli “Borc alma haqqında izahat və ya müqavilə” adlanan razılaşmadan görünür ki, Cavabdeh yaxından tanıdığı Hüseynov Müqabilin vasitəsi ilə İddiaçı hər ay 1300 manat vermək şərtilə, 1300 manat borc alır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 23 sentyabr 2023-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən 1300 manat məbləğində borc cavabdeh borc alana verilmiş, o da 1 il müddətinə hər ay 130 manat borcun qaytarılmasını öz öhdəsinə götürmüşdür. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatına əsasən müqavilədə səhvən “hər ay 1300 manat qaytarmaq şərtilə” qeyd edilməsi, razılaşmaya əsasən Cavabdeh hər ay 130 manat qaytarmalı olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı iclasda izahat verərkən ilk iki ay cavabdehin borcundan 130 manat olmaqla ödəmələr etdiyini və ümumilikdə 260 manatın qaytarıldığını, daha sonra heç bir ödəmə etmədiyini göstərmişdir. Hazırda iddiaçı müqavilə üzrə ödənilməli borc məbləğinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) - (münasibətlər yaranan vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc haqqında müqavilə bağlanmaqla Cavabdeh iddiaçıdan borc aldığı 1300 (bir min üç yüz) manat məbləğində pulu hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürməsi, lakin öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyi icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış müqaviləyə əsasən qaytarmalı olduğu borcu vaxtında qaytarmadığı üçün İddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və qalıq 1040 (bir min qırx) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaya etirazını bildirməmiş, məhkəmə araşdırması zamanı iddiaçının izahatı ilə borc məbləğinin yalnız 260 manat hissəsinin qaytarılması halı müəyyən edilmişdir. Məhkəmə iddianın əldən çıxmış faydanın ödənilməsi və mənəvi zərəin tutulması hissələrində təmin edilməsini mümkün saymır. Belə ki, iddiaçı həmin hissələrdə iddianın əsaslılığını sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı nə əldən çıxmış faydanın nədən ibarət olmasını, nə də ki, cavabdehin hərəkətləri nəticəsində əsəb gərginliyi, psixoloji sarsıntı keçirməsini, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi hissələrində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1040 (bir min qırx) manat məbləğində pul, həmçinin ödənilmiş dövlət rüsumunun 30.40 (otuz manat, qırx qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1040 (bir min qırx) manat məbləğində pul vəsaiti və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar