Məhkəmə qərarları › İş №2(009)-1032/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1032/2022

28.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1032/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi M.Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 4192 saylı Sərəncamı ilə Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən torpaq sahəsi 4 nəfərə - X5, Cavabdeh2, İddiaçı və X6 paylı mülkiyyətinə verilmişdir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsinin ona aid hissəsində uzun illərdir ki, o, ev tikdirib ailəsi ilə birlikdə yaşayır. Faktiki olaraq anasından qalan mirası da yalnız o, qəbul etmişdir. Atası Cavabdeh2 anasından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini ona bildirmişdir. Həmçinin bildirmişdir ki, məhrum anasından qalmış miras əmlakı sənədləşdirmək üçün ən asan yolu odur ki, bütün varislər miras əmlakın onlara çatası payından imtina etsinlər və bu zaman Cavabdeh2 həmin miras əmlakı qəbul edib onu asanlıqla öz adına sənədləşdirə biləcək. Sənədləşdirdikdən sonra isə həmin mirasdan ona çatacaq payı ona bağışlayacaq. Ondan xahiş etmişdir ki, bunun üçün o, ünvan 1 getsin və mərhum X2ndan qalan bütün miras əmlaklardan ona çatası paydan imtina barədə ərizə yazsın. O, da atasının sözlərinə inanıb, ünvan 1 gedib xx.xx.2022-ci il tarixdə ərizə yazaraq həmin ərizədə xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etmədiyini, etmək niyyətində olmadığını, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini qeyd edib imzası ilə təsdiq etmişdir. Lakin bu hadisədən bir müddət sonra görmüşdür ki, atasının ona qarşı münasibəti dəyişmişdir. X1 qalmış mirasdan heç bir pay düşmədiyini, ondan nəsə tələb etmək hüququnun olmadığını bildirmişdir. Hal-hazırda ona qarşı elə bir vəziyyət yaranmışdır ki, atası onunla danışmaq, görüşmək belə istəmir. Artıq ona aydındır ki, o, aldadılmışdır və atasının ona söz verdiyi kimi anasından miras qalmış pay vermək niyyəti yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, onun Bakı şəhəri 28 saylı Notariat Ofisində, xx.xx.2022-ci il tarixdə yazdığı, X3 miras qalmış əmlakdan imtina etməsi barədə ərizəsi etibarsız hesab edilməlidir. Çünki o, həmin ərizəni yazmaq üçün aldadılmışdır. Əks təqdirdə heç vaxt belə bir ərizə yazıb, faktiki qəbul etdiyi miras əmlakdan ona çatacaq paydan imtina etməzdi. Göstərilənləri nəzərə alaraq iddiaçı onun xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 28 saylı Notariat Ofisində “X3 qalan miras əmlakdan ona çatası payı qəbul etməkdən imtina” barədə yazdığı **********159 nömrəli ərizənin tam olaraq etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, ərizə yazılan vaxtı nə atası, nə notarius onu aldatmamışdır. Atası onları notariusa apararkən evlə birlikdə olan torpağı ona, digərlərini o birisi övladlarına verdiyini demişdir. Problemlər sonra yaranmışdır. Belə ki, onun hazırda istifadəsində olan tikili ilə birlikdə torpaq sahəsi 2 sot təşkil edir, ona indi bildirirlər ki, payından artıq torpaq sahəsi üçün pul ödəməlidir, ona görə də o, həmin ərizəni etibarsız hesab etdirmək istəyir ki, anasından qalan ona düşən payı da alsın. Atası yaşlıdır, bütün işləri onun adından etibarnamə əsasında qardaşı edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının dedikləri yalandır, həqiqətə uyğun deyil. Torpaq sahəsi 3 yerə bölünüb, iddiaçıya torpaqla birlikdə orda olan tikili də verilib, digərlərinə yalnız quru torpaq verilib, torpaq sahələri hasarla bölünüb ayrılmışdır. İddiaçını heç kim aldatmayıb, iddiaçıdan heç kim pul tələb etmir. Atası 84 yaşında yaşlı kişidir, Nəzakəti necə aldada bilər. Göstərilənləri nəzərə alaraq cavbadehin nümayəndəsi iddianı rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhərb 28 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ünvanlanmış məktublarda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə JN-2850H KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4192 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində yerləşən 0,048 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X4, Cavabdeh2, İddiaçı, X6 mülkiyyətinə verilmişdir. İş üzrə İddiaçı tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli **********159 saylı ərizənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2nın ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmişdir, etmir, etmək niyyətində deyil. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Ərizə onun sözləri əsasında yazılmış və yazılanları öz imzası ilə təsdiq etmişdir. İş üzrə Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciət edərək 8İ-1159 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə təsdiq etdirdiyi X3 qalan miras əmlakdan İddiaçı çatası paydan imtina ərizəsini ləğv etməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizələri geri götürə bilməz. Bu səbəbdən mirasdan imtina ərizəsi ləğv edilə bilməz. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh iddiaçının doğma atasıdır. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4192 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində yerləşən 0,048 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X4, Cavabdeh2, İddiaçı, X6 paylı mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2nın ölümündən sonra onun miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməməsi, etmək niyyətində olmaması, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəməməsi barədə xx.xx.2022-ci il tarixdə notariat kontoruna ərizə vermişdir. İddiaçı tərəfindən verilmiş iddia tələbindən görünür ki, o, ona düşən miras paydan cavabdehin xeyrinə imtina etsə də, onunla cavabdeh arasında razılaşma olmuşdur və həmin razılaşmaya əsasən cavabdeh miras əmlakı öz adına keçirdikdən sonra iddiaçıya düşən payı bağışlama müqaviləsi əsasında ona bağışlayacaqdı. Lakin sonradan cavabdeh verdiyi sözü yerinə yetirməyəcəyini bildirmiş, bu səbəbdən də iddiaçı miras paydan imtina edilməsi ilə bağlı ərizənin geri götürülməsi ilə əlaqədar notariat kontoruna ərizə vermişdir. Lakin notariat kontoru imtinasını qəbul etməmişdir. Bu səbəbdən iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericiliyin tələblərinə əsasən mülki qanunvericilik mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Özündə bu münasibətləri ehtiva edən mülki hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitamının başlıca əsaslarından biri əqddir. Əqdin anlayışından görünür ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə – insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyir gercəkləşdirilməsi üçün ifadə edilməlidir. «İradə ifadəsi» deyimi altında iradənin insanın daxili aləmindən başqa şəxslərə çatacaq dərəcədə xaricə bəyan edilməsi anlaşılır. Şəxs öz istəyinə nail olmaq üçün başqaları ilə hüquq münasibətlərinə daxil olmalıdır. Buna görə də şəxs öz iradəsini başqalarına bildirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş ərizə birtərəfli əqddir və həmin ərizə hüquqi nəticəyə səbəb olduğundan, yəni miras əmlakdan imtina edilməsi cavabdehin miras əmlakdakı payının artmasına səbəb olduğundan, iddiaçı verilmiş ərizənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Lakin məhkəmə iclasında bu ərizənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (324.2). Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir(maddə 324.3). Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göstərilən Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd edilən Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. İşin faktiki hallarından göründüyü kimi iddiaçı anasından qalan miras əmlakın qəbulundan digər vərəsə olan atasının xeyrinə imtina etməsi ilə bağlı notariat qaydada ərizə tərtib etməsi və imzalanmasında onun həqiqi iradə ifadəsi olmuşdur. Həmin ərizə hər hansı təzyiq və ya aldatma yolu ilə yazılmamışdır. Məhkəmə iddiaçının miras əmlakdan imtina etməsinin əsası kimi atasının həmin əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirdikdən sonra ona çatmalı olan payı bağışlama yolu ilə ona qaytaracağı barədə vəd verməsi ilə əlaqələndirsə də, məhkəmə bu dəlilləri əsassız hesab edir. Belə ki, miras əmlakdakı iddiaçıya çatacaq payın əvvəlcədən qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında əldə edilmə mümkünlüyünü nəzərə alaraq məhkəmə gələcəkdə həmin payın xeyrinə imtina etdiyi vərəsə tərəfindən bağlışlama yolu ilə onun mülkiyyətinə verilməsini məntiqli hesab etmir. Yəni miras əmlakdan iddiaçıya çatacaq payın əldə edilməsinə iddiaçının iradə ifadəsi mövcud olsa idi, o, bu payın əldə edilməsini vərəsəlik yolu ilə həyata keçirə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (maddə 1268.1). Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir (maddə 1268.2). Məhkəmə hesab edir ki, iddiaçının miras əmlakdan digər vərəsənin xeyrinə yazdığı imtina ərizəsinin etibarsız hesab edilməsi ilə əlaqədar gətirdiyi dəlillər, eyni zamanda həmin ərizənin aldatma yolu ilə və iradəsinə zidd tərtib edilməsi məhkəmə iclasında öz təsdiqi tapmadığından, qaldırılan tələb əsassız hesab edilməli və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı iddiaçının xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 28 saylı Notariat Ofisində “X3 qalan miras əmlakdan ona çatası payı qəbul etməkdən imtina” barədə yazdığı **********159 nömrəli ərizənin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar