Məhkəmə qərarları › İş №2(009)-104/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-104/2022

24.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-104/2022 24.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məmmmədov Sabir Saleyeviçin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmmədov Sabir Saleyeviç Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 iyun 2012-ci il tarixdən hal-hazıradək olan dövr üçün 200.000 ABŞ dolları məbləğində olan pul vəsaitinə faizlərin (bank uçot dərəcəsinin) hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 25 ildir ki, tanıyır. Artıq aralarında münasibətlər yarandığından ona hörmətlə yanaşdığı üçün onun xahişi ilə ona bir neçə dəfəyə külli miqdarda borc pul vermişdir. 12 iyun 2012-ci il tarixdə Cavabdeh yenə ona 200.000 ABŞ dolları lazım olmasını bildirərək, ona həmin məbləğdə borc verməyini xahiş etdi və 12 iyun 2012-ci il tarixdə 200.000 ABŞ dolları borcun əvəzinə ünvan 1 ünvanda yerləşən sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsini ona pul borcunun əmalakla əvəz olunması barədə müqavilə bağladılar. Borc əvəzi kimi ona verdiyi ünvan 1 ünvanda yerləşən sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etdi. Lakin Cavabdeh ona bildirdi ki, ona olan 200.000 ABŞ dolları borcunu qaytarmayacaq və qeyri-yaşayış sahəsini onun adına keçirməyəcək. Buna görə də, məcbur olaraq mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdi. Səbail Rayon Məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Salayeviçin (onun) Cavabdeh qarşı Cavabdeh 200.000 ABŞ dolları məbləğində borcun, göstərilən borcun əvəzinə ünvan 2 ünvanda yerləşən sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilərək, həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına (onun adına) qeydə alınması barədə iddiası və Cavabdeh İddiaçı Salayeviçə (ona) qarşı 160 000 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Həmçinin Səbail Rayon Məhkəməsinin 2(009)-3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Əli-zadə Rasimə Əli-Əşrəf qızının cavabdeh İddiaçı Salayeviçə qarşı «müqavilənin etibarsız hesab edilməsi barədə» iddiası təmin edilərək, ünvan 3 ünvanında yerləşən, 82,8 kvm qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə dair Cavabdeh ilə İddiaçı Salayeviç arasında bağlanmış 12 iyun 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Səbail rayon məhkəməsinin 2(009)- 599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi və Səbail rayon məhkəməsinin 2(009)- 3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş apellyasiya şikayətləri əsasında işə apellyasiya məhkəməsində baxılması zamanı işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2017-ci il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə və Səbail rayon məhkəməsinin 2(009)- 3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilən məhkəmə aktları ilə onunla Cavabdeh arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, etibarsız əqdin qaydaları tətbiq edilməmişdir. Buna görə də, o, Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edərək, Cavabdeh 200.000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasım xahiş etdi. Səbail rayon məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Bakı Apellyaşiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onun apellyaşiya şikayəti təmin edilərək, Səbail rayon məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək, Cavabdeh 200.000 (iki yüz) min ABŞ dollarının (ödəniş günü gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı Saleyviçə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4847/2020 saylı, 11.11.2020-ci il tarixli qərarı ilə Bakı Apellyaşiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 12 iyun 2012-ci il tarixdən hal-hazıradək onun 200.000 ABŞ dolları məbləğində pulunu qaytarmaması yenidən mübahisələndirilə bilməz və həmin fakt yenidən sübut edilməməlidir (Azərbaycan Respublikası MPM-nin 82.3-cü mad.). Göstərilənlərə əsasən, Cavabdeh 12 iyun 2012-ci il tarixdən hal-hazıradək ona olan 200.000 ABŞ dolları məbləğində borcunu qaytarmadığından həmin məbləğə hesablanan faizləri (bank uçot dərəcəsi) ona ödəməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra,edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini, əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oğlu iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və eləcə də izah etmişdir ki, qanuna əsasən öhdəlyin əmələ gəlmə əsasları həm onun iştirakçıları arasında bağlanmış müqavilə ilə və həm də müqavilədə nəzərdə tutulmasa da, zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlir. AR MM-nin 449.1ci maddəsində özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi nəzərdə tutulmuşdur. 200.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi 12 iyun 2012-ci il tarixli müqavilə ilə nəzərdə tutlmuşdur. Həmin pul məbləğini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırıldığı halda borclunun bank uçot dərəcəsi ilə faizlər ödəməli olması Mülki Məcəllə ilə nəzərdə tutulmuşdur. Odur ki, borclu Cavabdeh borclu olduğu 200.000 ABŞ dolları məbləğində vəsaitin məbləğindən borcunu icra edəcəyi günədək borcun icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizlər ödəməyə borcludur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi əsasında icra vərəqəsi verilmiş və icra edilməsi üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Səbail rayon İcra Şöbəsinin icra məmurunun 10 fevral 2021-ci il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə borclu Cavabdeh tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmin qərar və bilidiriş borclu Cavabdeh nümayəndəsi tərəfindən 02 mart 2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Lakin Cavabdeh qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən ödəməli olduğu 200.000 ABŞ dolları məbləğində pul vəsaitini ödəməmiş, məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmış, həmin icra sənədinin icrasını qeyri-mümkün edən (aradan qaldıran) hərəkətlər etmişdir. Belə ki, borclu Cavabdeh tələbin onun əmlakına yönəldiləcəyini bilərək, 50-dən artıq daşınmaz əmlakını başqa şəxsin - baldızı (bioloji atası olduğu) X1 adına keçirmişdir. Borclu Cavabdeh göstərilən 50-dən artıq əmlaklarını özgəninkiləşdirməsinə dair hərəkətləri həqiqi iradə ifadəsi olmayıb, tələbin onun əmlaklarına yönəldilməsini aradan qaldırmaq xarakteri daşıyır. Bununla da tələbin borclunun əmlakına yönəldilməsi hesabına icra sənədinin icrasını qeyri-mümkün etmişdir. Cavabdeh İddiaçı 200.000 ABŞ dolları alarkən həmin məbləğə ehtiyacı olmuş və həmin məbləği iddiaçıdan aldıqdan sonra öz tələbatına sərf etməsi nəticəsində həmin pul məbləğindən faydalanmışdır. Belə olan halda, pul məbləğindən faydalanmanı sübut etmək vəzifəsi İddiaçı deyil, Cavabdeh üzərinə düşür. Ona görə ki, 200.000 ABŞ dolları məbləğində pul məbləğini Cavabdeh hansı məqsəd üçün almasını, həmin məbləği aldıqdan sonra həmin məbləği hara sərf etməsini və beləliklə də faydalanmasını yalnız Cavabdeh özü bilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-791/2021 saylı, 2021-ci il tarixli qərarında göstərilir ki, iddiaçıdan alınmış pul vəsaitni müddətdən artıq özündə saxlaması nəticəsində faydalanması halını sübut etmək yükünü iddiaçı daşıya bilməz. Əksinə, bu halda iddiaçıdan qəbul etdiyi pul vəsaitini müddətdən artıq özündə saxlamaqla faydalanmaması halını cavabdeh sübut etməlidir. Göründüyü kimi, Cavabdeh İddiaçı aldığı pul vəsaitini qanunsuz saxlaması (Cavabdeh 200.000 ABŞ dollarını məbləğində pul vəsaitni qaytarmadığı üçün İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir); - qaytarmaqdan boyun qaçırması (tələbin könüllü icrası barədə bildirişi aldıqdan sonra tələbi könüllü olaraq icra etməmişdir); - ödənilməsini digər şəkildə gecikdirməsi (icra sənədini icra etmək əvəzinə 50-dən artıq daşınmaz əmlakını özgəninkiləşdirmişdir ki, tələbin əmlaka yönədilməsi mümkün olmasın); - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplaması (aldığı 200.000 ABŞ dolları məbləğində pul vəsaitni ehtiyaclarına sərf etməklə faydalanması) tam sübuta yetirilir. Buna görə də, borclu Cavabdeh borclu olduğu 200.000 ABŞ dolları məbləğində vəsaitinin məbləğindən borcunu icra edəcəyi günədək borcun icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizlər ödəməyə borcludur. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi də əsassızdır. Belə ki, Azərbaycan Repsublikası MM-nin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 12.06.2012-ci il tarixli müqavilədə isə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməmişdir. Buna görə də həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulmalıdır. Göründüyü kimi, qanuna əsasən faizlərin ödənilməsi, o cümlədən Azərbaycan Repsublikası MM-nin 449-cu maddəsi ilə müəyyən edilmiş bank uçot dərəcəsi ıfə hesablanmalı olan faizlərin ödəniliməsi müddətin keçməsi ilə öhdəliyə xitam verilmir və iddia, müddəti ilə məhdudlaşdırılmır. Əksinə borclu üçün onun borcu ödəməməsindən asılı olaraq daha uzun müddət müəyyən edərək, bank uçot dərəcəsi ilə faizlərin ödənilməsi müddətini borc məbləğinin kreditora ödənildiyi günə qədər nəzərdə tutmuşdur. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və izah etmişdir ki, iddiaçının istinad etdiyi Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırki işdə iddiaçı kreditor deyil, yalnız xeyrinə dəqiq məbləğ tutulmasına dair icra sənədi olan tələbkardır. Bundan əlavə, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş mübahisənin əsasını təşkil etmiş “pul borcunun əmlakla əvəz olunması barədə” müqavilədə, nə də məhkəmə qətnaməsinin özündə tutulmalı olan pul vəsaitlərinin üzərinə faiz hesablanması və digər maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İddiaçının istinad etdiyi “pul borcunun əmlakla əvəz olunması barədə” müqavilədə öhdəliyin pozulması nəticəsində vurulmuş zərərə görə hər hansı məsuliyyət müəyyən edilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı tərəfindən Səbail rayon məhkəməsində (iş № 2(009)-2510/2021) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 iyun 2012-ci il tarixdən hal-hazıradək olan dövr üçün 111 ay üçün hər ayı 1000 manat hesabı ilə cəmi 111.000 manat məbləğində maddi ziyanın Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, Cavabdeh 60 000 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə iddia ərizəsində İddiaçı qeyd etmişdir ki: "....İddia tələbinin irəli sürülməsi zamanı verdiyim 200 000 ABŞ dollarından başqa digər tələblər (cərimə, dəbbə pulu, penya, cərimə və s.) irəli sürməmişəm. Odur ki, digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyimdən…hər gecikdirilən il üçün illik beş faiz ödəməyə borcludur.” Göründüyü kimi, iddiaçı hazırki iddia üzrə hər hansı tələb hüququnun olmadığını başqa iş üzrə verdiyi ərizədə etiraf etmişdir. Bundan əlavə, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra hərəkətləri icra məmuru tərəfindən həyata keçirilməli olduğundan və sonuncunun icra hərəkətlərinə qarşı cavabdeh tərəfindən “İcra haqqında” qanunda nəzərdə tutulmuş hər hansı maneə yaradılmadığından, bu barədə icra məmuru tərəfindən hər hansı qərar qəbul edilmədyindən, başqa sözlə, Cavabdeh təqsiri olmadığından ondan əlavə olaraq faiz məbləğlərinin tutulması tələbinin heç biri hüquqi əsası olmadığı aşkar görünür. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən icra sənədi üzrə 20 000 ABŞ dolları 02.12.2021-ci il tarixdə ödənilmişdir. Bu barədə iddiaçının özü tərəfindən də müvafiq qəbz imzalanmışdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulan faizlərin ödənilməsi ilə bağlı tənzimləmə Konstitusiya Məhkəməsinin aşağıda istinad edilən qərarındakı hüquqi mövqelər nəzərə alınmaqla həyata keçirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cümaddəsində göstərilmiş gəlirin, artıımın, bəhərin və ya sair maddi xeyrinin əməli gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cii maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.” X3 Məhkəməsinin də hüquqi mövqeyi ondan ibarət olmuşdur ki: ‘‘...Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cii maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.” Məhkəmənin nəzərinə çatdırır ki, həm yerli məhkəmələrin qanuni qüvvəyə minmiş qərarlarında, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında analoji tələblərlə bağlı iddiaların təmin edilməsindən imtina edilir. Türkiyə Respublikasının "xxxx" Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkəti cavabdeh S.X.Kazımlıya qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia qaldırılmışdı və cavabdehin təqsiri üzündən həmin pul vəsaitlərindən uzun müddət istifadə edə bilmədiyinə istinad etməklə, Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərə tutulmuş qaydada Mərkəzi Bankın uçot faiz dərəcələri ilə faizlər ödənilməsinə dair də tələblər irəli sürmüşdü. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09.07.2021-ci il tarixli, 2(103)- 5666/2021 saylı qətnaməsində məhkəmə qeyd etdi ki: ‘‘...Bununla yanaşı kollegiya hesab edir ki, 12.08.2014-12.06.2016-cı il tarixləri üzrə Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış faiz məbləğinin tutulması hissəsində ilk iddia əsassızdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.” Daha sonra Konstitusiya Məhkəməsinin 9 iyul 2009-cu il tarixli qərarına istinad edən apellyasiya məhkəməsi belə nəticəyə gəldi ki “...Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı siibut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplanması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir." İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Par və Hyodo Azərbaycana qarşı (ərizə № 54563/11 və 22428/15) işi üzrə 18 noyabr 2021-ci il tarixli qərarında Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək, iddia tələbinin onlardan qanunsuz alınmış pul vəsaitlərinin üzərinə faiz hesablanması hissəsinə münasibətdə qeyd etmişdir ki: “64. Ərizəçilərin tələb etdiyi hesablanmış faizlərə gəldikdə, Məhkəmə qeyd edir ki, həmin iddialar Mülki Məcəllənin mülki hüquq üzrə pul öhdəliklərinin icrasına aid aidiyyəti olmayan müddəalarına əsaslanırdı. Belə şəraitdə və lazımi kəmiyyətlə müəyyən edilmiş məbləğlərə dair hər hansı təsdiqedici sənədlərin olmadığı halda, Məhkəmə ərizəçilərin bu hissədəki iddialarını rədd edir.” Göründüyü kimi, iddiaçının Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməklə, ona ödənilməli olan pul vəsaitlərinin üzərinə faiz hesablanması tələbinin tamamilə əsassız olması Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan müddəaları, həmin Məcəllənin 449-cu maddəsinin şərh edilməsinə dair qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi, həmçinin həm yerli məhkəmələrin qanuni qüvvədə olan digər qərarları, həm də İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent xarakterli qərarları ilə dəfələrlə təsdiq olunmuşdur. Şərh edilənlər iddianın tamamilə əsassız olduğunu təsdiq edir. Ona görə də, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəfləri dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında 12.06.2012-ci il tarixdə bağlanmış Pul borcunun əmlakla əvəz olunması barədə müqavilədən görünür ki, Cavabdeh vətəndaş İddiaçı aldığı borc pul məbləğlərindən 200 000 ABŞ dollarının əvəzinə onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən sahəsi 82,8 kv.m.olan və dəyəri 200 000 ABŞ dolları olan qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə verir. İddiaçı vətəndaş Cavabdeh verdiyi borc pul məbləğlərindən 200 000 ABŞ dollarının əvəzinə Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən sahəsi 82,8 kv.m.olan və dəyəri 200 000 ABŞ dolları olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilməsi şərtini qəbul edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 nömrəli, 27 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1979/2019 saylı iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh 200 000 ABŞ dollarının (ödəniş günü gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı Saleyviçə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4847/2020 nömrəli, 11.11.2020-ci il tarixli qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 yanvar 2022ci il tarixli, 9/9572 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə 11.11.2020ci il tarixdən 200.000 ABŞ dolları pulun hal-hazırki dövr üçün (yəni 27.10.2021-ci il tarixli qərardadın tarixinədək) Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanan faiz məbləği illər üzrə, eyni zamanda ABŞ dollarının ekvivalenti Mərkəzi bankın müvafiq dövrü üzrə AZN-ə konvertasiya edilərək aşağıdakı kimi müəyyən edilir: ABŞ dolları ilə hesablanan faiz məbləği - cəmi 12120,83 ABŞ dolları. 2020-ci il üzrə hesablanan faiz məbləği -1336,0 ABŞ dolları; 2021-ci il üzrə hesablanan faiz məbləği-10784,83 ABŞ dolları. AZN ilə hesablanana faiz məbləği cəmi - 20695,14 manat. 2020-ci il üzrə hesablanan faiz məbləği -3069,44 manat; 2021-ci il üzrə hesablanan faiz məbləği-17625,70 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad edən iddiaçı, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh borc aldığı pulu qaytarmalı olduğu tarixdə qaytarmadığı və ona məxsus pul vəsaitini qanunsuz şəkildə özündə saxladığı üçün gecikdirilməyə görə bank uçot dərəcəsinə uyğun olaraq məbləğinin ödənilməsinə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “..həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama....Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdeh tərəfindən onun pul vəsaitinin qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplanması nəticəsində faydalanması, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyi üçün iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdeh tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəmə bildirir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, belə ki, AR Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilmiş müddət iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Məmmmədov Sabir Saleyevicin Cavabdeh qarşı pul tələbinə dair iddiaçı təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar