Məhkəmə qərarları › İş №2(009)-1069/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1069/2023

21.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1069/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi, şərəf və ləyaqətin müdafiə edilməsi tələbinə dair iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi, şərəf və ləyaqətin müdafiə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında olan mənzil onun mülkiyyətindədir. Həmin ünvanda qeydiyyatdadır və daimi olaraq həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Bunu hazırkı iddia ərizəsinə əlavə etdiyi mənzilə dair xx.xx.2008ci il tarixli ******* saylı Çıxarış vəsiqəsinin surəti ilə təsdiq edir. Hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş qonşuları Cavabdeh onu narahat edir. Belə ki, onların evlə arası az məsafəli olan yanbayan mənzilində qanunsuz tikinti aparmaq istəyir. Öz evinin qarşısını genişləndirmək, eləcə də əlavə olaraq ikinci mərtəbə tikmək istəyir. Belə olan halda onun evinin iki pəncərəsinin qarşısı bağlanacaq, gün düşməyəcək və havasızlıq olacaq. Onun evinin bütün su xətləri, su çəni, kanalizasiya turbaları, hamamdan keçən qaz turbası da həmin ara məsafədən keçir. Dəfələrlə o bir qonşu olaraq mövcud problemin həlli ilə əlaqədar müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Bu problem artıq illərdir ki, davam edir. Onların bu işləri hal-hazırda Bakı Apelyasiya Məhkəməsindədir. Belə olan halda, mart ayının 12-də, gecə saat 4:00 radələrində, cavabdeh şəxs olan qonşusu Cavabdeh atası ilə birgə həyətdə olan onların su çənini açaraq, çəndəki suyun axması ilə həyətini su bassın deyə şər atmaq üçün edib. Gecə yarısı səsə oyanan onlar pəncərələrinin qarşısında görərkən qorxuya düşdülər. Ondan soruşanda ki, bunu niyə edirsən o özünü itirdi. Ona dedi ki, o su çəni indi tam neytral yerdədir. O çənə nə o, nə onlar əl dəyə bilməzlər. Bu hərəkət qanuna ziddir. Çünki məhkəmə onların xeyrilərinə qərar qəbul edib. Daha sonra cavabdeh bununla bağlı apelyasiya şikayəti verib, iş hal-hazırda Bakı Apelyasiya Məhkəməsində olduğundan nə o tərəfdən, nə də onun tərəfindən o su çəninə əl dəyə bilməzlər. Bu hadisəni təsdiq olaraq səs yazmaları və telefonla çəkilmiş videoları məhkəməyə sübut olaraq təqdim edə bilər. Cavabdeh bununla bağlı olaraq dəfələrlə etiraz etməyinə baxmayaraq, etirazları və qanuni tələbləri cavabsız qalmışdır, heç bir müsbət nəticə əldə edilməmişdir. Bu müddət ərzində Cavabdeh onunla heç bir şəkildə ünsiyyətə girməmiş, yaranmış mövcud problemin aradan qaldırılmasına səy göstərməmiş, hadisədən peşmanlıq hissi keçirdiyini söyləməmiş, onunla razılığa gəlməyə çalışmamışdır, yəni qonşu kimi ona və ən əsası mövcud problemə laqeyid yanaşmışdır. Bildirir ki, Cavabdeh həmin evə köçəndən bəri iki-üç ay sonra qonşular əziyyət çəkib orada geyri qanuni işlər aparıb. Öz hesablarına kanalizasiya xətti çəkdirmişlər və o öz başına olaraq zorla onları hədəliyərək onların razılıqları olmadan başqa bir qonşuya ordan xətt verərək və əvəzində torpaq alıb. Onlara da əlavə olaraq 3000 (üç min) manat maddi ziyan vurub. Belə ki, məhəllələrində yaşayan Cavabdeh onlar məhəllə insanları onun bu hərəkətinə öz iradlarını bildirəndə isə heç kəsə məhəl qoymadan hər kəsi təhqir edirdi. Əlavə olaraq onu bildirir ki, Cavabdeh baxmayaraq ki, hərbiçidir, o heç bir səbəb olmadan ona qarşı sözlə ifadəsi ayıb olan söyüş və təhqirlərlə, əl hərəkətləri ilə onun şərəf və ləyaqətini alçaltdı. Həmin vaxt orada olan qonşular da ona öz iradlarını bildirdilər. Lakin Cavabdeh özünün çirkin hərəkətlərindən əl çəkməyərək, onu söyməyə, namusuna, şərəf və ləyaqətini təhqir edici sözlərlərlə alçaltmağa davam etdi. O, hicablı qadındır, anadır və ondan yaşda böyükdür. Hərbiçi olaraq o onların təhlükəzliyini necə təmin edə bilər. O artıq bu söz-söhbətlərdən bezmişdir. Baxmayaraq ki, miokard infaktı keçirtmişdir. Əməliyyat olunduğuna görə ona əsəb qətiyyən olmaz. Cavabdehin bu kimi qanunazidd hərəkətləri ona çox pis təsir etdiyi üçün mənəvi iztirablara məruz qalmışdır. Ona görə də, məcburdur məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etməklə, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 2-də istifadədə olan 0.04848 ha torpaq sahəsində yerləşən 6 ədəd 1 mərtəbəli, 15 otaqlı, 208.5 kv.m yaşayış,168.6 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı E tikilisi (3 otaq-y/s 46.9 kv.m, ü/s 67.9 kv.m.), Cabbarova Surayənin Q tikilisi (2 otaq-y/s 25.6 kv.m.,ü/s 47.2 kv.m.), X3 V tikilişi (2 otaq-y/s 19.2 kv.m., ü/s 36.4 kv.m.), X2 D tikilisi, X1 B tikilisi, X4 A tikilisi (2 otaq-y/s 38.0 kv.m.,) adlarına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafıə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli 7№-li qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Beləliklə, bu kateqoriyadan olan işlərə baxılarkən qanunverici iddiaçının üzərinə cavabdeh tərəfindən onun barəsində nəinki belə mənfi həkətlərin edilməsi faktını, eləcə də, onun şərəf və ləyaqətini ləkələyən məlumatların cəmiyyət arasında yayılması faktını da sübut etmək vəzifəsini qoyur. Ali Məhkəmənin 14 may 1999-cu il tarixli qərarında bu tip mübahisələrə baxarkən aydınlaşdırılması tövsiyyə olunmuş halları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı mülki işdə iddiaçının şərəf və ləyaqətini ləkələdiyini iddia etdiyi məlumatların yayılması faktı aşkar edilməmişdir. Eyni zamanda iddiaçı da həmin məlumatların cavabdeh tərəfindən üçüncü şəxs(lər)ə yayılmasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlar məhkəmədə belə qənaət formalaşdırır ki, Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında aydınlaşdırılması tövsiyyə olunmuş üç haldan ikisi – məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi və yayılması halları hazırkı işdə aşkar edilmədiyindən iddiaçının şərəf və ləyaqətin müdafiə edilməsi tələbi haqlı sayıla və təmin edilə bilməz. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etsə də, cavabdeh tərəfindən şərəf və ləyaqətini təhqir edici sözlərlərlə alçaltmasını, bunu təsdiq edə bilənlərin olduğunu göstərməmiş, istinad etdiyi halları təsdiq edən sübutları təqdim etməmiş, ləkələyici məlumatların yayılması üsulunu göstərməmişdir. Həmin halların olması isə, iddiaçı tərəfindən şərəf və ləyaqətin müdafiəsi və dəymiş mənəvi ziyana görə tutulması barədə iddia irəli sürülərkən mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7№-li Qərarında da Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi, şərəf və ləyaqətin müdafiə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi, şərəf və ləyaqətin müdafiə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar