Məhkəmə qərarları › İş №2(009)-1070/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1070/2023

31.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1070/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «evə istifadə hüquqlarına xitam verilməsi» tələbi barədə mülki işə 31 may 2023-cü il tarixdə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «evə hüququn itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdərək Cavabdeh Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, 23 C saylı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğlu X1 ilə 10 may 2017-ci ildə nikaha daxil olmuşdur. Cavabdeh qeyd ediləm evə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə onlar arasında bağlanılmış nikah pozulmuşdur. Cavabdeh uzun müddətdir həmin evdə yaşamır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda ifadə verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 185.5-ci maddəsinə əsasən isə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan: FM seriyalı 031792 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, 23 C saylı fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, 23 C saylı fərdi yaşayış evində qeydiyyatdadır. Səbail rayon Qeydiyyat Şöbsəinin 18 may 2023-cü il tarixli məktubundan görünür ki, X1 ilə X2 arasında 10 may 2017-ci il tarixdə nikah bağlanmışdır. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X2 arasında olan nikah 05 yanvar 2021-ci ildə 02 №-li akt qeydi ilə ləğv olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, 23 C saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2004-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış, Cavabdeh iddiaçının keçmiş gəlini olmuş, cavabdehlə iddiaçının oğlu X1 arasında nikah 10 may 2017-ci ildə bağlandıqdan sonra cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, 23 C saylı fərdi yaşayış evinə qeydiyyata alınmış, sonra isə iddiaçının oğlu X1 ilə Cavabdeh arasında olan nikah 05 yanvar 2021-ci il tarixdə ləğv olunmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli mənzilə hüquq münasibətləri onunla iddiaçının oğlu X1 arasında 2017-ci ildə nikahın bağlanmasından sonra Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, 23 C saylı fərdi yaşayış evinə qeydiyyata alındıqdan sonra yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Az. Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Az. Resp. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən gəlin mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o mülkiyyətində olan evdə cavabdehin qeydiyyatda qalmasına etiraz edir və bu səbəbdən onun həmin evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, 23 C saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməlidir. Eyni zamanda «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, 23 C saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, 23 C saylı fərdi yaşayış evindən yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün əsasdır. 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar