Məhkəmə qərarları › İş №2(009)-1076/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1076/2021

21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1076/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.000 manat borcun, 3.000 manat əldən çıxmış faydanın, 5.000 manat mənəvi zərərin, 100 manat hüquqi xidmətə görə ödənilmiş pulu və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 2019-cu ilin sentyabr ayında cavabdeh mənzilin sənədləşdirilməsi üçün təcili pul lazım olduğunu iddiaçıya bildirmiş və ondan borc istəmişdir. Cavabdeh iddiaçıya borcu qısa müddət ərzində qaytaracağını vəd etdikdən sonra iddiaçı ona 2019-cu ilin sentyabr ayında 10.000 manat, dekabr ayında isə 8.000 manat olmaqla ümumilikdə 18.000 manat məbləğində borc vermişdir. Lakin cavabdeh borcu qaytarmamışdır. Cavabdeh ona edilın zənglərə cavab verməyərək, qaçıb gizlənməkdədir.Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh iddiaçıdan ərizədə qeyd edildiyi kimi 2019-cu il tarixdə ümumilikdə 18.000 manat məbləğində borc almışdır. Aralarındakı şifahi razılaşmaya əsasən cavabdeh 2019-cu ilin dekabr ayında sonuncu dəfə 8.000 manat məbləğində borcu aldıqdan sonra ən geci 3-4 ay ərzində borcu qaytaracağını öhdəsinə götürmüşdür. Lakin bugünədək cavabdeh iddiaçıya heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçıdan borc pulu 2016-cı ildə almışdır. Həmin tarixdən 2020-ci ilin əvvəllərinə kimi aldığı borcun faizi olaraq iddiaçıya hər ay 1,170 manat məbləğində ödəniş etmişdir. İddiaçı ilə uşaqlıqdan rəfiqə olublar. Bu səbəbdən ona ödənişləri edərkən, heç bir qəbz almağa ehtiyac duymamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, o, Gülnarədən 18.000 manat məbləğində faizi ilə geri qaytarmaq şərtilə borc pul almış, sonradan borcdan hissə-hissə ödəmiş, hazırda isə maddi vəziyyəti ilə əlaqədar pul ödəyə bilməsə də, gələcəkdə ödəyəcəkdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan ümumilikdə 18.000 manat məbləğində borc pul alması hazırki halda işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 18.000 manat məbləğində borc almışdır. Cavabdeh izahatında sözügedən borc puldan müəyyən məbləğlərdə İddiaçı ödəniş etdiyini bildirsə də, bu halı sübut edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya qaytarmalı olduğu 18.000 manat məbləğində pul vəsaitini razılaşdırılmış müddətdə qaytarmaq öhdəliyini tam yerinə yetirmədiyi üçün, həmin məbləğ ondan tutularaq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbinin borcun qaytarılmasının gecikdirilməsinə görə əsas borca illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 3000 manat faiz məbləğinin tutulması hissəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.” Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, tərəflər arasında «Kredit Müqaviləsi» üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2020-ci ilin aprel ayından) hazırkı vaxtadək 12 aylıq dövr üçün 18.000 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 12 ay üçün 900 manat faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının mənəvi ziyana görə 5.000 manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 100 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən bu halı təsdiq edə biləcək hər hansı bir sənədə iş materiallarında rast gəlinməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismən təmin olunduğundan məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18.000 manat məbləğində pul vəsaiti, 900 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 18.900 manat məbləğində pul vəsaiti və həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar