Məhkəmə qərarları › İş №2(009)-1085/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1085/2022

01.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1085/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna (X12 3-cü şəxs qismində) qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair mülki işə 01 iyun 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsində yerləşən 2a saylı evin 26 nömrəli mənzilinin həbsdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 2(001)-1503/2018 saylı, xx.xx.2019- cu il tarixdə verilmiş icra sənədinə (“İcra sənədi”) əsasən borclu X4 ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla 42 702 ABŞ dolları məbləğində borc, əldən çıxmış fayda qismində 20 000 ABŞ dolları məbləğində və mənəvi zərərə görə 500 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan icra vərəqəsinin icrası zamanı aparılan icra tədbirləri çərçivəsində borclunun Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsi, ev 2 a ünvanında yerləşən 26 nömrəli mənzilinin üzərinə həbs qoyulmuş və mənzil borc tələblərinin ödənilməsi üçün açıq hərraca çıxarılmışdır. Qeyd olunan hərrac nəticəsində X8 qeyd olunan mənzili icra sənədi üzrə tələblərinin əsas hissəsini təşkil edən 105 000 (bir yüz beş min) manat dəyərində qəbul etmişdir. Hərrac təşkil edilməmişdən əvvəl icra məmuru daşınmaz əmlak üzərində yalnız bu icra işi ilə əlaqədar özü tərəfindən və özünün təqdimatı ilə Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə həbs qoyulduğunu bildirmişdir. Bununla yanaşı, Şəhriyar Şirinov qeyd olunan əmlakın vərəsəlik əsasında borclunun mülkiyyətinə keçdiyi və buna görə də birgə mülkiyyət hüququnun predmetini təşkil etmədiyi, eləcə də digər tələblər üzrə yüklü olmadığı barədə tələbkara məlumat vermişdir. Qeyd olunan bu halları və borclu tərəfindən 2 il ərzində könüllü və ya məcburi heç bir ödəniş edilmədiyini nəzərə alaraq X8 pul tələblərinin əvəzində əmlakın əldə edilməsinə yönəlik lazımi addımları atmış, o cümlədən hərracın keçirilməsi ilə əlaqədar bütün ödənişləri həyata keçirmişdir. Hərrac prosesi yekunlaşdıqdan sonra tələbkar İddiaçı daşınmaz əmlakın dövlət reyestri xidmətinə (ASAN Xidmət Mərkəzindəki aidiyyəti bölməsinə) müraciət etmişdir. Müraciət zamanı tələbkara şifahi olaraq daşınmaz əmlak üzərinə Bakı şəhəri Bməqədi Rayon Məhkəməsinin № 5(001)-363/2018 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarı ilə həbs qoyulduğu və buna görə də mülkiyyət hüququnun qeydiyyata alınmasının qeyri-mümkün olduğu bildirilmişdir. Qeyd olunan yüklülük barədə ətraflı məlumatın və müvafiq məhkəmə qərarının əldə edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə vəkil sorğusu ünvanlanmışdır. Qeyd olunan qərarla tanış olarkən məlum olur ki, Mənzil üzərinə həbs qərarı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı əsasında 09 yanvar 2016-cı il tarixində başlanmış ********* №-li cinayət işi üzrə qəbul edilmişdir. Müvafiq həbsin mövcudluğu Mənzili hərrac əsasında əldə edən T.X. Abbasovun mülkiyyət hüquqlarını həyata keçirməyə mane olduğundan müvafiq cinayət işinin başa çatıb-çatmadığı, çatmadığı təqdirdə isə həmçinin cinayət işinin hansı mərhələdə olduğu barədə məlumat əldə etmək üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəkil sorğusu ünvanlanmışdır. Vəkil sorğusunda həmçinin əmlakın həbsdən azad edilməsinin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən zəruri olduğu da bildirilmişdir. İki dəfə edilmiş müraciətə nəhayət Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cavab vermiş və hal-hazırda ********* nömrəli cinayət işinin davam etdiyini bildirmişdir. Həmin vaxt sorğularına cavab almaq üçün müvafiq cinayət işini aparan müstəntiq Ziyafət Quliyevin də qəbulunda olmuşlar, bu zaman prokurorluq əməkdaşı əmlakın həbsdən götürülməsi barədə məhkəməyə müraciət edilməyəcəyini şifahi olaraq bildirmişdir. Qeyd etmək lazımdır ki, Mənzil üzərinə həbsin qoyulması X13 tərəfindən 2013-cü ildə törədildiyi ehtimal olunan cinayət əməlləri ilə bağlı olmaqla gələcəkdə əmlak müsadirəsinin təmini məqsədi daşımışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən əmlak üzərinə həbs mülki iddianın və ya xüsusi müsadirəni təmin etmək məqsədilə edilir və xüsusi müsadirə məqsədləri üçün şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). İndiki halda isə müvafiq əmlak obyekti cinayəti törətməsi ehtimal olunan şəxsə deyil, onun qardaşı - X7 məxsus olmuşdur. Bundan başqa qeyd etmək lazımdır ki, həmin əmlak obyektinin 2013-cü ildə cinayət yolu ilə əldə edilməsi qeyri-mümkündür. Belə ki, ərizələrinə əlavə olunan arxiv sənədlərindən göründüyü kimi Mənzil X6 atası X3 məxsus olmuş və 2006-cı ildə o vəfat etdikdən sonra miras əmlak kimi uşaqlan X12 və X9 arasında 1/2 hissələrdə bölüşdürülmüşdür. 2014-cü ildə isə X9 atasından vərəsəlik qaydasında ona keçmiş Mənzil üzərindəki 1/2 hissədə paylı mülkiyyət hüququnu qardaşı X7 bağışlamışdır. İş üzrə faktiki hallardan və təsdiqedici sənədlərdən göründüyü kimi Mənzil nə müvafiq cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxsə məxsus olmuş, nə də cinayət yolu ilə əldə edilmişdir. Mənzil Azərbaycan Respublikasının cinayət qanunu ilə nəzərdə tutulmuş əmlak müsadirəsinin predmeti dairəsinə düşə bilməz və buna görə əmlak üzərində qoyulmuş həbs götürülməlidir. Bundan başqa Mənzil üzərində həbsin mövcudluğu vicdanlı sahib və mülkiyyətçi kimi X5 hüquqlarım kobud şəkildə pozur və məhdudlaşdırır. Yekun olaraq, sorğularına cavab olaraq həbslə bağlı ********* nömrəli cinayət işinin mövcud olduğu bildirilsə də əmlak üzərinə müvafiq həbs 09 yanvar 2016-cı il tarixində başlanmış ********* №-li cinayət İşi üzrə qoyulmuşdur. Göründüyü kimi, prokurorluq orqanları tərəfindən hal-hazırda əmlak üzərində həbsin mövcudluğu həbs qoyulması üçün əsas olmuş cinayət işi üzrə deyil, digər cinayət işi ilə əlaqədar məqsədəuyğun hesab edilir. Prokurorluq orqanının cavab məktubundan da aydın olduğu kimi, əmlak üzərinə həbs hal-hazırda istintaqı davam edən cinayət işi ilə əlaqədar qoyulmamışdır və indiki halda İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün Mənzil həbsdən azad edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarına əlavə olunmuş: RX seriyalı ******* Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsində yerləşən 2a saylı evin 26 nömrəli mənzili (yeni qaydalarla Binəqədi rayonu, X17 küçəsi 161, M4, mənzil1) X6 xüsusi mülkiyyəti kimi xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir. 19 mart 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsində yerləşən 2a saylı evin 26 nömrəli mənzili keçirilmiş hərracda 105.000 manat müqabilində İddiaçı tərəfindən əldə edilmişdir. Binəqədi rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli Qərarının surətindən görünür ki, X7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsində yerləşən 2a saylı evin 26 nömrəli mənzilinin üzərinə həbs qoyulmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və X1 Məcid Zeynalabdin oğlunun vərəsələridirlər. 18 oktyabr 2014-cü il tarixli Bağışlama müqaviləsinin surətindən görünür ki, X9 mənzil üzərində olan 1/2 hissədə payını X7 bağışlamışdır. AR CPM-nin 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd olunan maddədə əmlak üzərinə həbs qoyulmasını şərtləndirən tələb həm də ondan ibarətdir ki, bu tədbir cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Əmlak üzərinə həbs qoyulmasının əsası qismində mülki iddiaçının və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə dair əsaslandırılmış ehtimalların olması çıxış edir. Əmlak üzərinə həbs qoymanın hüquqi əsasını isə təxirəsalınmaz hallarda müstəntiqin, digər bütün hallarda isə məhkəmənin qərarı təşkil edir. CPM-nin 248.3-cü maddəsinə əsasən həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur. Məhkəmə əmlakın üzərində həbsin saxlanılması məsələsini həll edərkən həmin əmlakın mülkiyyətçisinin və ya qanuni sahibinin müəyyənləşdirilməsini vacib hesab edir. Məhkəmə qeyd edir ki, hüququn qanunun aliliyi və bərabərlik təməl prinsiplərinin tələblərindən çıxış edilərək, dövlətin mülkiyyət münasibətlərinə müdaxiləsi özbaşına olmamalı və cəmiyyətin mənafeyinin tələbləri ilə əsas hüquqların qorunması üçün zəruri şərtlər arasındakı tarazlıq pozulmamalıdır. CPM-nin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Məhkəmə iş materiallarında olan sənədlərə və yuxarıda göstərilən hüquq normalarına istinad edərək belə qənaətə gəlir ki, əmlaklar üzərinə həbs qoyulmasını şərtləndirən vacib əsaslardan biri məhz həmin əmlakların cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş olmasıdır. Lakin həbsdən azad edilməsi xahiş olunan mənzillərin məhz təqsirləndirilən şəxs Hafiz Məmmədovun törətdiyi cinayət yolu ilə əldə etmiş olduğu əmlak hesabına əldə edildiyi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, sözügedən əmlaklar Məmmədov Zeynal tərəfindən əldə edilərkən onun qardaşı Hafiz Məmmədov tərəfindən məlum cinayət əməli hələ törədilməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən mənzil cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş mənzil hesab edilməməli və bu səbəbdən bu mənzil həbsdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsində yerləşən 2a saylı evin 26 nömrəli mənzili həbsdən azad edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar