Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1103/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı1, Cavabdeh “X2 Mərkəzi” MMC-nin nümayəndəsi X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxxxxx» KB ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, X11, İddiaçı4, İddiaçı5 və İddiaçı3 («xxxxxxxx»KB ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) cavabdehlər «X2 Mərkəzi» MMC-yə və Cavabdeh2 MMC-yə qarşı «hesabatın, protokolun və müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X11, İddiaçı4, İddiaçı5 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş xx xxxx 2013-cü il tarixli 12-506 saylı “Əmlak qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın və cavabdeh «X2 Mərkəzi» MMC tərəfindən tərtib edilmiş xx xxx 2013-cü il tarixli, Y-141 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxx 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli qətnaməsi ilə cavabdeh X9 20 000 manat məbləğində əsas borcun, 7965,50 manat məbləğində faiz borcunun, 22,50 manat dövlət rüsumunun, 20 manat zəhmət haqqı, 10 manat dövlət rüsumunun, 247,50 manat hüquqi xidmət haqqı, cəmi 28265,50 manatın tutulub iddiaçı «xxxxxxxx» KB X18 ödənilməsi qət edilmişdir. Qətnamənin icrası üçün tutma xx xxxxxx 2012-ci il tarixli 138/2 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş onlara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15-ci binanın 29 saylı 4 otaqlı mənzilinə yönəldilməklə qətnamə icrası üçün Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Suraxanı rayon İcra və probasiya şöbəsinin müraciəti əsasında cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 MMC əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat” hazırlayaraq onun həmin 4 otaqlı mənzilinin dəyərini 55.000 manat qiymətləndirmişdir. Halbuki onların mənzillərinin həqiqi qiyməti Azərbaycan Respublikası “xxxxxxxxxxx” MMC Daşınmaz Əmlakın Texniki X3 ilə 110000 manat qiymətləndirilmişdir. Cavabdeh “X2 Mərkəzi” MMC-nin isə onlara hər hansı bildiriş göndərilmədən mənzillərini həqiqi bu günki qara bazar qiymətindən çox ucuz qiymətə 35063 manata satmaqla, “xxxxxxxx” KB X18 satılması barədə xx xxx 2012-ci il tarixli “Hərracın Yekunları üzrə Əmlakın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. İstər cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 MMC tərəfindən mənzillərinin həqiqi dəyəri qiymətləndirilərkən, istərsə də, cavabdeh “X2 Mərkəzi” MMC tərəfindən mənzilin hərracdan satılarkən onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada əvvəlcədən məlumat verilməmiş və iştirakları təmin edilməmişdir. Cavabdehlər birgə fəaliyyət göstərərək 20.000 manat məbləğində götürülmüş kredit borcun əvəzinə ailələrinin yeganə yaşadığı mənzili dəyərindən qat-qat aşağı qiymətləndirərək onları mənzillərindən məhrum etmişlər. Onlar Azərbaycan Respublikası Cavabdeh2 MMC və “X2 Mərkəzi” MMC-dən xx xxxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Bu barədə məhkəmə tərəfindən “xxxxxxxx” KB X18 məlumat verilmişdir. Həyat yoldaşı X12 ağır xəstə olduğu üçün, məhkəmə baxışlarında iştirak edə bilməmişlər. xx xxx 2018-ci il tarixdə X1 hipertenziya diaqnozu ilə dünyasını dəyişmişdir. Onlar verilmiş iddia ərizəsinin nəticəsi ilə maraqlananda, onlara məlum olmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi mülki işi baxılmamış saxlamışdır. Mülki işin bərpa edilməsi üçün müraciət etsələr də, xx xxxx 2019-cu il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5061/2016 saylı qərardadı ilə icraatın təzələnməsi barədə ərizələri təmin edilməmişdir. Hal-hazırda X10 ailə üzvləri ilə birlikdə adı gedən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15-ci binanın 29 saylı 4 otaqlı mənzildə birlikdə yaşayırlar. «xxxxxxxx» KB X7q qalan borcu könüllü olaraq ödəmək istəyirlər. Belə ki, adı gedən mənzili bir vərəsə kimi öz adına çevirib və həmin mənzili sataraq, banka qalan borcu tam ödəyərək qalıq qalan pula ailələri üçün yeni sığınacaq almağı nəzərə alırlar. Hesab edirlər ki, onların mənzillərinin dəyərinin cavabdeh tərəfindən qiymətləndirilməsi barədə olan hesabatları əsaslandırılmamaqla qərəzlidir, onların təqdim etdikləri rəy isə qanuni və əsaslıdır. Cavabdeh tərtib etdiyi rəy onların hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “X2 Mərkəzi” MMC-nin nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfə hərracın keçirilməsi barədə bildiriş göndərilmiş, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmuş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirilmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxxxxx» KB ASC-nin nümayəndəsi X17 iddianı qəbul etməyərək göstərdi ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15 mənzil 29 cavabdeh X12 «xxxxxxxx» KB ASC ilə bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. Hərrac Mərkəzi tərəfindən keçirilən iki hərracda alıcı olmadığına görə, ipoteka saxlayan “xxxxxxxx” KB ASC əmlakı 35063 manata almışdır. “xxxxxxxx” KB ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti məhkəmənin qətnaməsi ilə müəyyən olunmuşdur. İddiaçı tələbinin əsası kimi hərracın keçirilməsi barədə məlumatlı olmadığına istinad edir. Halbuki onun həmin istinadı əsassızdır, belə ki, hərracın keçirilməsi vaxtı ilə əlaqədar bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər iddiaçılar və Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməyərək, gəlməməyin səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə təmin olunmamalıdır. İş materiallarında olan AZ-İ 946980 saylı, xx.xx.2018-ci il tarixli öıüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxx 2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 saylı evin 29 saylı mənzili tam mülkiyyət hühüqu ilə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 MMC-nin 12-506 saylı, xx.xx.2012-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatdan görünür ki, X8 məxsus olan Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 saylı evin 29 saylı mənzilin bu günki günə ilkin qiyməti 55000 manat təşkil edir. İş materiallarında olan Y-141, xx xxx 2013-cü il tarixli hərracın nəticələri haqqında Protokoldan görünür ki, ipoteka saxlayan «xxxxxxxx» ASC X8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 29 saylı mənzilini 35063 manata almışdır. İş materiallarında olan və məhkəmə iclasında verilən izahatlardan aydın olur ki, mübahisəsi gedən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15 mənzil 29 X12 tərəfindən X13 “xxxxxxxx” KB ASC ilə bağlamış olduğu kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)-1069/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən iddiaçı «xxxxxxxx» KB ASC-nin iddia tələbi təmin edilərək, cavabdeh X9 cəmi 28265.50 manatın tutularaq “xxxxxxxx” KB ASC-yə ödənilməsi, tutmanın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 29 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq banka olan borcun ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 4344/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə “xxxxxxxx” KB ASC-nin iddiası təmin edilərək, cavabdehlər X12, İddiaçı1, İddiaçı4, X14, X11 və İddiaçı5 «xxxxxxxx» KB ASCnin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 29 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 29 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-42/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2825/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı1, İddiaçı4, X14, İddiaçı2 və İddiaçı5 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hərracın keçirilməsinin mövcud qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyini iddia etdiyindən, məhkəmə, öhdəlik münasibətləri, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və ləğvi ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. Mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 36-39-cu mad.). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci mad.). Qeyd olunan Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşı X12 və “xxxxxxxx” KB ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə əsasında başlanan icra proseduru çərçivəsində isə əmlak 55 000 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının mənzilə dair hərrac təşkilatının hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbini əsaslı hesab etmir. İddiaçının mənzilin hərracda satılmasına dair xx.xx.2013-cü il tarixli Y-141 saylı Protokolun etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan 319 saylı, xx.xx.2013-cü il tarixli, 648 saylı, xx.xx.2013-cü il tarixli hərrac bildirişlərindən görünür ki, “X2 Mərkəzi” MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini göstərməklə həmin bildirişi həm X8 (borclu), həm də “xxxxxxxx” KB ASC-nə (tələbkar) göndərilmişdir. Məhkəmə iclasında verilən izahatlardan və iş materiallarından aydın olur ki, mübahisəsi gedən evlə bağlı ilkin hərrac baş tutmadığından evin ilkin satış qiymətindən 15% aşağı, yəni 46750 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın xx.xx.2013-cü il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək bildiriş borcluya və tələbkara göndərilmişdir. İş materiallarında olan poçt xəbərnamələrinin kötüyündən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər xxxxxxxxxxxnin üzərinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-141 saylı protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən evin hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə X12 xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Bu qənaətə gələrkən məhkəmə, “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli əmlaın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bundan başqa, məhkəmə iclasında müəyyən olundu ki, hərracın keçirilməsi ilə əlaqədar «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən kütləvi informasiya vasitələrində elanlar dərc olunmuşdur. Məhkəmə yuxarıda şərh olunan halları müzakirə edərək və onlara müvafiq qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun xxxxxxxxxxxsindən geri almaq niyyətini təsdiq edir, halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (AR Mülki Məcəllənin 560.2-ci mad.). Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız dır və ona görə də, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1, X11, İddiaçı4, İddiaçı5 və İddiaçı3 («xxxxxxxx»KB ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) cavabdehlər «X2 Mərkəzi» MMC-yə və Cavabdeh2 MMC-yə qarşı «hesabatın, protokolun və müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1103/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1103/2020
21.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver