Məhkəmə qərarları › İş №2(009)-1109/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1109/2024

22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1109/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 22 may 2024-cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pulun və 40 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh 03 dekabr 2021-ci il tarixdə iddiaçıdan 2000 manat borc almışdır. Cavabdeh həmin məbləği yaxın vaxtlarda qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçı bundan sonra dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh borcu qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 03 dekabr 2021-ci tarixli borc müqaviləsi yazılmış qəbzin surətindən görünür ki, qəbzdə Cavabdeh İddiaçı 2000 manat məbləğində borc pul aldığı qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, cavabdeh iddiaçıya bankdan kredit götürə bilməyinə kömək məqsədilə ondan 2000 manat pul istəmişdir. İddiaçı öz növbəsində cavabdehə inanaraq həmin pulu cavabdehə vermişdir. Pulun verilməsində Şahmar özü şəxsən iştirak etmişdir. Cavabdeh o vaxtdan indiyə kimi həmin məbləğdən iddiaçıya heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, cavabdeh iddiaçıya bankdan kredit götürə bilməyinə kömək məqsədilə ondan 2000 manat pul istəmişdir. İddiaçı isə özünə məxsus heyvanı sataraq həmin pulu düzəltmiş və cavabdehə vermişdir. Pulun verilməsində Mənsim özü şəxsən iştirak etmişdir. Belə ki, həmin səhnəni video yazı vasitəsi ilə o özü şəxsən qeydə almışdır. İddiaçı tərəfindən təqdim olunmuş CD diskdə olan videoyazıdan görünür ki, iddiaçı cavabdehə pul vermiş, cavabdeh isə öz növbəsində həmin vəsaiti qəbul etmişdir. AR Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Hazırkı mübahisədən görünür ki, iddiaçı ərizəsində cavabdehə 2000 manat borc pul verdiyini qeyd etməsinə baxmayaraq, məhkəmə iclasında şahid ifadələri və eyni zamanda iddiaçının özünün şahidlərin bildirdiklərini təsdiqləməsindən təsdiq olunur ki, tərəflər arasında borc münasibətləri yaranmamışdır. Belə ki, cavabdeh iddiaçıya bankdan kredit götürməyə kömək edəcəyi vədi ilə ondan 2000 manat pul almışdır. Lakin sonradan həmin pulu qaytarmamış və bununla da iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus olmayan pul vəsaitini mənimsəməklə əsassız və heç bir hüquqi əsas olmadan varlanmışdır Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 2,000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2000 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar