Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1113/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı sənədin ləğv olunması, şəxsi hesabın iddiaçının adına sənədləşdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı sənədin ləğv olunması, şəxsi hesabın iddiaçının adına sənədləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh onun oğludur. O, ünvan 1 ünvandakı özbaşına tikilini X1 almış və oğlu Samirin adına sənədləşdirmişdir. Onun Suraxanı rayonunda evi var idi. Həmin evi o, “Bibiheybət” Neft və Qazçıxarma İdarəsində uzun müddət işlədiyinə görə idarənin verdiyi təqdimat əsasında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 30 saylı sərəncamı ilə almışdır. Əmircan qəsəbəsi, Bazar küçəsi (Malik Mustafayev), ev 16 ünvanda yerləşən həmin mənzilə dair ona xx.xx.2006-cı il tarixli, 002351 saylı order verilmişdir. 2010-cu ildə o, həmin mənzili özəlləşdirmiş və xx.xx.2011-ci il tarixdə X4 30.000 manata satmışdır. Həmin pulla ünvan 1 ünvandakı özbaşına tikilini X1 almış və tikilinin kirayəçisi kimi şəxsi hesab vərəqəsini (litsevoy şot) oğlu Samirin adına yazdırmışdır. 2016cı ildə Samir onun yaxın qohumu Könül ilə ailə qurmuşdur. Beləliklə, o, oğlu və gəlini ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. 2021-ci ildə oğlu əxlaqsız adamlara qoşulmuş, evə gəlməmiş, onu, həyat yoldaşını atmışdır. Artıq 3 ildən çoxdur ki, oğlu onlarla yaşamır. 2021-ci ilin aprelində isə oğlu məhkəməyə müraciət edərək Könül ilə rəsmi boşanmışdır. Nə qədər soruşsa da, nə evə gəlir, nə də bir məlumat verir. Evin bütün xərclərini o, çəkir, komunalları o, ödəyir. Mənzil kirayə müqaviləsinə dair sənəddə göstərilir ki, o, kommunal xərcləri ödəməli idi. Təəssüf ki, o, nəinki xərcləri ödəmir, övlad kimi üzərinə düşəni etmir, ona baxmır. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 2 ünvandakı özbaşına tikilinin Cavabdeh adına olan Şəxsi Hesabının və mənzil kirayəsi haqqında olan 17509 saylı, xx.xx.2012-ci il tarixli sənədin ləğv olunması, şəxsin hesabın və kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, evi o, alsa da, oğlu 4 ildir ki, evdən çıxıb gedib, kommunal xidmətlərlə bağlı xərcəlri o, ödəyir. Oğlu deyir ki, evdən çıxsın, evdə oğlu yaşamaq istəyir. Ona görə də evin sənədlərinin öz adına olmasını istəyir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi sənəd hüquqmüəyyənedici sənəd deyil. Yəni həmin sənəd evin Cavabdeh məxsus olmasını müəyyən etmir. Ona görə də hesab edir ki, qaldırılan iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə Bakı şəhər Bələdiyyələrinin sifarişi əsasında tərtib edilmiş Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair 2007-ci il tarixli hesabatın surətindən görünür ki, Bakı şəhəri, A.İsmayılov küçəsində yerləşən və özbaşına tikili olan 31 saylı evin sahibi X3 olmuş, 2003-cü ildə tikilmiş evin ümumi sahəsi 60,72 kv.m., sanitar qovşağının sahəsi 7,68 kv.m., daş hasarın sahəsi 1,64 kv.m. təşkil etmişdir. İş üzrə 149 saylı MKİS tərəfindən verilmiş 17509 saylı mənzil kirayəçisi haqqında məlumatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, özbaşına tikili olan A.İsmayılov küçəsi, ev 31 ünvan üzrə şəxsi hesab vərəqəsi ərizə əsasında kommunal xidmətləri ödəmək üçün xx.xx.2012ci il tarixdə Cavabdeh adına dəyişdirilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, özbaşına tikili olan ünvan 3 ilkin olaraq X2 istifadəsində olmuş, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Musayev küçəsində yerləşən 16 saylı evin 12 saylı mülkiyyətində olan mənzilini sataraq həmin özbaşına tikilini almışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 149 saylı MKİS-nin mənzil kirayəçisi haqqında 17509 saylı məlumata əsasən özbaşına tikili olan ünvan 3 ünvan üzrə şəxsi hesab vərəqəsi kommunal xidmətləri ödənilməsi üçün cavabdehin adına dəyişdirilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh onun oğludur. O, ünvan 1 ünvandakı özbaşına tikilini X1 almış və oğlu Samirin adına sənədləşdirmişdir. O, 2011-ci ildə Suraxanı rayonunda yerləşən özünə məxsus mənzilini 30.000 manata satmış, həmin pulla ünvan 1 ünvandakı özbaşına tikilini X1 almış və tikilinin kirayəçisi kimi şəxsi hesab vərəqəsini (litsevoy şot) oğlu Samirin adına yazdırmışdır. 2016-cı ildə oğlu ailə qurmuş və o, oğlu və gəlini ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. 2021-ci ildə oğlu əxlaqsız adamlara qoşulmuş, evə gəlməmiş, onu, həyat yoldaşını atmışdır. Artıq 3 ildən çoxdur ki, oğlu onlarla yaşamır. 2021-ci ilin aprelində isə oğlu məhkəməyə müraciət edərək həyat yoldaşı ilə rəsmi boşanmışdır. Mənzil kirayə müqaviləsinə dair sənəddə göstərilir ki, o, kommunal xərcləri ödəməli idi. Təəssüf ki, o, nəinki xərcləri ödəmir, övlad kimi üzərinə düşəni etmir, ona baxmır. Bu səbəbdən iddiaçı ünvan 2 ünvandakı özbaşına tikilinin Cavabdeh adına olan Şəxsi Hesabının və mənzil kirayəsi haqqında olan 17509 saylı, xx.xx.2012-ci il tarixli sənədin ləğv olunması, şəxsin hesabın və kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlak - Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən 31 saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qeyd edilən Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında" 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılmışdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti - əhalinin mənzilkommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzilkommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. İddiaçı mübahisələndirdiyi mənzil kirayəçisi haqqında məlumat barədə 149 saylı MKİS-də tərtib edilmiş sənədi aldığı evə dair hüquqmüəyyənedici sənəd kimi qiymətləndirərək onun ləğv olunması və həmin sənədin onun adına rəsmiləşdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının istifadəsində olan ev öz hüquqi statusuna görə özbaşına tikili olduğuna görə kommunal xidmətlərlə bağlı ödənişlərin yığımını həyata keçirən Mənzil-İstismar Sahəsində kommunal xidmətlərə görə haqqın kimdən alınmalı olması barədə məlumatı əks etdirən iddiaçının mübahisələndirdiyi sənəd həmin sənəddə adı qeyd edilən şəxsin həmin evə dair hüquqlarını müəyyən edən sənəd kimi qəbul edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının göstərdiyi kimi cavabdeh artıq həmin evdən köçüb getmişsə və kommunal xidmətlərlə bağlı ödənişlər onun tərəfindən həyata keçirilirsə, o, bu barədə Mənzil-İstismar Sahəsinə müraciət etməklə kommunal xidmətləri ödəyən şəxs kimi öz adını qeyd etdirə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi sənəd özbaşına tikiliyə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilmədiyindən, onun ləğvi ilə əlaqədar irəli sürülən tələb əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvandakı özbaşına tikilinin Cavabdeh adına olan Şəxsi Hesabının və mənzil kirayəsi haqqında olan 17509 saylı, xx.xx.2012-ci il tarixli sənədin ləğv olunması, şəxsin hesabın və kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1113/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1113/2024
04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver