Məhkəmə qərarları › İş №2(009)-1126/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1126/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1126/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 26 may 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1750 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ev əşyalarını satmaq məqsədilə lalafo internet portalına elan yerləşdirmişdir. 2023-cü ilin iyun ayında cavabdeh ona zəng vuraraq ev əşyalarını almaq istədiyini bildirmişdir və onlar görüşmüşdürlər. Cavabdehlə əşyaların (yataq mebeli, mis qazanlar, miz ləyənlər, stol, stul, geyim əşyaları, kostyumlar, dublyonka, norka papaq və s) dəyərini 1750 manat dəyərləndirmişdirlər. İddiaçı pulun bir aya hissə-hissə verilməsinə razılaşmışdır. Cavabdeh qeyd olunan əşyaları aparmışdır. Lakin cavabdeh vədinə əməl etməyərək, əşyaların pulunu verməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh əşyaların dəyərindən hazırki vaxta kimi cəmi 30 manat ödəniş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı və cavabdeh arasında vatsap proqramı vasitəsilə baş tutmuş danışıqların səs yazılarından görünür ki, cavabdeh iddiaçıya əşyaların dəyərini 1 ay ərzində ödəyəcəyini vəd etmişdir. Eyni zamanda cavabdeh sonradan bildirmişdir ki, evini satışa qoyub və satdıqdan sonra iddiaçının pulunu qaytaracaqdır. 16 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, özü də iddiaçı kimi əşyalarını satmaq üçün lalafo internet portalına elan yerləşdirmişdir. Bundan sonra Taleh zəng edərək əşyaları almaq istədiyini bildirdikdən sonra onlar görüşmüşdürlər. İddiaçı ilə Taleh iddiaçının əşyalarının dəyərini təqribən 1700 manat məbləğində qiymətləndirmişdirlər. Taleh həm ondan, həm də iddiaçıdan əşyaları nisyə yolu ilə almış və pulu 1 ay ərzində ödəyəcəyini bildirdikdən sonra əşyaların hamısını avtomobillə yığıb aparmışdır. Həmin vaxtdan Taleh əşyaların dəyərini ödəmir. Onlar əşyaların dəyərini Talehdən tələb etdikdə, Taleh onları təhqir edir və ödəməkdən yayınır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh ilə iddiaçı razılaşmışdırlar ki, iddiaçı cavabdehə məişət avadanlıqlarını nisyə şəkildə satacaq, cavabdeh isə həmin əşyaların dəyərini iddiaçıya hissə-hissə ödəyəcək. Cavabdeh razılaşdırılmış məbləğdən ümumilikdə iddiaçıya 30 manat məbləğində ödəniş etməsinə baxmayaraq, üzərinə düşən öhdəliklərini tam yerinə yetirməyərək, razılaşdırılmış məbləği iddiaçıya geri qaytarmamışdır. Sözügedən əqdin mahiyyəti və onun əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqısatqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan şifahi nisyə alqı-satqı müqaviləsi üzrə aldığı əşyanın dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçının həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Beləliklə, iddiaçının özünün də bildirdiyinə görə cavabdeh 1750 manat puldan cəmi 30 manat iddiaçıya ödəniş etmişdir. Bu səbəbdən razılaşdırılmış məbləğdən ödənilmiş məbləğ çıxılmaqla yerdə qalan 1720 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1720 (bir min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar