Məhkəmə qərarları › İş №2(009)-1139/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1139/2021

14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1139/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nəsimi rayon Poçt İdarəsinə, Cavabdeh2 MMC qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Nəsimi rayon Poçt İdarəsinə, Cavabdeh2 MMC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zeynəb ... və Emin Əfəndiyevin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərər üçün 1000 manat və mənəvi zərər üçün 1500 manat pulun tutularaq İddiaçı ödənilməsi və ünvanına göndərilən məktubların poçt qutusuna salınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanın poçt qutusuna məktub bildiriş və sair kimi sənədlər daxil edilsə də, son 6 aydır ki,sadə və sifarişli məktublar poçt qutusuna daxil edilmir. Bildirir ki, məktubların poçt qutusuna salınmaması ilə bağlı bir neçə yerə müraciət etsə də, istədiyi nəticəyə nail ola bilməmiş və o bu müddət ərzində stress, əsəb keçirmiş, xəstəlik tapmış, sol gözü 0.8% sağ gözü isə 50% görmə qabiliyyətinə düşmüşdür. İddiaçı hesab edir ki, ona maddi ziyan olaraq 1000 AZN və mənəvi ziyan olaraq 1500 AZN vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.01.2021 tarixli aktdan görünür ki, İddiaçı daimi olaraq məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev No 233 A-da yaşayır. İş materiallarında olan AZE No00****** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixində Ermənistan Respublikası, Qafan şəhərində anadan olmuşdur. Poçt rabitəsi Qaydalarına əsasən vətəndaşlara ünvanlanmış aşağıdakı poçt göndərişləri evlərə çatdırılır. Vətəndaşların evlərinə ünvanlanan sadə məktublar, poçt vərəqələri, banderollar, xəbərnamələr və bağlamaların birinci bildirişləri ünvançıların poçt abunə qutularına salınır. Sifarişli məktublar, poçt vərəqələri, banderollar, xəbərnamələr (“Şəxsən verməli” qeydli məktub və poçt vərəqələri, “Məhkəmə çağırışları”, beynəlxalq sifarişli məktub və banderollar istisna olmaqla) teleqraf pul baratının teleqrafla xəbərnaməsi, alıcının yetkinlik yaşına çatmış ailə üzvünə və ya onun, ərizəsinə əsasən, ev (mənzil) qonşusuna verilə bilər və yaxud abunəçinin poçt qutusuna salına bilər. Həmin Qaydaların 144-cü bəndinə əsasən vətəndaşların adına ünvanlanmış sadə poçt göndərişlərinin alınması üçün ilkin bildirişlər (poçt müəssisələrində veriləsi teleqraf baratlarının bildirişlərindən, “Putyovka ilə”, “Biletlə”, “Sənədlərlə” qeydli qiymətli məktublardan başqa) abunə qutuları vasitəsilə imza etdirilmədən verilir. Həmin Qaydaların 145-ci bəndinə əsasən sifarişli göndərişlər, o cümlədən beynəlxalq, hökuməti (sadə və sifarişli), sifarişli xəbərnamələr, teleqraf baratlarının ödənilməsi haqqında “Xəbərnamələr”, teleqraf baratlarının ilkin bildirişləri, “Putyovka ilə”, “Biletlə”, “Sənədlərlə” qeydli qiymətli məktublar, hüquqi şəxslərə ünvanlanmış, bağlama və qiymətli banderollar, həmçinin ikinci dəfə yazılan bildirişlər ünvançılara F.8 kitabında imza etdirməklə verilir. Həmin Qaydaların 149-cu bəndinə əsasən əgər ünvançı göndərişdə göstərilən ünvanda yaşamırsa, müvəqqəti yoxdursa və ya yeni yaşayış yerinə köçübsə poçt müəssisəsi poçtalyona, yaxud başqa işçiyə sorğu mərkəzləri, mənzil-istismsar sahələri, yerli icra və yerli özünüidarə orqanları vasitəsi ilə ünvançının yeni yaşayış yerini aydınlaşdırmağı həvalə edir və nəticəsinə uyğun olaraq həmin işçi öz imzası ilə F.20 arayışı tərtib edir, F.20 arayışı çatdırılmayan məktub və ya banderolun ünvan yazılmayan hissəsinə yaxud poçt kartının ünvan tərəfinə yapışdırır. Ünvançını axtarmaq üçün bütün tədbirlər görüldükdən sonra, verilməmiş göndəriş geriyə, üstündə yazılan ünvana qaytarılır. Əgər göndəricinin ünvanı olmazsa bu zaman poçt göndərişi F.20 arayışı ilə birlikdə paylanmamış göndərişlər siyahısına salınır və hər ayın axırında poçtamta verilir. Həmin Qaydaların 150-ci bəndinə əsasən poçt müəssisəsində qəbul edilmiş sadə və sifarişli poçt göndərişləri təyinat yerinə göndərilməmişdən əvvəl göndəricinin yazılı ərizəsinə əsasən ona qaytarıla bilər. Bunun üçün göndərici ona verilmiş qəbzin əslini, F.103 siyahısını (əgər varsa) ərizəyə əlavə edir. Ərizə verən şəxs göndərişi geri alarkən pasportunu təqdim etməlidir ki, poçt işçisi göndərişin həqiqətən ona məxsus olduğuna əmin olsun. Göndərişin müştəriyə geri verilməsi barədə sərəncamı poçt müəssisəsinin rəisi (müavini) verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından isə mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia təmin olunmamalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddianın mənəvi zərər hissəsinə gəlincə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 2-ci bəndinə görə: “Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Bununla bağlı iddiaçı hər hansı sübut təqdim etmədiyindən təmin edilməməlidir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 2 ünvanına göndərilən bütün növ məktublar poçt qutusuna salınması hissəsində iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdeh tərəfindən maddi və mənəvi ziyan dəyməsi halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından, irəli sürülmüş bu iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanına göndərilən bütün növ məktublar poçt qutusuna salınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar