Məhkəmə qərarları › İş №2(009)-1175/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1175/2025

11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1175/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mirzəyeva Turanə Seymur qızının katibliyi, İddiaçınin iştirakı ilə İddiaçınin Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 1000 manat, mənəvi ziyana görə 5000 manat pulun barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırmışdır ki, iddiaçı 16 aprel 2025-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclası zamanı cavabdeh tərəfindən fiziki zorakılığa və təhqiredici rəftara məruz qalmışdır. Hadisədən dərhal sonra iddiaçı tibb müəssisəsinə müraciət etmiş, tibbi ekspertizadan keçmiş və boyun, bel və boğaz nahiyələrində zədələr müəyyən edilmişdir. Həkim rəyi əsasında ona 7 gün müddətinə istirahət və müalicə təyin olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, işin hallarını və dəlillərini araşdırıb, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ediməlməlidir. Belə ki, iş materiallarında olan: X6 Center MMC-nin 18 aprel 2025-ci il tarixli arayışında qeyd edilir ki, Nəcəfzadə Maniyanın boyun fəqərələrinin iki proyeksiyasında çəkilmiş R-qrammasında boyun lordozu düzəlib, fəqərə arası məsafələr daralıb, qabarıb, fəqərə cisimlərinin kənarları və unko vertebral çıxıntılar itiləşib, toxunan səthlərdə subxondral skleroz müəyyən olunur. xx.xx.2025-ci il tarixli arayışda qeyd edilir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə klinikada müayinələrdən keçmişdir. Ümumi miyulgiya+actirulgiya və nevrologiya əlamətləri aşkar edilmişdir.Medikomentoz müalicə ilə yanaşı 7 gün istirahət məsləhət görülmüşdür. 16 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında tərəflər arasında olan münaqişənin videogörüntüsünü nəzərdən keçirərkən müəyyən olunur ki, iddiaçı bınanın çıxış qapısının yaxınlığında olarkən cavabdeh qəfildən iddiaçının üzərinə gedir və ona toxunduqdan sonra iddiaçı özünü geri atır. Daha sonra polis əməkdaşı hadisəyə müdaxilə edir və cavabdehi inzibati binadan kənarlaşdırır. Yasamal rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin təhqiqatçısı X2 13 ay 2025-ci il tarixli təkrar məhkəmə-tibbi ekspertiza təyin edilməsi barədə qərarından görünür ki,, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin 292 saylı rəyində qeyd edilir ki, X1 bədənində aşkar edilmiş xəsarətlər-boyun nahiyyəsinin sağ səthinin sıyrıqları və sağ süd vəzinin qançırları küt yaranma mexanizmə malik olub, rəng göstəricilərinə və xarakterinə görə sıyrıqların törənmə müddətləri 17 aprel 2025-ci il tarixdə müayinəsindən 4-6 gün əvvələ, qançırların isə 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan zərər xəsarətlər aid olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin lokalizasiyasını, xarakterini və əlçatan nahiyyəsində yerləşməsini nəzərə alaraq demək olar ki, bu xəsarətlər müxtəlif şəraitlərdə, həmçinin şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri inkar edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qanunun deliktlə bağlı normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Hazırki işdə bu 3 şərtin hər biri mövcuddur. İşin hallarını qeyd olunan maddi hüquq normasının tələbləri ilə yanaşı yoxlayarkən deliktlə bağlı normanın tətbiqi üçün mövcud olan şərtlərin hazırki işdə mövcud olmadığı müəyyən olunur. Belə ki, mülki hüquq pozuntusunun tanınması üçün baş vermiş pozuntu nəticəsində şəxsiyyətə zərər vurulmalı, habelə nəticə və səbəb arasında əlaqə olmalıdır. Başqa sözlə baş vermiş hüquq pozuntusu nəticəsində şəxs zərər görməlidir. Tərəflər arasında baş vermiş münaqişənin videogörüntüsünü təhlil edərkən müəyyən olunur ki, cavabdeh iddiaçıya yaxınlaşaraq ona sərt olmayan yüngül bir toxunuş edir və iddiaçı bundan sonra geri çəkilir. Cavabdehin iddiaçıya bu hərəkətdən artıq sağlamlığına zərər vura biləcək hər hansı bir hərəkətə yol verdiyi müəyyən olunmur. Görüntüdən eyni zamanda müəyyən olunur ki, iddiaçı cavabdehin həmin hərəkətindən sonra sağlamlığı zərər görən şəxs kimi davranmır, yəni ki, yerə yıxılmır, harasa çırpılmır. Əksinə polis əməkdaşı cavabdehi inzibati binadan kənarlaşdırdığı zaman iddiaçı onun arxasınca gedərək, narazılığını bildirir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı edilən hərəkət şəxsin sağlamlığına zərər vura biləcək bir hərəkət olmamışdır. İddiaçının təqdim etdiyi kliniki arayışlardan da görünür ki, iddiaçıda hipertoniya və miyalgiya ilə bağlı şikayətlər olmuşdur. Hipertonia qan təzyiqi ilə bağlı, miyalgiya isə əzələ ağrıları ilə bağlı şikayət olmaqla hər bir şəxsdə yaranacaq biləcək narahatlıqlardır. Eyni zamanda klinik arayışlardan görünür ki, iddiaçı bu şikayətlərlə bağlı həkimə hadisə baş verdikdən 2-3 gün sonra müraciət etmişdir. İddiaçıda qeyd olunan narahatlıqların həmin ötən müddət ərzində başqa əsaslardan keçirdiyi əsəb, stress yaxud ağır yük götürmə səbəbindən yaranması ehtimalı da istisna edilə bilməz. Fiziki zorakılıq bir insana bilavasitə fiziki zərər vurmaq və ya güc tətbiq edərək onu incitməkdir. Bu hallara şiddətli döymə, vurmaq, hər hansı vasitə ilə bədənə zərər vermək, boğmaq kimi hallar aiddir. Hazırki işdə qeyd olunan halların heç biri müşahidə edilmir. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının sağlamlığında müşahidə olunan narahatlıqların cavabdehlə aralarında baş vermiş münaqişə nəticəsində yarandığı müəyyən edilmir. Mənəvi ziyanın ödənilməsinə dair iddia tələbini araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi də təmin edilməməlidir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən fiziki zorakılığa məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar