Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1183/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili, iddiaçılar X2 və İddiaçı3 vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, X2 və İddiaçı3 – Cavabdeh qarşı “mənzilin satılması və satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X7 və İddiaçı3 – Cavabdeh qarşı “mənzilin satılması və satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və cavabdehin paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 3 mənzil 10.11.12 yerləşən ümumi sahəsi 117 kv.metr olan mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********1 qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 3 mənzil 10.11.12 yerləşən ümumi sahəsi 117 kv.metr olan mənzilin paylı mülkiyyət hüququ ilə ¼ hissədə - İddiaçı2, ¼ hissədə - Baş Ləmən Tahir qızının, 3/16 hissədə - X3 və ¼ hissədə isə Cavabdeh adma qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 məxsus mülkün 1/16 hissəsi açıq saxlanılmışdır. Paylı mülkiyyətçilər olaraq onlar mənzilin real şəkildə mülkiyyətçilər arasında bölmək qərarına gəlmişlər, lakin mənzilin real şəkildə bölünməsi qeyri-mümkün olduğu üçün həmin mənzili satıb əldə olunan pulların bölünməsi barədə razılığa gəlmişlər. Lakin cavabdeh onların mülkiyyət hüquqlarını kobud surətdə pozaraq mənzilə olan əmlak hüquqlarının həyata keçirilməsinə mane olur. Cavabdeh bütün mənzili təkbaşına zəbt etmiş, onları həmin mənzili idarə etmək, ondan istifadə etmək habelə üzərində sərəncam vermək hüquqularından istifadə etməklərinə imkan vermir. Ona görə, onlar cavabdehə müraciət edərək real bazar qiyməti üzrə mənzilin qiymətləndirilməsini və mülkiyyət paylarına mütənasib olaraq onların pullarının ödənilməsini və mənzili təkbaşına mülkiyyətinə keçirilməsini xahiş etmişlər, lakin cavabdeh onların pullarını ödəmək imkanında olmamasını bildirərək bu təkliflərini rədd etmişdir. Bundan sonra, mübahisəli mənzili üçüncü şəxsə satıb, əldə olunan pulları mülkiyyət paylarına mütənasib şəkildə aralarında bölünməsini cavabdehə yenidən təklif etmişlər, lakin o, onların bu təklifini də qəbul etməmişdir. O, mənzili zəbt edib oranı təkbaşına istifadə etməyə davam edir. Mübahisənin başqa yolla həll edilməsi imkanları bitdikdən sonra onlar məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun məzmunda izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, evin satılacağı zaman ona çatacaq pulla yeni mənzil ala bilməyəcəyini, hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını, başqa yaşayəş yeri olmadığını, aralarında razılaşma əldə edilmədiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçılar X7 və İddiaçı3 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh iddiaçıların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 187086 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2021-ci il tarixdə 1110 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Bakı, Xətai, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1dır və o miras əmlakdan 3/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2022 tarixdə X6 verilmiş **********67-05101- 093007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 117 kv/m olan mənzildən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********N130312 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Qeyd: miras əmlakın qalan 1/4 hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarına əlavə edilmiş ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 3 mənzil 10,11,12 yerləşən ümumi sahəsi 117 kv.metr olan mənzil paylı mülkiyyət hüququ üzrə ¼ hissədə X2, ¼ hissədə İddiaçı3, 3/16 hissədə İddiaçı1 və 5/16 hissədə Cavabdeh adına qeydiyyata alınmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras əmlakı olan ünvan 2 ünvanında yerləşən mənzil vərəsələr arasında bölünmüş və Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 3 mənzil 10,11,12 yerləşən ümumi sahəsi 117 kv.metr olan mənzil paylı mülkiyyət hüququ üzrə ¼ hissədə X2, ¼ hissədə İddiaçı3, 3/16 hissədə İddiaçı1 və 5/16 hissədə Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda iddiaçılar İddiaçı1, X7 və İddiaçı3 Cavabdeh qarşı “mənzilin satılması və satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və cavabdehin paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 3 mənzil 10.11.12 yerləşən ümumi sahəsi 117 kv.metr olan mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. - 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. - 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz”. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi əvvəlcə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, payın naturada ayrılması mümkün olmadığı təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Yalnız bundan sonra ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, paylı mülkiyyətçi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Qanunvericiliyə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasının üsul və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisinə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququ verilir. Payın naturada ayrılmasına yol verilmirsə və ya payın ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb edə bilər. Hazırki işin halları isə, ondan ibarətdir ki, iddiaçılar paylarının açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl etməmişdir. Belə ki, əvvəla iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən mübahisəli evin naturada bölünməsini təklif etməmişlər, bu mümkün olmadığı halda, öz paylarının dəyərinin ona ödənilməsini tələb etməmişlər. Bununla da, mülki qanunvericiliyin hazırki iddia ilə müraciət edilməsi üçün təsbit etdiyi ardıcıllığa riayət edilməmişdir. Məhkəmə iddia tələbində göstərilənlərə əsasən qeyd etməyi zəruri sayır ki, iddiaçılar Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl edildikdən sonra hər bir payçı ( və ya payçılar) digər payçıları da cavabdeh kimi cəlb edərək öz payının (paylarının) açıq hərracdan satılaraq bölünməsi baradə iddia qaldıra bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, X2 və İddiaçı3 – Cavabdeh qarşı “mənzilin satılması və satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, X2 və İddiaçı3 Cavabdeh qarşı “mənzilin satılması və satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1183/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1183/2022
25.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver