Məhkəmə qərarları › İş №2(009)-120/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-120/2021

12.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-120/2021 12.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mülkiyyət hüququnun təmin edilərək, mülkiyyət hüququndan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun təmin edilərək, mülkiyyət hüququndan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş mehmanxana (otel) binasının cavabdehin hesabına sökülməsi, əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yerin bərpa edilməsi, mənzilinin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün ona dəymiş maddi zərərin əvəzi kimi 50000 (əlli min) manat məbləğində pulun, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 100.000 (yüz min) manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun, ümumilikdə 150 030 (bir yüz əlli min otuz) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı 37 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Bu barədə mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınaraq ona 12.02.2005-ci il tarixli, 223909 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Müəyyən müddət əvvəl mülkiyyətində olan və yaşadığı qeyd olunan mənzilə yaxın məsafədə, ünvan 1 ünvanında Cavabdeh tərəfindən dördmərtəbəli otel binasının tikintisi həyata keçirilmişdir. Yaşadığı üçmərtəbəli binaya yaxın məsafədə Cavabdeh tərəfindən dörd mərtəbəli qeyriyaşayış binasının (otel) inşa edilməsi nəticəsində mənzilinin divarlarında, tavanında çatlar yaranmışdır. Əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yer cavabdeh tərəfindən zəbt edilmiş və hazırda mövcud deyildir. Hər hansı bir fövqəladə hal baş verəcəyi təqdirdə, mənzilinə FHN əməkdaşlarının girməsi demək olar ki, mümkün deyildir. Eyni zamanda onun tərəfindən binanın damına nəzarət etmək, eləcə də orada zərurət olacağı təqdirdə hər hansı bir təmir işlərinin aparılması qeyri-mümkündür. Cavabdeh tərəfindən görülmüş qanunsuz işlər nəticəsində yağan yağışlar bilavasitə evin divarlarını sıradan çıxarmışdır. Həmçinin cavabdeh tərəfindən tikilmiş bina onun mənzilinə düşən təbii günəş işığının qarşısını alaraq, mənzilinin təbii havalandırlmasında da problemlər yaratmışdır. Göstərilən səbəblərə (divarların çat verməsi, nəmişlik çəkməsi, eləcə də görülən işlərin səs-küyü səbəbinə) görə hazırda mülkiyyətində olan qeyd olunan mənzildə yaşamağı qeyri-mümkündür. Ümumiyyətlə isə qeyd etmək istəyir ki, cavabdeh tərəfindən tikinti işləri aparılmazdan əvvəl, həmin ərazidə söküntü işləri aparılan vaxtdan mənzildə yaşamaq qeyrimümkün olmuşdur. Söküntü işləri aparılan zaman mənzilində olan kondisioner də qısaqapanma nəticəsində sıradan çıxmışdır. Həmçinin bildirir ki, binanın sağ tərəfində qonşu ilə onun arasında olan taxta arakəsməyə bitişik ondan icazəsiz olaraq beton divar qaldırılmışdır ki, buna görə də yağan yağıntıların hamısı evin içərisinə damır. Göstərilənlərlə bağlı aidiyyatı dövlət qurumlarına və vəzifəli şəxslərə çoxsaylı müraciətlər edilmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən dördmərtəbəli qeyri-yaşayış binası (otel) inşa edilərkən şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmuşdur ki, bunun nəticəsində də onlara zərər dəymişdir. Tikinti işləri aparılarkən şəhərsalma və tikinti normaları ilə müəyyən edilmiş binalar arasındakı məsafəyə dair qaydalara da riayət edilməmişdir. Onun tərəfindən 24 iyun 2020-ci il tarixli pretenziya ilə Cavabdeh müraciət edilərək 3 gün ərzində apardığı qanunsuz tikinti işlərinin dayandılmasını, eləcə də ona vurduğu zərərin əvəzinin ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh tərəfindən onun müraciətinə tamamilə əsassız cavab verilmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi ilə bağlı ona dəymiş zərər təxminən 50000 (əlli min) təşkil edir. Həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların yaşadıqları mənzildən istifadə edə bilməməyi, əmlakının dağıdılaraq qəzalı vəziyyətə düşməsi, məcbur olub çoxsaylı dövlət orqanları və vəzifəli şəxslərə, hazırda isə məhkəməyə müraciətlər etməyi və s. onu mənən alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Odur ki, Cavabdeh qanunsuz hərəkətləri, eləcə də mülkiyyət hüquqlarını pozması nəticəsində ona həm də mənəvi ziyan vurulmuşdur. Cavabdeh tərədindən ona vurulmuş mənəvi ziyanı 100.000 (yüz min) manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Sonradan İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək mülkiyyət hüququ təmin edilərək, ünvan 1 ünvanında cavabdeh X8 tərəfindən inşa edilmiş mehmanxana (otel) binasının cavabdehin hesabına sökülməsi, əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yerin bərpa edilməsi, mənzilinin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün ona dəymiş maddi zərərin əvəzi kimi 50000 (əlli min) manat məbləğində pulun, əldən çıxmış fayda kimi 22.100 (iyirmi iki min yüz) manat pulun, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 100.000 (yüz min) manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manatın, ümumilikdə 172.130 (bir yüz yetmiş iki min otuz) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavəyə əlavə edilmiş Əmlak Ekspert Mərkəzinin müvafiq arayışından da göründüyü kimi ona məxsus mənzilin aylıq kirayə haqqı 650 (altı yüz əlli) manat təşkil edir. Cavabdehin təqsiri ucbatından mənzilindən istifadə edə bilmədiyi vaxtdan, yəni 2018-ci ilin iyul ayından hal-hazıradək ona məxsus mənzili kirayəyə versə idi, əldə edəcəyi gəlir 22.100 (iyirmi iki min yüz) manat (34 ay x 650 = 22.100) edərdi. Belə olan halda aydın olur ki, o, həmin məbləğdə gəlirdən məhrum olmuşdur. Əmlakından istifadə edə bilməməsi nəticəsində ona dəymiş zərərin məbləği 22.100 (iyirmi iki min yüz) manat edir ki, həmin vəsait də cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının mənzilinə xətər yetirilməsi ilə bağlı qeyd edirlər ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi X2 Baş İdarəsi tərəfindən yuxarıda qeyd olunmuş mehmanxana (otel) binasının tikintisi üçün verilmiş 27469 saylı, 10.06.2019 tarixli rəyin 2-ci maddəsində qeyd edilir: “Otel binasının tikintisi üçün ayrılmış ərazi (mövcud tikililər sökülmüşdür) üç tərəfdən mövcud 2, 3 və 4 mərtəbəli binaların əhatəsində yerləşir və otelin yerləşəcəyi ərazidə söküntü işləri aparılarkən qonşu mövcud binalara heç bir xətər yetirilməmişdir.” İddiaçının mənzilinin damına çıxışın olmaması və fövqəladə hal baş verəcəyi halda dama FHN əməkdaşlarının daxil ola bilməyəcəyi və onun dama nəzarətinin olmadığına dair iddiaları barədə qeyd edirlər ki, iddiaçının dama birbaşa çıxışı onsuz da tikinti işləri başlamadan əvvəl də yox idi. Yəni dama çıxışının olmamasının tikinti ilə əlaqəsi yoxdur. Lakin buna baxmayaraq, onlar tərəfindən layihə əsasında metal konstruksiyalı pilləkən inşa ediləcək və beləliklə, FHN əməkdaşlarının, iddiaçının, otel əməkdaşlarının, həm də qonşuların dama rahat çıxışı təmin ediləcəkdir. Bildirirlər ki, yağan yağışların iddiaçının mənzilinin divarına hər hansı zərər vura bilmə imkanı onlar tərəfindən aradan qaldırılmışdır. Mənzilin yerləşdiyi bina köhnə olduğu üçün onun damı yararsız vəziyyətdə olmuş, əvvəllər damdan suyun axdığı məlumdur. Mənzil yerləşən binanın damı ilə mehmanxana binasının damlarının ayrı olmasına baxmayaraq, birincinin damı onlar tərəfindən hidroizolyasiya qatı ilə təmir edilmişdir. Hazırda yağış sularının mənzilə axması mümkün deyildir. Halbuki mənzilin damında əvvəlcədən olan nasazlıqların onlara heç bir aidiyyətı olmamışdır. Günəş işığının və havalandırmanın qarşısının alınmasına dair iddiaçının iddialarına cavab olaraq bildirirlər ki, mənzilin yerləşdiyi binanın otel binası tərəfə olan hissəsində pəncərə əvvəldən yoxdur. Əlavə olaraq, yeni inşa edilən mehmanxana iddiaçıya qonşuluqda yerləşən əvvəlki bina ilə eyni səviyyədədir. Beləliklə, otel binasının günəş işığının qarşısını alması barədə iddialar tamamilə əsassızdır. 4 mərtəbəli otel binasının tikintisinin qeyri-qanuniliyinə dair irəli sürülən dəlillər əsassızdır. Bina Azərbaycan Respubliaksının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri əsas götürülərək bütün müvafiq icazə və yoxlamalardan keçərək inşa edilmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 03.12.2018-ci tarixli, 515 saylı sərəncamla Mərdanov qardaşları küçəsində yerləşən sözügedən torpaq sahəsi mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün istifadəyə verilmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 64 saylı, 30.07.2019-cu il tarixli “Obyektin tikintisinə icazə” sənədi ilə mehmanxana binasının tikintisinə icazə verilmişdir. Binalar arasındakı məsafəyə dair qaydalara qanunvericilik çərçivəsində riayət olunmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 13.12.2018-ci il tarixli, 05 saylı sərəncama əsasən, binanın şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Beləliklə, bina şəhərsalma qaydalarına uyğun şəkildə layihələndirilmişdir. İnşaat işlərinin meydana gətirdiyi səs-küy barədə vurğulanmalıdır ki, Mülki Məcəllənin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. İddia ərizəsində Mülki Məcəllənin 14 və 21-ci maddələrinə istinad edilmişdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi müəyyən edir (386.1-ci maddə). Mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün 1) zərərin mövcudluğu 2) zərər vuranın təqsirli hərəkəti 3) hüquqa zidd əməli 4) əməllə zərər arasında səbəbli əlaqənin olması tələb olunur (1096 və 1097-ci maddələr). Buna əsasən, iddiaçya dəyən zərərin onların üzərinə öhdəlik olaraq qoyulması üçün zəruri əlamətlər mövcud deyildir. Çünki onlar tərəfindən iddiaçıya hər hansı təqsirli və hüquqa zidd şəkildə zərər, yaxud ziyan vuran əməl mövcud olmadığına görə hansısa maddi, yaxud mənəvi ziyandan danışılıması qanunsuz və əsassızdır. Aparılan tikinti işlərinin dayandırılması iddiaçı tərəfindən tələb olunur. Qeyd edirlər ki, tikinti fəaliyyəti Şəhərsalma və Tikinti Məcəlləsinə, həmçinin Məcəllənin 3-cü bölməsinə əsasən həyata keçirilir. Tikintini aparmaq üçün yuxarıda adını çəkdikləri dövlət orqanlarından müvafiq icazələr podratçı şirkət tərəfindən alınmış, ondan sonra fəaliyyətə başlanmışdır. Bunun üçün də tikintinin dayandırılmasına səbəb olası hər hansı bir əsas mövcud deyildir. Bütün qeyd edilənlərə əsasən, vurğulanmalıdır ki, aparılan tikinti işləri qanunidir, onun dayandırılması, yaxud sökülməsi üçün hansısa bir əsas yoxdur. Tikinti fəaliyyəti nəticəsində iddiaçıya hansısa maddi, mənəvi zərər, yaxud ziyan vurulmamışdır. Buna görə də cavabdehdən maddi, yaxud mənəvi ziyanın ödənilməsini nəzərdə tutan tələblər tam qanunsuz və əsassızdır. Ümumilikdə mehmanxana tikintisi üçün qanunvericiliyə uyğun olaraq onlar tərəfindən müraciət edilərək əldə edilmiş sənədlər - 10.06.2019 tarixli X2 Baş İdarəsi Rəyi, 64 saylı Obyektin tikintisinə icazə sənədi, 06.07.2019 tarixli FHN X10 Xidməti Rəyi, 03.07.2019 tarixli X6 X7 X11, 06-18- 1128-2019 saylı X6 Ekspertiza Rəyi, 18.06.2019 tarixli Layihə Sənədlərinə Sanitariya Epidemioloji Rəy, 22/1656 saylı X9, 29.08.2019-cu il tarixli Tikinti Obyektinə verilən koda dair Şəhadətnamədir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, eləcə də tərəflərin nümayəndələrinin (vəkillər) izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 223909 nömrəli Qeydiyyat Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 evin 37 saylı mənzili İddiaçı adına 12.02.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 14.02.2020-ci il 37/Q-01151 nömrəli məktubundan görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən vətəndaş Cavabdeh qeyd edilən ünvanda mehmanxana binası tikintisinə icazə verilmişdir. Mütəxəssislərimiz tərəfindən keçirilmiş vizual texniki baxış zamanı sizə məxsus binanın yan fasad divarında gücləndirmə işlərinin aparılması, mənzilinizin divarlarında müxtəlif ölçülü çatların olması müəyyən edildi. Fiziki şəxs Cavabdeh tikintiquraşdırma işləri aparılan zaman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də tikintiyə dair normativ sənədlərin tələblərinə riayət edilməsi, təhlükəsizlik tədbirlərinə əməl edilməsi və ətrafda yerləşən yaşayış binalarının və sakinlərin təhlükəsizliyinin təmin edilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 11.03.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin mütəxəssisləri tərəfindən göstərilən ünvana keçirilmiş vizual texniki baxış zamanı vət. İddiaçı mənzilinin divarlarında müxtəlif ölçülü çatlar aşkar olunaraq, sözügedən binanın yan fasad divarında gücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 24.06.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, 3 gün ərzində apardığı qanunsuz tikinti işlərinin dayandılmasını, eləcə də ona vurduğu zərərin əvəzinin ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 01.07.2020-ci il tarixli cavab məktubundan görünür ki, podratçı şirkətin mənzildə müvafiq təmir işlərini öz hesabına aparmağa hazır olduğu bildirilmişdir. İş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi X2 Baş İdarəsinin ünvan 1 ünvanında mehmanxana (otel) binasının tikintisi üçün verilmiş 27469 saylı, 10.06.2019 tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında otel binası üzrə tikinti layihəsi razılaşdırılmışdır. Həmin rəyin 2-ci bəndindən görünür ki, otel binasının tikintisi üçün ayrılmış ərazi (mövcud tikililər sökülmüşdür) üç tərəfdən mövcud 2, 3 və 4 mərtəbəli binaların əhatəsində yerləşir və otelin yerləşəcəyi ərazidə söküntü işləri aparılarkən qonşu mövcud binalara heç bir xətər yetirilməmişdir. İş materiallarına əlavə edilmiş vətəndaş Cavabdeh mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin istifadəyə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 03.12.2018-ci tarixli, 515 saylı sərəncamından görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin 17.10.2018-ci il tatrixli, 3/10-0-9/2-091 nömrəli razılıq məktubunu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2018-ci il tarixli, 02/05-3044 nömrəli rəyini və vətəndaş Cavabdeh 18.10.2018-ci il tarixli ərizəsini nəzərə alaraq, Səbail rayonu, Mərdanov qardaşları küçəsi, 8 saylı ünvanda mülkiyyətdə olan mənzillərin sökülərək, yerində mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün 0,044 ha torpaq sahəsi icarə əsasında həmin vətəndaşın istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,0434 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 03.12.2018ci tarixli, 515 saylı sərəncamına əsasən mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh 22.01.2019-cu il tarixdən icarəyə verilməsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 02.08.2021-ci il tarixli, 37/34-05414 nömrəli mütəxəssis rəyindən görünür ki, baxış zamanı mənzilin sol yan tərəfdəki divarında suvaq qatlarının qopması müşahidə olunur. Suvaq qatları qopmuş sahədə hörgüdə hər hansı bir çat və deformasiyalar müşahidə olunmadı. Həmçinin dəhliz hissədə yan tərəfdəki divarda suvaq çatları müşahidə olunur. Yuxarıda qeyd olunan yan divara perpendikulyar yükdaşıyan divarda pəncərə boşluğu üzərində və altında keçici çatlar müşahidə olunur. Mənzildə ağac materialından olan tavan və döşəmələrin uzun illər istismarının nəticəsində fiziki köhnəlməsi müşahidə olunur. Binanın yaxınlığında otel inşa edilən zaman binanın sağ yan divarında monolit dəmirbetondan olmaqla gücləndirmə tədbirləri yerinə yetirilmişdir. Tikinti-quraşdırma işlərinin (otel binası) bir neçə il bundan öncə aparıldığını, bu divarda yuxarıda qeyd edilən gücləndirmə tədbirlərinin həyata keçirildiyini və binanın uzun müddət təmirsiz istismar edildiyini nəzərə alaraq 37 saylı mənzildə yaranmış qüsurların hansı səbəbədən yaranmasını hal-hazırda müəyyən etmək mümkün deyildir. Məhkəmə araşdırması zamanı iddiaçının təqdim etdiyi video yazıya və şəkillərə baxış keçirilən zaman tikinti işləri aparılan torpaq sahəsinə yaxın məsafədə yerləşən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə bir sıra qüsurların –çatların yarandığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 03.12.2018-ci tarixli, 515 saylı sərəncamla Mərdanov qardaşları küçəsində yerləşən sözügedən torpaq sahəsi mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün istifadəyə verilmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 64 saylı, 30.07.2019-cu il tarixli “Obyektin tikintisinə icazə” sənədi ilə mehmanxana binasının tikintisinə icazə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 13.12.2018-ci il tarixli, 05 saylı sərəncama əsasən, binanın şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən, ünvan 2 ünvanda yerləşən 0,0434 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 03.12.2018-ci tarixli, 515 saylı sərəncamına əsasən mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh 22.01.2019-cu il tarixdən icarəyə verilməsi qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, tikinti işləri aparılan torpaq sahəsinə yaxın məsafədə yerləşən ünvan 1 ünvanındakı 37 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və həmin mənzildə bir sıra qüsurlar-çatlar yaranmışdır. Hazırda İddiaçı iddia edir ki, yaşadığı üçmərtəbəli binaya yaxın məsafədə Cavabdeh tərəfindən dörd mərtəbəli qeyri-yaşayış binasının (otel) inşa edilməsi nəticəsində mənzilinin divarlarında, tavanında çatlar yaranmışdır. Əvvəllər damın təmiri üçün dama çıxmaq üçün mövcud olan yeganə yer cavabdeh tərəfindən zəbt edilmiş və hazırda mövcud deyildir. Hər hansı bir fövqəladə hal baş verəcəyi təqdirdə, mənzilinə FHN əməkdaşlarının girməsi demək olar ki, mümkün deyildir. Eyni zamanda onun tərəfindən binanın damına nəzarət etmək, eləcə də orada zərurət olacağı təqdirdə hər hansı bir təmir işlərinin aparılması qeyrimümkündür. Cavabdeh tərəfindən görülmüş qanunsuz işlər nəticəsində yağan yağışlar bilavasitə evin divarlarını sıradan çıxarmışdır. Həmçinin cavabdeh tərəfindən tikilmiş bina onun mənzilinə düşən təbii günəş işığının qarşısını alaraq, mənzilinin təbii havalandırlmasında da problemlər yaratmışdır. Göstərilən səbəblərə (divarların çat verməsi, nəmişlik çəkməsi, eləcə də görülən işlərin səs-küyü səbəbinə) görə hazırda mülkiyyətində olan qeyd olunan mənzildə yaşamağı qeyri-mümkündür. İddiaçı iddia ərizəsində digər qanun normaları ilə yanaşı, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-cı maddələrinə də istinad edərək qanunsuz tikilinin sökülməsi, maddi zərərin, əldə çıxmış faydanın, mənəvi zərərin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi halı sübuta yetirilməmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "mülkiyyət hüququnun təmin edilərək, mülkiyyət hüququndan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair 2(009)-120/2021 saylı mülki iş üzrə iddiaçı tərəfin vəsatətinə əsasən məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.09.2021-ci il tarixli, 10/790 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, ünvan 2 evin 37 saylı mənzilin 4,40x4,95m ölçüdə otağın sol yan tərəfdəki divarında suvaq qatlarının qopması, suvaq qatları qopmuş sahədə hörgüdə hər hansı bir çat və deformasiyalar müşahidə olunmadı. Həmçinin 2,25x4,7m ölçüdə dəhlizdə yan tərəfdəki divarında suvaq çatları və həmin yan divara perpendikulyar yükdaşıyan divarda pəncərə boşluğu üzərində və altında çatlar müşahidə olunmuşdur. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 X1 Ekspertiza Baş İdarəsinin 10.06.2019-cu il tarixli, 27469 saylı rəylərinə əsasən, tikinti-quraşdırma işlərinin (otel binası) bir neçə il bundan öncə aparıldığını, binanın sağ yan divarında əsaslı gücləndirmə tədbirlərinin həyata keçirildiyini və binanın uzun müddət təmirsiz istismar edildiyini, baxış zamanı mənzilin 4,40x4,95m ölçüdə otağın sol yan tərəfdəki divarında suvaq qatları qopmuş sahədə hörgüdə hər hansı bir çat və deformasiyaların, binanın birinci mərtəbəsində olan mənzildə isə hər-hansı bir çatın müşahidə olunmadığını nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə yaranmış qüsurların Cavabdeh tərəfindən mehmanxana (otel) binasının inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olması müəyyən edilməmişdir. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis rəyini və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, ünvan 2 evin, 37 saylı mənzilində yaranmış qüsurlar Cavabdeh tərəfindən mehmanxana (otel) binasının inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olması müəyyən edilmədiyindən, İddiaçı mülkiyyətində olan mənzilə zərər dəyib-dəyməməsinə dair tədqiqat aparılmamışdır. ünvan 1 ünvanında yerləşən mehmanxana binasının inşası zaman Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən tərtib edilmiş layihədən kənara çıxma hallarının mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə yaranmış qüsurların Cavabdeh tərəfindən mehmanxana (otel) binasının inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf iddia tələbini (ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə yaranmış qüsurların Cavabdeh tərəfindən mehmanxana binasının inşası zamanı aparılan təmir-tikinti işləri ilə əlaqəli olmasına dair) əsaslandırdığı halları təsdiq edəcək, eləcə də ekspert rəyini təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da bu cür halların mövcudluğu öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının maddi zərərin ödənilməsi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın maddi zərərin ödənilməsi hissəsinin əsassız olduğu üçün rədd olunması nəticəsinə gəldiyini, iddianın digər hissələrinin (əldən çıxmış fayda, mənəvi zərər və s.) isə törəmə tələblər olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissələrə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "mülkiyyət hüququnun təmin edilərək, mülkiyyət hüququndan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mülkiyyət hüququnun təmin edilərək, mülkiyyət hüququndan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar