Məhkəmə qərarları › İş №2(009)-1204/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1204/2023

19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1204/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı əməliyyat axtarış fəaliyyətinin həyata keçirən orqanlarının qanunsuz hərəkətlərinin dayandırılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı əməliyyat axtarış fəaliyyətinin həyata keçirən orqanlarının qanunsuz hərəkətlərinin dayandırılması və vurulmuş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının razılığı olmadan onun və ailəsinin güdülməsi, telefon danışıqlarına və evdə aprılan söhbətlərə qulaq asılması, səsyazan, video və digər texniki vasitələrin mənzilində quraşdırılması, iddiaçının yaşayış yerində mütamadi şəkildə baxışların keçirilməsi həyata keçirilir. Həmin hərəkətlərin həyata keçirilməsi nəticəsində iddiaçıya fiziki və mənəvi zərər kimi cəmi 4.000.000 manat məbləğində ziyan vurulmuşdur. İddiaçı tələbində əməliyyat-axtarış fəaliyyəti üzrə tədbirlərin dayandırılmasını, bununla bağlı qəbul edilmiş qərarların ləğv edilməsi, mənzilinə quraşdırılmış texniki vasitələrin çıxarılması, qanunsuz əldə edilmiş bütün sübutların məhv edilməsi və məlumatların ötürülməsini dayandırılması, eyni zamanda əməliyyat-axtarış fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, tələblərin bir hissəsi əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar cavabdeh tərəfindən keçirilən hərəkətlərin mübahisələndirilməsinə dairdir, digər tələb isə həmin fəaliyyətlə bağlı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədardır. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında AR Qanununun 1-ci maddəsinə əsasən Əməliyyataxtarış fəaliyyəti - müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir.Əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: telefon danışıqlarına qulaqasma; poçt, teleqraf və digər göndərişlərin yoxlanılması;texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; insanların güdülməsi və s. AR CPM-nin 442-ci maddəsinə əsasən Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin və s. Qanunun yuxarıda göstərilən tələbləri baxımından hakim qeyd edir ki, cinayət prosesini həyata keçirən orqanın qərar və hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər prosessual qərar və hərəkətlərdən mülki mühakimə icraatı qaydasında deyil, məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Hakim qeyd edir ki, iddiaçının əməliyyat-axtarış fəaliyyətinin həyata keçirən orqanlarının qanunsuz hərəkətləri ilə bağlı tələbinə məhkəmə qaydasında baxılmalı deyil. Digər tərəfdən iddiaçının tələbindən biri cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi ilə əlaqədardır. Hakim qeyd edir ki, cavabdeh inzibati orqan olduğu üçün, həmin münasibətlərdən irəli gələn mübahisələr inzibati xarakterlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi inzibati orqandır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Göstərilən Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələblərinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə hakim hesab edir ki, tələblərdən biri inzibati orqanın qanunsuz hərəkətləri ilə əlaqədar vurulmuş ziyanla bağlı olduğundan, həmin iddia tələbinə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə - inzibati məhkəmədə baxılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hakim həmçinin izah edir ki, iddiaçı inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyanın tutulması ilə bağlı tələblə aidiyyəti üzrə inzibati məhkəməyə, digər tələblərlə əlaqədar isə məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı əməliyyat axtarış fəaliyyətinin həyata keçirən orqanlarının qanunsuz hərəkətlərinin dayandırılması və vurulmuş zərərin ödənilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddiaçı inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyanın tutulması ilə bağlı tələblə aidiyyəti üzrə inzibati məhkəməyə, digər tələblərlə əlaqədar isə məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar