Məhkəmə qərarları › İş №2(009)-122/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-122/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-122/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh oğluna qarşı “etibardan sui-istifadə etməklə ələ keçirilmiş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 2000 manat borc məbləğinin, maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 1000 manat, mənəvi ziyana görə 2000 manat olmaqla, cəmi 5000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 2016-cı ildə özünə məxsus Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində, istixana deyilən ərazidə yerləşən təmirsiz evi təmir etdirib müalicəsi üçün satmaq istəmişdir. Bu məqsədlə Sədiyar adlı şəxsin vasitəsi ilə tanış olduğu ev alqı-satqısı ilə məşğul olan Cavabdeh ilə danışaraq şifahi razılığa gəlmişlər. Aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh evin təmirinə çəkiləcək bütün xərcləri özü çəkməli, ona evin satış qiymətini, yəni 14000 manat verməli idi. Lakin Vüqar işə başladıqdan bir müddət sonra pulun qurtardığını bəhanə gətirərək işi saxladı. O ona irad tutanda Vüqar bildirdi ki, evin təmiri üçün bəzi köməklikləri etsin, ev satılanda hamısını qaytaracaqdır. İddia ərizəsinə əlavə etdiyi xəstəlik barədə sənədlərdən də görünür ki, o, ağır xəstədir. Daima həkim nəzarəti altında və müalicədə olmalıdır. O, müalicə üçün pul lazım olduğunu nəzərə alaraq təqaüd pulunu və yaxınlarının ona müalicə üçün verdikləri pulları Vüqara verdi. Əvvəlcə ona 1000 manat, sonra qaz xəttinin çəkilməsi üçün 400 manat və yenə 150 manat, 50 manat, 40 manat olmaqla 1640 manat pul verdi. Az sonra Cavabdeh yenə pulun qurtardığını iddia edib işləri dayandırdı. Bu dəfə Vüqar onu inandırdı ki, ona bir az pul tapıb versə, o, yarımçılıq qalan işləri tamamlayacaq. Bunun üçün bankdan kredit götürməyini xahiş etdi və söz verdi ki, kreditin aylıq ödənişlərini özü ödəyəcəkdir. O da, məcbur qalaraq bankdan 1300 manat kredit götürərək Vüqara verdi. Vüqar ilk ayın ödənişini etsə də, sonradan yenə vədinə xilaf çıxdı. Ona görə məcbur olaraq həmin krediti də, təqaüd hesabına özü ödədi. Vüqar işlərin getdiyini ona göstərərək yenidən ondan müxtəlif vaxtlarda müxtəlif bəhanələrlə 500 manat pul aldı. Bundan sonra Vüqar evi aşağı qiymətə satdığını və ondan aldığı 2000 manat pulunu vermədiyini görərək polisə şikayt etdi. Sabunçu RPİ 15-ci PB-də aparılan araşdırmada Cavabdeh dəvət olunsa da gəlmədi. Yalnız telefonla Bakı şəhərində olmadığını bildirdi. Odur ki, material mülki xarakterli olduğu üçün cinayət işinin başlanılması rədd edildi. Sabunçu RPİ 15-ci PB-nin təhqiqatçısı Hafiz Paşayev tərəfindən alınmış izahatda Cavabdeh ona 800 manat borclu olduğunu etiraf edir. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh 1900 manat pulun tutularaq ona ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində və iddia tələbinin azaldılması barədə ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi, eləcə də, izah etdi ki, cavabdeh özünün ehtiyacları üçün də ondan hissə-hissə borc pullar almış və həmin borcunu ona hissə-hissə qaytarmışdır. Lakin evin satılması ilə əlaqədar cavabdeh ona borclu olduğu 2000 manat puldan ona cəmi 100 manat qaytarmış, qalan 1900 manat pulu ona qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izah etdi ki, o, təxminən 2017-ci ildə İddiaçı ilə tanış olmuşdur. Məlahət ona Zabrat qəsəbəsi, İstixana Kombinatında yerləşən evini 14000 manata satmaq istədiyini bildirmişdir. O da, Məlahətə təklif etmişdir ki, həmin evi təmir etdirdikdən sonra bir az baha qiymətə satıb onun 14000 manatını verə bilər. Məlahətlə şifahi razılığa gəldikdən sonra evi təmir etdirdi və təxminən 2018-ci ildə həmin evi 26500 manata satdı. O həmin puldan razılaşdıqları 14000 manatı Məlahətə onun kirayədə yaşadığı Sabunçu dairəsi deyilən yerin yaxınlığında yerləşən evdə təklikdə vermişdir. Beləliklə, o, evə görə Məlahətə 14000 manatı tam ödəmişdir. Bundan əlavə o, Məlahətdən müxtəlif xərclər üçün hissə-hissə borc almışdır ki, hazırki iddia ərizəsində Məlahət həmin borcu ondan istəyir. O, borc götürdüyü pullardan Məlahətə hissəhissə qaytarmış və hal-hazırda Məlahətə cəmi 400 manat borclu qalmışdır. O, Məlahətin şikayət ərizəsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci polis bölməsində xx.xx.2019-cu il tarixdə verdiyi izahatında evin satılmağı ilə əlaqədar 14000 manat evin pulunu Məlahətə tam qaytardığını bildirmiş, lakin həmin izahatında nədənsə onun sözləri səhv yazılaraq, guya Məlahətə 13000 manat pul verdiyi və 1000 manat borclu qaldığı, həmin borcdan 200 manat hissə ilə qaytardığı və Məlahətə 800 manat borclu qaldığı göstərilmişdir. O, polis bölməsində guya onun sözlərindən yazılmış izahatı qəbul etmir. Onun Məlahətə 800 manat qalan borcunun evin puluna aidiyyəti olmamışdır. Ancaq onun Məlahətə həmin dövrdə həqiqətən də, 800 manat borcu olmuş və həmin borcdan o, Məlahətə ödəniş etmiş və hal-hazırda 400 manat borcu qalmışdır. O, borclarını qaytaran zaman Məlahətlə aralarında heç bir qəbz yazılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin rəisi İsmayıl Məmmədovun adına Cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, o, Məlahətlə şifahi razılığa gəldikdən sonra evi təmir etdirmiş və təxminən 1 il sonra həmin evi 26500 manata sataraq, həmin puldan Məlahətə 13000 manat pul vermişdir. Sonra o, Məlahətə müxtəlif vaxtlarda hissə ilə cəmi 200 manat pul vermiş və o vaxtdan Məlahətə cəmi 800 manat borcu qalmışdır. İş materillarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 5 saylı Tibbi Sosial Komissiyasının arayışından görünür ki, İddiaçı ikinci dərəcəli əlilldir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin təhqiqatçısı Hafiz Paşayevin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarından görünür ki, vət. İddiaçı Sabunçu RPİ-nin 15-ci PB-nə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və tərəflərin bununla bağlı mülki qaydada məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarından göründüyü kimi, iİddia ərizəsinə əsasən hazırki iş üzrə mübahisənin predmeti cavabdehin iddiaçı qarşısında borc öhdəlikləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh iddiaçıya məxsus Zabrat qəsəbəsi R.Göyüşov küçəsində, istixana deyilən ərazidə yerləşən evi təmir etdirərək baha qiymətə satdıqdan sonra onun 14000 manatını verəcəyi barədə vəd vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi pozaraq ona 12000 manat pul vermiş, qalan 2000 manatı da qısa müddət ərzində verəcəyinə söz vermiş, həmin borcundan sonra 100 manat iddiaçıya versə də, qalan 1900 manatını verməmişdir. Cavabdeh iddiaçıya evlə bağlı 14000 manatı tam ödədiyini, cavabdehə yalnız digər ehtiyaclar üçün götürdüyü borclarla əlaqədar tam ödəniş etmədiyini və bununla əlaqədar qalan borcunun 400 manat olduğunu bildirsə də, evin pulunu tam ödəməsi ilə əlaqədar məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin pozulması halı baş vermişdir. Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü 1900 manat məbləğində pul tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar