Məhkəmə qərarları › İş №2(009)-1227/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1227/2023

28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1227/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Xəzər Lizinq MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi “tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Xəzər Lizinq MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən 15330 (on beş min üç yüz otuz) manat maddi ziyanın və 80.000 (səksən min) manat mənəvi zərərin, ümumilikdə 95.330 (doxsan beş min üç yüz otuz) manat məbləğində pulun müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: məhkum Cavabdeh1 Bakı Ağır Cinayətlər məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(101)- 1576/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 10 il məddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ona görə ki, o, 27 aprel 2022-ci il tarixdə, saat 03:15 radələrində sürücülük hüququ və etibarnamə olmadan, həm də narkotik vasitənin təsiri altında idarə etdiyi «Chevrolet Camaro» markalı, ** PC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan yolunda Bakı şəhəri istiqamətində hərəkət etdirərkən, yolun Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65.3 km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili yolun sağ ehtiyat hissəsinə çıxarıb, orada öz avtomobilinin arxasında dayanmış onun mərhum həyat yoldaşı X7 və onun iş yoldaşı X5 vuraraq onların sağlamlığına həyatla bir araya sığmayan ağır zərər vurmaqla, ölümlərinə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(101)- 1576/2022 nömrəli hökmünə görə Cavabdeh2 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi Cavabdeh3nə məxsus «CHEVROLET CAMARO» maraklı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili 26 aprel 2022-ci il tarixdə saat 21:30 radələrində idarə etmək üçün sürücülük hüququ olmayan və narkotik vasitə qəbul etmiş Cavabdeh1 vermiş, Cavabdeh1 həmin avtomobili sürücülük hüququ olmadan idarə edərək Şirvan şəhərinə getmiş və narkotik vasitədən istifadə etmək nəticəsində sərxoş halda Şirvan şəhərindən Bakı şəhərinə qayıdarkən, saat təxminən 03:15 radələrində yolun Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65.3 km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili yolun sağ ehtiyat hissəsinə çıxarıb, orada dayanmış piyadalar X7 və X5 vuraraq onların sağlamlığına həyatla bir araya sığmayan ağır zərər vurmaqla, ölümlərinə səbəb olmuş, eyni zamanda hadisə yerində söndürülmüş vəziyyətdə olmuş mərhum Səyavuş Cəfərova məxsus Mercedes Benz markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili də vuraraq onu istismar üçün tam yararsız vəziyyətə salmışdır. Göründüyü kimi onun mərhum həyat yoldaşı X6 ölümünə və avtomobilinin istismar üçün tam yararsız hala düşməsinə səbəb Cavabdeh3 və Cavabdeh2 yüksək təhlükə mənbəyi hesab edilən «Chevrolet Camaro» markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmayan və narkotik vasitəsindən istifadə nəticəsində sərxoş halda olan Cavabdeh1 vermələri, Cavabdeh1 sürücülük hüququ olmadan və narkotik vasitəsinin təsiri altında avtomobili idarə edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərini pozması olmuşdur. İşin istinad edilən halları mübahisəsizdir və Bakı Ağır Cinayətlər məhkəməsinin qanuni qüvvəyə minmiş 15 sentyabr 2022-ci il tarixli, 1(101)- 1576/2022 nömrəli hökmündə preyudisial qaydada öz təsdiqini tapmışdır. Qeyd edir ki, cavabdehlərin qanunsuz və hüquqazidd əməlləri nəticəsində ona və onun ailə üzvlərinə maddi və mənəvi zərər yetirilməsinə baxmayaraq onlar yetirdikləri maddi və mənəvi zərərin əvəzini istər cinayət işi üzrə məhkəməyədək icraat zamanı, istərsə də, məhkəmə icraatı dövründə ödəməmişlər cavabdehlərin qanunazidd əməlləri ilə yetirilmiş maddi zərər onun mərhum həyat yoldaşı X6 istifadəsində olmuş Mercedes Benz markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin tamamilə deformasiya uğrayaraq istismar üçün tam yararsız vəziyyətə düşməsində, habelə mərhumun ölümü ilə bağlı çəkilən dəfn və sair xərclərdə ifadə olunmuşdur. Belə ki, cavabdehlərdən Cavabdeh1 törətdiyi yol- nəqliyyat hadisəsi zamanı onun mərhum həyat yoldaşı X6 istifadəsində olmuş Mercedes Benz markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin tam deformasiya olunması olunması onları 10130 (on min yüz otuz) manat məbləğində maddi zərər vurulmasına səbəb olmuşdur. Avtomobilin tam deformasiyaya uğraması ilə bağlı vurulmuş 10130 (on min yüz otuz) manat məbləğində ziyanın 5000 (beş min) manat məbləği İcbari sığorta bürosu tərəfindən mərhumun vərəsələri olaraq onlara ödənilmişdir. Maddi ziyanın ödənilməmiş 5130 manat (beş min yüz otuz) manat hissəsi isə cavabdehlərdən alınaraq onlara ödənilməlidir. Bundan başqa, cavabdehlərin qanunazidd əməlləri ilə onlara yetirilmiş digər maddi zərər mərhumun nəşinin Bakı şəhərindən təyyarə ilə Naxçıvan MR Babək rayonunun Şıxmahmud kəndinə gətirilməsi, orada dəfn edilməsi, dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə çəkilən xərclərlə bağlı olmuşdur. Belə ki, onun mərhum həyat yoldaşı Səyavuş Cəfərovun yol-nəqliyyat hadisəsindən sonra onun nəşinin təyyarə ilə Bakı şəhərindən Naxçıvan MR Babək rayonunun Şıxmahmud kəndinə gətirilməsinə, orada dəfn edilməsinə, dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə 10.200 (on min iki yüz) manat xərc çəkilmişdir ki, həmin zərər də müştərək qaydada cavabdehlərdən alınıb onlara ödənilməlidir. Qeyd etdiyi kimi, onun mərhum həyat yoldaşı X6 ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsinin törədilməsi ilə bağlı onlara maddi ziyan vurulmaqla yanaşı, həm də mənəvi zərər də yetirilmişdir. Mənəvi zərər isə cavabdehlərin qanunsuz əməlləri nəticəsində onun mərhum həyat yoldaşı X6 faciəli şəkildə ölümündə, onun ölümü ilə bağlı onun və övladlarının uzun müddət psixiki pozuntu və bu zəmində sarsıntı keçirməklərinə, habelə əzab və acı çəkməklərində ifadə olunmuşdur. Belə ki, onun mərhum həyat yoldaşı Səyavuş Cəfərovun qəflətən baş vermiş faciəli ölümü uzun müddədir ki, onların mənəvi sarsıntı keçirməklərinə, psixikalarının pozulmasına səbəb olmaqla yanaşı, onları həmişəlik əzab-acı çəkməyə düçar etmişdir. Səyavuşun faciəli ölümünə səbəb olmuş bu cinayətin sarsıntılarından, əzab və acılarından, habelə iztirablarından xilas olmaq heç zaman mümkün olmayacaqdır. Amma onlara vurulmuş mənəvi zərərin sarsıntılarını, əzab və acılarını, habelə iztirablarının qismən də olsa, azaltmaq o zaman mümkündür ki, onlara bu zərəri vurmuş cavabdehlər vurduğları zərərin əvəzini ödəməyə məcbur edilmiş olsunlar cavabdehlər tərəfindən onlara yetirilmiş mənəvi zərərin pula ifadəsinə gəldikdə, hesab edirlər ki, cavabdehlərin onlara vurduqları mənəvi zərər 80.000 (səksən min) manat məbləğində qiymətləndiririlməli və mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 80.000 (səksən min) manat məbləğində pul alınıb onun xeyrinə ödənilməlidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Yuxarıda qeyd etdiyi kimi, Cavabdeh1 sürücülük hüququ olmadan və narkotik təsiri altında təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində onun mərhum həyat yoldaşı Səyavuş Cəfərovun qəflətən baş vermiş faciəli ölümü uzun müddədir ki, onların mənəvi sarsıntı keçirməklərinə, psixikalarının pozulmasına səbəb olmaqla yanaşı, onları həmişəlik əzab-acı çəkməyə düçar etmişdir. Onun faciəli ölümünə səbəb olmuş bu cinayətin sarsıntılarından, əzab və acılarından, habelə iztirablarından xilas olmaq heç zaman mümkün olmayacaqdır, amma onlara vurulmuş mənəvi zərərin sarsıntılarını, əzab və acılarını, habelə iztirablarının qismən də olsa, azaltmaq o zaman mümkündür ki, onlara bu zərəri vurmuş cavabdehlər onun əvəzini ödəməyə məcbur edilmiş olsunlar. Bunlarla yanaşı qeyd edir ki, onun mərhum həyat yoldaşı Səyavuş Cəfərov ailələrin dolandıran olmuşdur və onun cavabdehlərə qarşı irəli sürdüyü tələb ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, iddiaçı X1 iddiası ilə tanış olduğunu, onun həbsdə olduğunu nəzərə alaraq iddia ərizəsini rədd etməyi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - V-JQ 367048 nömrəli Nikah haqqında şəhadətnaməsindən görünür ki, X12 ilə X2 arasında 26 iyul 1990-cu ildə nikah bağlanmışdır və 32 nömrəli akt ilə qeyd edilmişdir. - AZ-İİ 280839 nömrəli ölum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2022– ci ildə ölmüşdür. -xx.xx.2023–cü il tarixli 2V-37 nömrəli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X16 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş -X6 vərəsələri: Babək, Şıxmahmud Küçəsi ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2016- Babək, FİN:xxxxxxx, d/t:xx.xx.1966) Naxçıvan Muxtar Respublikası, Babək Rayonu. Şıxmahmud Ə/D, Şıxmahmud Kəndi, ünvanında qeydiyyatda olan X14 (AA4892493, xx.xx.2023 - Asan 4, FİN:5HN0CM4, d/t:xx.xx.2002) ünvan 3 ünvanında qeydiyyatda olan X9 (AZE15404692, xx.xx.2016 - Babək, FİN:5HN0BL1, d/t:xx.xx.1991) və onların hər biri miras əmlakdan 1/3 irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 05/01-288 nömrəli məktuba əsasən X6 ölümü ilə əlaqədar Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" qanunun 14.2.1 -ci maddəsinə əsasən 5000 (beş min) manat pul məbləğindən ibarətdir. - 22 iyun 2022-ci il tarixli X4 görünür ki X3 Mercedes-Benz E240 markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün təmirçilərin işlərinin dəyəri 4200 manat, ehtiyat hissələri və köməkçi materialların dəyəri 5930 manat, dəymiş ziyanın ümumi dəyəri isə 10130 manat təşkil edir. - Xəzər Lizinq MMC-nin verdiyi etibarnamədən görünür ki, Chevrolet Camaro minik markalı tünd boz parıltısız qara rəngli, dövlət nömrə nişanı **-PC-*** mühərrik nömrəsi BAN 1G1FB1RX4G0181875 olan minik avtomobili idarə etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5 maddəsinə uyğun olaraq Cavabdeh2 (Sürücülük vəsiqəsi:AD 117498 kategoriya BC,xx.xx.2015-xx.xx.2025) etibar edilmişdir. Etibarnamə xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci tarixinədək qüvvədədir. - Baki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1576/2022 saylı Hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ... - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-2055/2022 saylı qərarı ilə Baki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1576/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(101)- 1576/2022 nömrəli hökmünə görə Cavabdeh2 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi Cavabdeh3nə məxsus «CHEVROLET CAMARO» maraklı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili 26 aprel 2022-ci il tarixdə saat 21:30 radələrində idarə etmək üçün sürücülük hüququ olmayan və narkotik vasitə qəbul etmiş Cavabdeh1 vermiş, Cavabdeh1 həmin avtomobili sürücülük hüququ olmadan idarə edərək Şirvan şəhərinə getmiş və narkotik vasitədən istifadə etmək nəticəsində sərxoş halda Şirvan şəhərindən Bakı şəhərinə qayıdarkən, saat təxminən 03:15 radələrində yolun Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65.3 km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili yolun sağ ehtiyat hissəsinə çıxarıb, orada dayanmış piyadalar X7 və X5 vuraraq onların sağlamlığına həyatla bir araya sığmayan ağır zərər vurmaqla, ölümlərinə səbəb olmuş, eyni zamanda hadisə yerində söndürülmüş vəziyyətdə olmuş mərhum Səyavuş Cəfərova məxsus Mercedes Benz markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili də vuraraq onu istismar üçün tam yararsız vəziyyətə salmışdır. Hökmlə həmçinin müəyyən edilmişdir ki, X6 ölümünə və avtomobilinin istismar üçün tam yararsız hala düşməsinə səbəb Cavabdeh3 və Cavabdeh2 yüksək təhlükə mənbəyi hesab edilən «Chevrolet Camaro» markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmayan və narkotik vasitəsindən istifadə nəticəsində sərxoş halda olan Cavabdeh1 verməsi, Cavabdeh1 sürücülük hüququ olmadan və narkotik vasitəsinin təsiri altında avtomobili idarə edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması olmuşdur. İddiaçı cavabdehlərin qanunsuz və hüquqazidd əməlləri nəticəsində ona və onun ailə üzvlərinə maddi və mənəvi zərər yetirilməsinə baxmayaraq onlar yetirdikləri maddi və mənəvi zərərin əvəzini istər cinayət işi üzrə məhkəməyədək icraat zamanı, istərsə də, məhkəmə icraatı dövründə ödəmədikləri üçün hazırki iddia tələblər ilə müraciət edərək cavabdehlərin qanunazidd əməlləri ilə yetirilmiş maddi zərər onun mərhum həyat yoldaşı X6 istifadəsində olmuş Mercedes Benz markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin tamamilə deformasiya uğrayaraq istismar üçün tam yararsız vəziyyətə düşməsində, habelə mərhumun ölümü ilə bağlı çəkilən dəfn və sair xərclərdə, mərhumun nəşinin Bakı şəhərindən təyyarə ilə Naxçıvan MR Babək rayonunun Şıxmahmud kəndinə gətirilməsi, orada dəfn edilməsi, dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə çəkilən xərclərlə və X6 faciəli ölümü ilə bağlı onun və övladlarının uzun müddət psixi pozuntu və bu zəmində sarsıntı keçirməklərinə, habelə əzab və acı çəkməklərində ifadə olunmuşdur. Məhkəmə avtomobilə dair iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 27 aprel 2022-ci il tarixdə, saat 03:15 radələrində sürücülük hüququ və etibarnamə olmadan, həm də narkotik vasitənin təsiri altında idarə etdiyi «Chevrolet Camaro» markalı, ** PC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan yolunda Bakı şəhəri istiqamətində hərəkət etdirərkən, yolun Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65.3 km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili yolun sağ ehtiyat hissəsinə çıxarıb, orada öz avtomobilinin arxasında dayanmış iddiaçının mərhum həyat yoldaşı X7 və onun iş yoldaşı X5 vurmuş, onların sağlamlığına həyatla bir araya sığmayan ağır zərər vurmaqla, ölümlərinə səbəb olmuş, eyni zamanda hadisə yerində söndürülmüş vəziyyətdə olmuş mərhum Səyavuş Cəfərova məxsus Mercedes Benz markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili də vuraraq onu istismar üçün tam yararsız vəziyyətə salmışdır. İddia ərizəsindən görünür ki, avtomobilin tam deformasiyaya uğraması ilə bağlı vurulmuş 10130 (on min yüz otuz) manat məbləğində ziyanın 5000 (beş min) manat məbləği İcbari sığorta bürosu tərəfindən mərhumun vərəsələri olaraq iddiaçı tərəfə ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı Ağır Cinayətlər məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(101)- 1576/2022 nömrəli hökmü ilə müəyyən edilmiş hallara əsasən, iddiaçının avtomobilə vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehlər Cavabdeh1, Cavabdeh2 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi qənaətinə gəlmək mümkündür və iddiaçının tələbinin bu hissədə maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə hesab edir ki, avtomobillə bağlı maddi ziyanın ödənilməmiş 5130 manat (beş min yüz otuz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi ziyanın, sarsıntının mövcud olmasının təsdiqidir və yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin xx.xx.2020-ci il tarixdə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdirlər. Plenumun həmin Qərarında göstərilmişdir ki, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Qərarda daha sonra göstərilir ki, Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunvericiliyin tələblərini pozmaları (Cavabdeh2 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi Cavabdeh3nə məxsus «CHEVROLET CAMARO» maraklı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili 26 aprel 2022-ci il tarixdə saat 21:30 radələrində idarə etmək üçün sürücülük hüququ olmayan və narkotik vasitə qəbul etmiş Cavabdeh1 verməsi və sonuncunun da həmin avtomobili sürücülük hüququ olmadan idarə edərək Şirvan şəhərinə gedərkən narkotik vasitədən istifadə etmək nəticəsində sərxoş halda Şirvan şəhərindən Bakı şəhərinə qayıdarkən yuxarıda qeyd edilən cinayət əməlini törətməsi) faktları özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübuta ehtiyacı yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan 80000 manat məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. İddiaçı tərəf də mərhumun faciəli ölümünə səbəb olmuş baş vermiş cinayət hadisəsinin onların mənəvi sarsıntı keçirməklərinə, psixikalarının pozulmasına səbəb olmaqla yanaşı, onları həmişəlik əzab-acı çəkməyə düçar olmalarını, bu cinayətin sarsıntılarından habelə iztirablarından xilas olmağın heç zaman mümkün olmayacağını göstərmişlər. Lakin, iddiaçı tərəf onlara vurulmuş mənəvi zərərin sarsıntılarını, əzab və acılarını, habelə iztirablarının qismən də olsa, azaltmasının mümkünlüyünü onlara bu zərəri vurmuş cavabdehlərin vurduqları zərərin əvəzini ödəməyə məcbur edilməsi ilə əsaslandırsalar da tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğunu əsaslandırmamışlar. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Buna baxmayaraq məhkəmə iş materiallarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsi ilə mənəvi ziyanın vurulması arasında səbəli əlaqə mövcud olduğundan sözügedən cavabdehlərdən iddiaçının xeyrinə 8000 manat mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, göstərilən nəticələrə gələrkən cinayətin törədilməsinin predmeti olmuş «CHEVROLET CAMARO» maraklı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3nə məxsus olmasını və Cavabdeh2 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında həmin avtomaşını idarə etməsini nəzərə alaraq hesab edir ki, yüksək təhlükə mənbəyi hesab edilən avtomobilin mülkiyyətçisi olan MMC həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinin tələbləri baxımından mülki məsuliyyət daşıyıcısı deyildir. Belə ki, Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərləndən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. X11 göstərilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; Sözügedən Plenum qərarının nəticə hissəsinin İİ bəndinə əsasən yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə, iddia tələbinin dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə çəkilən xərclərlə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. İddiaçı tərəf mərhumun nəşinin Bakı şəhərindən təyyarə ilə Naxçıvan MR Babək rayonunun Şıxmahmud kəndinə gətirilməsi, orada dəfn edilməsi, dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə çəkilən xərclərlə bağlı olmasını göstərərək buna 10.200 (on min iki yüz) manat xərc çəkilməsini göstərmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfin bu işlərlə bağlı müəyyən xərc çəkməsi şübhə altına bilinməz. Lakin, bu hal hazırki vəziyyətdə hamıya bəlli olan halların sübuta ehtiyacı olmaması kimi də qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəf çəkilən xərclər barədə izahat verməklə kifayətlənmiş, digər sübut növləri (məsələn, təyyarə bileti, dəfn və ya mərasimin keçirilməsinə dair rəsmi ödəniş qəbzləri və s.) təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf qeyd edilən dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə çəkilən xərclərlə bağlı irəli sürdüyü faktiki hallarla bağlı vurulmuş maddi ziyana dair hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5130 manat maddi ziyan və 8000 manat mənəvi zərər, ümumilikdə 13130 manat məbləğində pulun müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd olunmalıdır. 129,39 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5130 (beş min bir yüz otuz) manat maddi ziyanın əvəzi və 8000 (səkkiz min) manat mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 13.130 (on üç min bir yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə rədd olunsun. 129,39 (bir yüz iyirmi doqquz manat otuz doqquz qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar