Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1238/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı və Cavabdeh, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 05 iyul 2023-cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2,771 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, peşəkar sürücü olararaq beynəlxalq yük daşıyan nəqliyyat vasitəsində işləmək üçün uyğun iş tapmağına görə, tanışı Hikmətin vasitəsi ilə müraciət etdiyi Aqşin adlı şəxs, sürücüsü işlədiyi Kamran adlı sahibkarın özünə məxsus yük maşınını idarə etməyə həqiqətən də təcili sürücü axtarıldığını bildirdi. Bu məqsədlə ilk dəfə 10 mart 2023-cü il tarixdə, Bakı şəhəri, “ Sədərək “ ticarət mərkəzinin yanında, Kamran və Aqşinlə görüşüb, görəcəyi işlə bağlı söhbətləşdikdə, Kamran beynəlxalq yük daşıma biznesi ilə xeyli müddədtə məşğul olduğunu, bu məqsəd üçün nəzərdə tutulmuş “ VOLVO “ markalı yük avtomaşınının faktiki sahibi özü olsada, avtomaşına və daşınacaq yükləri müşayət edən sənədlərin , rəsmi nigahda olduğu arvadı, Cavabdeh adına olduğunu bildirdi.Əlavə edib məlum etdi ki, hazırda həmin markalı avtomaşına yığılmış yükləri Qazaxstan Respublikasının iki şəhərinə çatdırmaq, oradan Rusiya Federasiyası dövlətinin Naberejnı-Çelnı şəhərinə gedib avtomobil mühərriklərindən ibarət yeni yükü yığıb ölkəmizin Gəncə şəhərinə gətirilməsi ilə bağlı sifarişini icra edilməsi üçün nəqliyyat vasitəsini idarə etməyi iddiaçıya həvalə edə bilər. Həmin səfərdə sürücü ilə birlikdə özüdə iştirak edib yükü müşayət edəcəyini bildirməklə o , iddiaçıya təklif etdi ki, işi yalnız avtomaşını idarə etmək, habelə yol boyu yarana biləcək nasazlığı aradan qaldırmaqdan ibarət olacaq, təxminən 31 gün çəkəcək səfərin başa çatdığı gün ona gördüyü işə görə 900 ( doqquz yüz ) ABŞ dolları pul ödəniləcək. Öhdəliyinə əlavə olmaqla bildirdi ki, əgər yükün boşaldılıb yenisinin yığılmasında boş dayanma olarsa dayanan hər günə görə əlavə olmaqla sürücüyə 55 AZN pul ödəniləcək. Şifahi razılaşma üzrə ona təklif olunan öhdəliyinin icra etməyi qəbul edib, yol boyu ərzağa və başqa zəruri tələbata çəkiləcək xərclərin hesabının ödənilməsi barədə məsələnin necə həll olunacağını soruşduqda , Kamran bildirdi ki, həmin xərcləri özü ödəyəcək. Sözügedən şifahi razılaşma əldə olunduqdan dərhal sonra, nəqliyyat vasitəsini idarə etmək üçün uyğun etibarnaməni adına qeydiyyatının aparılması üçün, şəxsiyyət və sürücülük vəsiqəsini Kamran ondan götürüb arvadı, hazırkı Cavabdeh vermiş, sonuncu bilavasitə onun iştirakı olmadan 10 mart 2023-cü il tarixdə, 3 saylı Bakı “ ASAN xidmət “ mərkəzində fəaliyyət göstərən Notariat ofisində, mülkiyyətindəki “ VOLVO FH 440 YÜK” markalı, 77-FR- 480 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmək üzrə səlahiyyətlərini 10 mart 2024-cü ilədək istifadə etmək hüququnu 1 il müddətinə ƏN-VİN 189568 saylı etibarnamə əsasında adına, rəsmiləşdirmişdir. 15 mart 2023-cü ildə, Kamranla birlikdə Bakı şəhəri, X7 Terminalına gedib, neft çıxarma sənayesində istifadə edilən avadanlıqların yükləndiyi sözügedən avtomaşını Qazaxstan Respublikasına çatdırmaq üçün yük gəmisinə yerləşdirdilər. Sonrakı gün həmin ölkənin Aktau şəhərinə çatdılar, ancaq yükün bir hissəsini boşaldılması 4 gün uzandı və 21 mart 2023-ci il tarixdə təxminən 2000 km aralı məsafədə yerləşən Karakanda şəhərinə yollandılar. 31 mart 2023-cü ildə gecə saatlarında X4 çatıb orada yerləşən anbara yükü boşaltmaq mümkün olmadığı üçün eyni şəhərin başqa istiqamətində yerləşmiş anbara yollandıq. 10 gün həmin anbarın qarşısında növbədə qaldılar, lakin yükü boşaltmadılar. Əlavə 5 gün qalmalı olduqları məlum olduqda Kamran özü etiraf edib bildirdi ki, boş dayanacağı həmin 5 gün üçün hər günü 55 manatdan hesablanmaqla cəmi 255 manat, yəni səfər üçün ödəyəcəyi 900 ABŞ dollarından əlavə pul ödəniləcək. 16 aprel 2023-cü il tarixdə yük boşaldıldı və yeni yükün yığılması üçün Rusiya Federasiyası dövlətinin ərazisinə keçib, həmin ölkənin Naberejnı- Çelnı şəhərinə yollandılar. Digər ölkəyə keçid ərəfəsində Kamran ödəniləcək yekun məbləğdən çıxılması şərti ilə, ona zəruri xərclər üçün 200 ABŞ dolları pul verdi. RF-i dövlətinin Naberejnı-Çelnı şəhərinə 23 aprel 2023-cü il tarixdə çatdılar və yük avtomobillərinin mühərriklərindən ibarət olan yeni yük idarə etdiyi avtomaşına yükləndi. Həmin gün ölkəmizə qayıtmaq üçün yola düşdülər və 06 may 2023-cü il tarixdə Gəncə şəhərinə çatıb yük boşaldılar. Sumqayıt şəhərindəki yük avtomaşınları qarajında avtomaşını yerləşdirdik. Kamran səfər boyu sürücülük öhdəliyimi yerinə yetirdiyinə görə ona ödəyəcəyi 700 ABŞ dollarını və boş dayandığı 5 günə görə 255 manatın cəmi olmaqla 1445 manat pul məbləğini bir neçə gündən sonra verəcəyini , həmin məbləğdən deformasiyaya uğramış avtomobilin şininin dəyərinin pulunu çıxacağını bildirdi. Cavabında avtomobilin şinləri səfərə çıxanədək xeyli işlənmiş vəziyyətdə olduğunu, onu dəyişmək üçün ehtiyyat şinin və qaldırıcı qurğunun olmadığını və bu səbəbdən deformasiya olunmuş şinə görə onun zəhmət haqqımdan 250 manatın çıxılmasına qəti razı olmadığını söylədi. Söhbət əsnasında Kamranın nəzərinə çatdırdı ki, beynəlxalq yük daşıma ilə məşğul olan sürücülərlə səfər zamanı söhbətləşəndə onlar iddiaçıya izah etdilər ki, sürücüyə ərzağa və digər zəruri xərclər üçün hər günü 15 ABŞ dolları pul ödənilir və bu qaydadan vaxtında xəbəri olmadığı üçün hazırda ondan səfərdə olduğu 52 gün ərzində ərzağa və digər zəruri xərclərə görə ödəmədiyi 780 ABŞ dolları pulu ona ödəməlidir. Belə ki, səfərə çıxmazdan əvvəl sözügedən xərcləri özünün ödəyəcəyini bidirsədə Kamran öhdəliyini icra etməmiş və bu xərcləri qarşılamaq üçün səfər vaxtı ondan 200 ABŞ dolları alıb bu məqsədlərə xərcləmişdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏN-Vİ № 189568 Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə Cavabdeh İddiaçı “Volvo FH 440” yük markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobili idarə etmək səlahiyyəti vermişdir. 21 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, o cavabdehin həyat yoldaşıdır. Avtomobil cavabdehə məxsusdur. O, işçi kimi hər görülən işlər barəsində cavabdehə hesabat verir. İddiaçı onu aldadaraq rus dilində sərbəst danışa bildiyini və peşəkar sürücü olduğunu bildirmişdir. İddiaçı ilə olan şifahi razılaşmaya əsasən ölkəyə geri qayıtdıqdan sonra xidmət haqqı müqabilində ona 900 ABŞ dolları məbləğində pul verəcəyi ilə bağlı razılaşmışdırlar. Səfərdə olan müddətdə iddiaçıya razılaşdırılmış puldan 200 ABŞ dolları vermişdir. Lakin qalan məbləği iddiaçıya ödəmədim. Çünki iddiaçının təqsiri ucbatından avtomobilin təkəri yararsız vəziyyətə düşmüşdür və bunun nəticəsində cavabdehə ziyan dəymişdir. Həmin tarixdə keçirilmiş iclasda iştirak etmiş iddiaçı bildirmişdir ki, cavabdehin həyat yoldaşı ilə xidmət haqqı müqabilində ona 900 ABŞ dolları məbləğində pul verəcəyi ilə bağlı razılaşmışdırlar. Səfərdə olan zaman həmin məbləğdən ona cəmi 200 ABŞ dolları pul verilmişdir. Avtomobilin təkərinin yararsız hala düşməsi onun təqsiri ucbatından olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi formada razılıq əldə edilmişdir. Razılığa əsasən iddiaçı “Volvo FH 440” yük markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobili idarə etməklə avtomobilə yığılmış yükləri Qazaxıstan Respublikasının iki şəhərinə çatdırmaq, oradan isə RF-nın Naberejnı-Çelnı şəhərinə gedib avtomobil mühərriklərindən ibarət yeni yükü götürüb Gəncə şəhərinə gətirmək öhdəliyini daşımışdır. Həmin xidmətin müqabilində iddiaçı işin sonunda 900 ABŞ dolları haqq almalı idi. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh iddiaçı ilə şifahi razılaşmanın şərtlərinə əməl etməmişdir. Belə ki, razılaşdırılmış məbləğdən 200 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməsinə baxmayaraq qalan 700 ABŞ dolları məbləğində pulu ödəməkdən boyun qaçırmışdır. Mülki Məcəllənin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Qeyd olunan normalara istinadən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya ödəməli olduğu pul vəsaitini razılaşdırılmış müddətdə qaytarmaq öhdəliyini tam yerinə yetirmədiyi üçün, həmin məbləğ ondan tutularaq iddiaçıya verilməlidir. Belə ki, razılaşdırılmış 900 ABŞ dolları məbləğində puldan 200 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsinin hazırda işin mübahisəsiz halı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, 700 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismən təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 43 manat dövlət rüsumunun 22 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 700 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 22 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1238/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1238/2023
05.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver