Məhkəmə qərarları › İş №2(009)-1253/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1253/2024

25.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1253/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə “Lalafo” tətbiqində ikinci əl ev əşyalarının satışı barədə elan yerləşdirmiş, xx.xx.2024-cü il tarixdə +**********95 nömrəsindən Cavabdeh ona zəng vuraraq əşyaları almaq istədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 00.15-də cavabdeh onun yaşadığı mənzilə gələrək aşağıdakı əşyalara baxdıqdan sonra öz aralarında ümumi olaraq 850 manat məbləğində dəyərləndirərək razılaşmışlar və göstərilən məbləğin 300 manatını həmin gün, qalan məbləği isə 550 manatı 3 ay ərzində hər ayın 25-də ödəməklə akt bağlamışlar: - Divar tablosu “Bronzadan Atlar” - Meyvə qabı “Ana və bala fillər” - Saat və 2 ədəd “Şamdan” yazılı - “Jurnalnı” masa bronzadan - Divar tablosu “Ana və övladları” - “Tək qartal” podstavka - “Heykəl qızlar” podstavka - “Əli qılıncı” - “Məryəm və uşaq” tablo - Mini dəri divan - Ev telefonu qədimi - Dəvə fiquru - At fiquru. Bütün bu prosesi və aldığı əşyaların ödənişi barədə razılaşmanı video çəkilişlə öz imzası ilə təsdiqləyərək cavabdeh oğlunun köməyi ilə əşyaları həyətdə dayanan maşına yükməmişdir. Əşyalar yükləndikdən sonra cavabdeh demişdir ki, bu gün verməli olduğu məbləğ maşındadır. Oğlu əynini dəyişib cavabdehin dalınca aşağı düşəndə o, gözləmədən artıq çıxıb getmişdir. Zənglərinə də cavab verməmişdir. Qeyd olunanlara baxmayaraq ödəniş vaxtı gəldikdə cavabdeh əlaqəyə çıxmamış və o, dəfələrlə zəng etsə də, cavabdeh zənglərinə cavab verməmişdir. O, “whatsap” üzərindən əlaqə saxlamağa çalışdığında da, cavabdeh mesajlarını oxuyaraq cavablandırmamışdır. Cavabdeh almış olduğu əşyaların pulunu 3 ay müddətinə hissə-hissə qaytarmağa söz vermişdir. Lakin 2 aydan artıq müddət keçdiyinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə vaxtı uzadır. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 850 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh dəyəri 200 manat olan divar tablosu “Bronzadan atlar”, dəyəri 150 manat olan meyvə qabı “Ana və bala fillər”, dəyəri 50 manat olan saat və 2 ədəd “Şamdan” yazılı, dəyəri 150 manat olan “Jurnalnı” masa bronzadan, dəyəri 50 manat olan divar tablosu “Ana və övladları”, dəyəri 50 manat olan “Tək qartal” podstavka, dəyəri 10 manat olan “Heykəl qızlar” podstavka, dəyəri 30 manat olan “Əli Qılıncı”, dəyəri 20 manat olan “Məryəm və uşaq” tablo, dəyəri 200 manat mini dəri divan, dəyəri 20 manat olan ev telefonu qədimi, dəyəri 10 manat olan dəvə fiquru, dəyəri 10 manat olan at fiqurunun ona verilməsi və ya onların dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, məhkəməyə müraciət etdikdən sonra cavabdehlə müxtəlif telefonlar vasitəsi ilə əlaqə saxlamış, əmlaklarını tələb etmiş, cavabdeh isə ona “atdığını”, məhkəməni isə saymadığını bildirmişdir. Cavabdehlə əvvəllər tanış olmamış, oğlu Türkiyədə oxuduğu üçün pul lazım olmuş, bu səbəbdən müəyyən əmlakların satıb pul əldə etmək istəmiş, cavabdeh də sosial şəbəkədə yerləşdirdiyi əmlakları almaq üçün onun evinə gəlmiş, cəmi 850 manat dəyərində əmlakları bəyənib avtomaşınına yükləmiş, oğlu da daşımalarda kömək etmiş, razılaşmışlar ki, 300 manat nağd, 550 manat isə 3 ay ərzində hissəhissə ödəniləcəkdir, 300 manatı gətirmək üçün avtomaşına getmiş və maşını sürüb onun evindən uzaqlaşmışdır. Bununla bağlı 24-cü Polis Bölməsinə müraciət etmiş, oradan ona mübahisənin mülki xarakterli olması ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. O, əmlakını və ya onun dəyərini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, flaş-kartda olan video və audio görüntüləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə Cavabdeh tərəfindən yazılmış iltizamından görünür ki, o, İddiaçı ona məxsus tablo və heykəlciklər almış, ona olan 550 manat borcunu ayda 200 manat ödəməklə razılığa gəlmişlər və öz imzası ilə təsdiq etmişdir: dəyəri 200 manat olan divar tablosu “Atlar”, dəyəri 150 manat olan meyvə qabı “Fillər”, dəyəri 50 manat olan “Şamdan”, dəyəri 150 manat olan “Jurnalnı”, dəyəri 50 manat olan divar tablosu “Ana və övladları”, dəyəri 50 manat olan “Tək qartal” podstavka, dəyəri 10 manat olan “Heykəl qızlar” podstavka, dəyəri 30 manat olan “Əli Qılıncı”, dəyəri 20 manat olan “Məryəm və uşaq” tablo, dəyəri 200 manat divan, dəyəri 20 manat olan ev telefonu, dəyəri 10 manat olan dəvə fiquru, dəyəri 10 manat olan at fiquru. İş üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Seymur Qarayev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən onun “102 xidmət” zəng mərkəzi sisteminə telefonla vermiş olduğu məlumatla bağlı mübahisənin mülki xarakterli olması qeyd edilərək məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus və iddia ərizəsində sadalanan ev əşyalarının satışı barədə elan yerləşdirmiş, cavabdeh onunla əlaqə saxlayaraq əşyaları almaq istədiyini bildirmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçının mənzilə gələrək həmin əşyalara baxdıqdan sonra tərəflər öz aralarında bəyənilən əmlakları 850 manat məbləğində dəyərləndirərək, həmin məbləğdən 300 manatını həmin gün, qalan 550 manat məbləği isə 3 ay ərzində ödənilməsi barədə razılığa gəlmişlər. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh əmlakları götürdüyü gün razılaşdırılmış 300 manatı da ödəməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, aldığı əşyaların ödənişi barədə razılaşmanı video çəkilişlə öz imzası ilə təsdiqləyərək cavabdeh iddiaçının oğlunun köməyi ilə əşyaları həyətdə dayanan maşına yükməmişdir. Əşyalar yükləndikdən sonra cavabdeh demişdir ki, bu gün verməli olduğu məbləğ maşındadır. Oğlu əynini dəyişib cavabdehin dalınca aşağı düşəndə sonuncu gözləmədən artıq çıxıb getmişdir. Zənglərinə də cavab verməmişdir. Qeyd olunanlara baxmayaraq ödəniş vaxtı gəldikdə cavabdeh əlaqəyə çıxmamış və iddiaçı dəfələrlə zəng etsə də, cavabdeh zənglərinə cavab verməmişdir. Cavabdeh almış olduğu əşyaların pulunu 3 ay müddətinə hissə-hissə qaytarmağa söz vermişdir. Lakin 2 aydan artıq müddət keçdiyinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə vaxtı uzadır. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Bu səbəbdən o, cavabdehdən dəyəri 200 manat olan divar tablosu “Bronzadan atlar”, dəyəri 150 manat olan meyvə qabı “Ana və bala fillər”, dəyəri 50 manat olan saat və 2 ədəd “Şamdan” yazılı, dəyəri 150 manat olan “Jurnalnı” masa bronzadan, dəyəri 50 manat olan divar tablosu “Ana və övladları”, dəyəri 50 manat olan “Tək qartal” podstavka, dəyəri 10 manat olan “Heykəl qızlar” podstavka, dəyəri 30 manat olan “Əli Qılıncı”, dəyəri 20 manat olan “Məryəm və uşaq” tablo, dəyəri 200 manat mini dəri divan, dəyəri 20 manat olan ev telefonu qədimi, dəyəri 10 manat olan dəvə fiquru, dəyəri 10 manat olan at fiqurunun ona verilməsi və ya onların dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Göstərilən Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. «Ə.Ə.Məmmədyarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 2004-cü il 03 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2005-ci il tarixli qərarında göstərilmişdir ki, əsas insan hüquqlarından olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir (maddə 60). Ölkəmizdə mülki hüquqların müdafiəsini qanunla müəyyənləşdirilmiş iş aidiyyətinə uyğun və konkret məhkəmə instansiyalarının səlahiyyətlərinə, hüquq və vəzifələrinə müvafiq olaraq məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 5 №-li Qərarının 23-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı, təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin, mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadadan istisna kimi baxılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya məxsus olan əşyaları götürsə də, tərəflər arasında olan razılığa əsasən müəyyən edilmiş həmin əşyaların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də məhkəmə iddia ərizəsində sadalamış əmlakların iddiaçıya verilməsi tələbini əsaslı hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsində sadalanan əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəri cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə aşağıdakı əmlaklar natura şəklində tutulsun: - dəyəri 200 manat olan divar tablosu “Bronzadan atlar”, dəyəri 150 manat olan meyvə qabı “Ana və bala fillər”, dəyəri 50 manat olan saat və 2 ədəd “Şamdan” yazılı, dəyəri 150 manat olan “Jurnalnı” masa bronzadan, dəyəri 50 manat olan divar tablosu “Ana və övladları”, dəyəri 50 manat olan “Tək qartal” podstavka, dəyəri 10 manat olan “Heykəl qızlar” podstavka, dəyəri 30 manat olan “Əli Qılıncı”, dəyəri 20 manat olan “Məryəm və uşaq” tablo, dəyəri 200 manat mini dəri divan, dəyəri 20 manat olan ev telefonu qədimi, dəyəri 10 manat olan dəvə fiquru, dəyəri 10 manat olan at fiquru. AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların dəyəri tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar