Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1260/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 95 saylı evin 8 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və həmin qətnamənin onun pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 95 saylı evin 8 nömrəli mənzilini xx.xx.2021-ci il tarixdə 51 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin mənzil xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin mülkiyyətçisidir və orada yaşayır. Həmin vaxtdan ev onun sahibliyində və istifadəsindədir. Lakin mənzil ona təhvil verilsə də, mənzilin keçmiş sakini olan cavabdeh hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır. Hal-hazırda cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 51 saylı Notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə X2 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 95 saylı evin 8 nömrəli mənzilini İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 95 saylı evin 8 nömrəli mənzili xx.xx.2021-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DİN yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 95 saylı evin 8 nömrəli mənzilində Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış ərizənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası vətəndaşı olan Moskva şəhərində yaşayan Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 95 saylı evin 8 nömrəli mənzilinin özgəninkiləşdirilməsinə razılıq vermiş və etiraz etməmişdir. Ərizənin məzmunundan da görünür ki, Cavabdeh Rusiya Federasiyası vətəndaşı kimi göstərilməklə Moskva şəhərində yaşayır. İddia ərizəsinin məzmunundan və tələbdən görünür ki, iddiaçının bu iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi cavadehi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarmaqdır. Bununla bağlı qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Qərarda həmçinin göstərilmişdir ki, “mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 95 saylı evin 8 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması ilə bağlı səlahiyyətli icra hakimiyyəti orqanına müraciət etməli, müraciətin nəticəsindən narazı qaldığı halda “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması” tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1260/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1260/2022
21.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver