Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1279/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİQİİ-nə qarşı avtomaşına mülkiyyət hüququnun tanınması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİQİİ-nə qarşı ona məxsus avtomaşına mülkiyyət hüququnun tanınması və ona qarşı edilmiş süründürməçiliyə görə BDYPİ-nin inspektoru İftixar Həsənovdan vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən İsrail Respublikasından şəxsi istifadəsi üçün maşın gətizdirilmiş və avtomaşının bütün gömrük xərclərini ödədikdən sonra maşını adına rəsmiləşdirmək üçün AR Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmişdir. Lakin BDYPİ-dən ona həmin avtomaşının ban nömrəsinin kustar üsulla vurulmasına görə fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və həmin qərarda iddiaçıya avtomaşın üzərinə mülkiyyət hüququnun tanınması ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi iddiaçının xaricdən gətirdiyi nəqliyyat vasitəsinin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alımnasından cavabdeh orqan tərəfindən imtina olunmuşdur və iddiaçı pozulmuş hesab etdiyi hüquqların bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir. Hakim qeyd edir ki, xaricdən gətirilən nəqilyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alımnası AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 No-li qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən həyata keçirilir. Hakim hesab edir ki, iddiaçının irəli sürdüyü tələb inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin qoyulması ilə bağlı olduğu üçün, həmin tələbə inzibati icraat qaydasında baxılmalıdır. AR İPM-nin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının digər tələbi, yəni vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə tələbə ümumi məhkəmədə baxıla bilməz və həmin tələbə də inzibati məhkəmədə baxılmalıdır. AR İXM-nın 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə iddiaçının irəli sürdüyü tələblər ümumi məhkəmədə baxılmalı olmadığı üçün, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hakim izah edir ki, iddiaçı ilk növbədə AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 No-li qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən nəqliyyat vasitəsinin qeydiyyata alınması üçün müvafiq orqana (Baş Dövlət Yol Polis İdarəsinə) müraciət etməlidir. Sonuncu nəqliyyat vasitəsinin qeydiyyata almaqdan imtina edərsə və yaxud rəsmi müraciətinə hər hansı cavab verməzsə, bu halda iddiaçı AR İPM-nin 2.2.3 və 2.2.7-ci maddələrinə əsasən inzibati orqana qarşı inzibati məhkəmədə iddia qaldıra bilər. Hakim eyni zamanda qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən işlərə ümumi məhkəmədə baxılması zamanı iddia hüquqi şəxsin hüquqi ünvanı üzrə yerləşən məhkəməyə verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİQİİ-nə qarşı avtomaşına mülkiyyət hüququnun tanınması və vurulmuş ziyanın ödənilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1279/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1279/2021
19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver