Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1306/2022 19.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə 19 avqust 2022-ci il tarixdə, Bakı şəhərində, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi zərər qismində 7000 manat, mənəvi ziyan qismində 8000 manat, məhkəməyə sənədlərin hazırlanması üçün 100 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 fevral 2022-ci il tarixində saat 21:20 radələrində , özünə məxsus “Toyota Prius” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsində yolun sol tərəfındən saxlamış və avtomobilin arxa sağ qapısından yerə tökülən əşyalarını yığılması məqsədilə , avtomobilin açıq vəziyyətdə olan arxa sağ qapısının yanında arxa hissəsi ilə yolun hərəkət hissəsində dayanıb əşyaları yığarkən , onun sol tərəfindən Zərifə Əliyeva küçəsi ilə Rəsul Rza küçəsinə doğru „ hərəkət edən “London taksi ” markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamadan onun ayağının topuq nahiyəsindən düz yuxarı hissəsindən hərəkətdən olan avtomobilin təkəri ilə üstündən keçmiş , avtomaşının sürücü hadisə yerində saxlamayıb hadisə yerindən qaçmışdır və ona köməklik göstərməmişdir. Həmin vaxtı o xəsarət aldığından yerdə uzanıqlı vəziyyətdə qalmış və sonradan AR DİN “102” Xidmətinə zəng edib məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gəlmiş və ona tibbi yardım edilməsi üçün təcili yardım çağırılmış və onu travmatologiya institutuna gətirmişlər və ilkin tibbi yardım etmişlər. Baş verimiş hadisə Rəsul Rza küçəsi ilə Zərifə Əliyeva küçələrində quraşdırılmış Təhlükəsizlik kameralanmda qeydə alınmışdır. İşin araşdırılması zamanı onun aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün ilkin Məhkəmə -Tibbi Ekspertiza keçirilmiş və xx.xx.2022-ci il taixli 76 N:li Rəydə qeyd edilmişdir ki, “onda olan xəsarətlər -sağ aşıq -baldır oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ baldırın orta 1/3 -dən başlayaraq ayaq pəncəsinin ayaqarxası səthindəki uzanan hematoması, eləcədə sağ baldırın orta və aşağı 1/3-nin arxa səthinin sıyrığı bərk küt əşyanın təsiri nəticəsində yarandığı və xx.xx.2022-ci il tarixinə yol-nəqliyyat hadisəsi , o cümlədən avtomobilin təkərlərinin piyadanın baldırı üzərindən keçməsi nəticəsində əmələ gəldiyi qeyd edilmişdir. Ona vurulmuş xəsarətlərin dərəcəsinin ümumilikdə sağlamlığın qısa müddətdə pozulması ilə nəticələnən yüngül zərər vurmaya aid edilmişdir. İşin təkara araşdırılması məqsədi ilə Komission Məlikəmə -Tibbi Eksprtiza təyin edilmiş və Ekspertizanın keçirilməsi AR Müdafiə Nazirliyinin Məlikəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin ekspertlər komissiyasına həvalə edilmişdir. AR MN Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Canlı şəxsin məhkəmə tibbi ekspertizası k/94 N:li Ekspert Rəyində göstərilmişdir ki, “İddiaçı xx.xx.2022-ci il tarixdə X4 Mərkəzində cərrah tərəfindən müayinə olunan zaman ona sağ ayağı ətrafın baldır nahiyyəsinin aşağı 1/3 hissəsinin infeksiyalaşmış nekrozlaşmış yarası təyin edilmiş və xx.xx.2022-ci il tarixdə məhkəmə -tibbi müayinəsi zamanı “sağ baldırın aşağı 1/3-nin qranulyasiyah infeksiyalaşmış nekrozlaşmış yarası, baldırın aşağı 1/3-nin ödemi ” diaqnozla patalogiya aşkar edilmişdir. Həmçinin, o akademik M. A.Topçubaşov adına X2 29 .03.2022-ci il tarixində müayinə olunmuş və müayinən nəticəsi ondan ibarət olunmuşdur ki, “ Sağ aşağı ətrafın nekrozlaşmış Venoz çatışmamazlıq ” diaqnozu qoyulmuşdur. Eyni zamanda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” onu müayinə etmiş və onun xəsəliyinə “Sağ ətraf baldır nahiyyəsinin aşağı 1/3 issəsinin infeksiyalaşmış nekroz yarası , hemotoz, hematoma qeyd olunur ” Xəstəyə bir il müddətində müalicə olunmağı məsləhəti görülmüşdür.Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhəri Səbail Rayon Polis İdarəsi Təhqiqat Şöbəsində araşdırma aparılmış və , .2022-ci il tarixində AR CPM-nin 39.1.2-ci maddəsi ilə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir “ və ona xəsarət yetirən “London taksi” markalı ** TA *** qeydiyyat mömrəli avtomaşının sürcüsü Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Səbail RPİ -nin DYPŞ vasitəsi ilə məhkəməyə göndəriməsi qeyd edilmiş və təqsirli sürücü barəsində İnzibati Protokol tərtib edilmişdir. Onu çoxsaylı həkimlər müayinə və müalicə etmələrinə baxmayaraq xəstəliyi sağalmamaış və həkimlər “onun sağ baldır ətrfında dəri köçürmə əməliyyatı keçirilməli olduğunu bildirmişlər. Belə ki, avtoqəza nəticəsində aldığı xəsarətləri müalicə etmək üçün o bir neçə dəfə MRT və KATE müayinələrində olmuş və damarlarında qan tığacları (tromb) olduğunda təkrar “Dopler” əməliyyatları aparılmışdır. Həmçinin, Sağ ətraf baldır nahiyyəinin aşağı 1/3 issəsinin infeksiyalaşmış nekroz yarası bir il müddətində müalicə olunmalıdır “. Bu isə o deməkdir ki, onun baldırının vəziyyəti ağırdır və uzun müddətli müalicə alamadığı təqdirdə “ ayağının qanqrena olmaq təhlükəsi ” vardır . Artıq 4 aydır ki, o polklinikalara və xəstəxanalara gedib gəlir və həkimlərin məsləhətləri ilə müalicə olunur . Bu vaxta kimi onun ayağının müalicəsinə 7000 (yeddi min) manat vəsait sərf etmiş və həmin vəsaitin cavabdehdən tutulub ona verilməsini xahiş edir. Bu barədə həkimin müayinə qəbzlərini və resptləri məhkəməyə təqdim edir. Eyni zaman da qeyd edir ki, o öz ailəsini xırda sahibkarlıqla məşğul olaraq dolandırır. Baş vermiş hadisədən sonra 4 aydır o heç bir fəaliyyət göstərə bilmir. Daimi həkimlərin yanına gedib gəlir və müalicə alaır . Çünki ayaq üstə düra bilmir və daimi dərmanlarla müalicə alsa da , aldığı xəsarət bu vaxta kimi sağalmamışdır. Ona görə hesab edir ki, onu avtomaşınla vurub qaçan və onu ağır xəsarət yetirməklə pis vəziyyətə salan Cavabdeh çəkdiyi mənəvi zərər üçün 10.000 (on min) manat vəsait tutulub ona verilməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, hadisə baş verdikdən sonra bir neçə sayda və növdə antibiotik dərmanları almış və iddiaçıya vermişdir. Daha sonra müstəntiqin yanında iddiaçı həmin dərmanlardan bəzilərini ona qaytarmış və lazımi başqa dərmanlar ilə dəyişdirməsini xahiş etmişdir. Sığorta şirkəti tərəfindən iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 750 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. İddiaçı tərəfindən 7,000 manat məbləğində pulun müalicəsinə sərf olunmasını ağlabatan hesab etmir. Belə ki, iddiaçının almış olduğu xəsarət yüngül xəsarət olduğundan iddia ərizəsində qeyd olunan məbləğdə pulun müalicəyə sərf olunması inandırıcı görünmür. Məhkəmə tərəflərin izahatlarını, işin hallarını və dəlillərini araşdırıb, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarda qeyd olunur ki, aparılan araşdırılma zamanı müəyyən edilmişdir ki, sürücü Cavabdeh "xxxx" MMC-yə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi London TX5 markalı, ** TA *** dövlət qeydiyyat nişanlı taksi avtomobillə xx.xx.2022-ci il tarixdə saat 21:20 radələrində Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə hərəkət edib Rəsul Rza küçəsinə dönən zaman ehtiyatsızlıq edib piyada qismində olan İddiaçı sağ ayağına dəyərək sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli K/94-2022 saylı arayışın surətindən görünür ki, vətəndaş İddiaçı sağ aşıq-baldır oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ baldırın orta 1/3-dən başlayaraq ayaq pəncəsinin ayaqarxası səthinədək uzanan hematoması, eləcədə, sağ baldırın orta və aşağı 1/3-nin arxa səthinin sıyrığı olmuşdur. Qeyd ediən xəstəlik bərk küt əşya təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2022-ci ilə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qeyd olunan maddi və prosessual hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsi hissəsində iddia qismən tələbi əsaslıdır və bu hissədə iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçının sağlamlığına Cavabdeh tərəfindən zərərin vurulması faktı iş materiallarında olan sübutlar ilə müəyyən edilmişdir və bu faktın əlavə sübuta ehtiyacı yoxdur. Məhkəmə hesab edir ki, maddi zərər 1,460 manat məbləğində bilavasitə zərər vurmuş şəxs olan Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunan müalicə mərkəzlərinin iddiaçıya təyin etdiyi dərman, habelə müalicə mərkəzləri tərəfindən iddiaçıya göstərilmiş xidmətlərin siyahılarının surətlərindən (müayinə və dərmanların alınması üçün xərclənmiş pul məbləğlərinin cəmindən) və “Diaqnoz” Tibb Mərkəzinin məhkəməyə ünvanladığı 16 avqust 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən hadisə baş verən tarixdən hazırki vaxtadək zərərin aradan qaldırılması üçün 2,210 manat məbləğində pul vəsaiti xərclənmişdir. Məhkəmə sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 750 manat zərər əvəzini nəzərə alaraq qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 2,210 manat zərər məbləğindən ödənilmiş 750 manat sığorta məbləği çıxılmaqla yerdə qalan 1,460 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən təqdim olunmuş “Diaqnoz” tibb mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müayinə və müalicə arayışlarına münasibətdə məhkəmə qeyd edir ki, həmin arayışlar iddiaçıya dəymiş maddi ziyanın hesablanmasında nəzərə alına bilməz. Belə ki, həmin arayışlarda iddiaçının xəsarət almış olduğu bədən üzvü ilə bağlı hər hansı müayinə və müalicə almış olduğu əks olunmamışdır. Mənəvi ziyanın ödənilməsinə dair iddia tələbini araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi təmin edilməməlidir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Belə ki, iddiaçı mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürmüş olsa da, göstərilən zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını, fiziki və mənəvi sarsıntı keçirməsini hər hansı hal və faktla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi hissəsində öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəməyə sənədlərin hazırlanması üçün 100 manat pulun ödənilməsi tələbini araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi də təmin edilməməlidir. Belə ki, iş materiallarında iddia tələbinin qeyd olunan hissəsini təsdiq edən hər hansı sübuta rast gəlinmir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə belə nəticə gəlir ki, vurulmuş maddi ziyana görə 1,460 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qalan hissədə isə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 1,460 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1306/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1306/2022
19.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver