Məhkəmə qərarları › İş №2(009)-1307/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1307/2021

24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1307/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Cavabdeh1 maraqlı şəxslər İddiaçı qarşı mülki işin icraatının bərpa edilməsi barədə ərizəsinə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Cavabdeh1 itirilmiş məhkəmə icraatının bərpasına dair ərizə ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 19.06.2007-ci il tarixli, 2-872/07 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oölu və Cavabdeh4 qarşı “mənzilə köçürülmə, mənzildən istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınmasına dair “ iddia tələbi təmin edilməklə onun ünvan 1 ünvanına yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi qət edilmişdir. Həmin mülki prossesdə ərizəçi cavabdeh qismində iştitak etmişdir. Qətnamə ərizəçiyə və iş üzrə cavabdeh olan digər ailə üzvlərinə təqdim edilmədiyindən qətnamənin mövcudluğundan ərizəçinin xəbəri olmamışdır. Ərizəçinin müraciəti əsasında qətnamə yalnız 09.09.2020-ci il tarixdə rəsmi qaydada ona təqdim edilmiş və həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(103)-8144/2020 saylı qərardadı ilə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli, 2(009)- 827/2007 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilərək mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi öz qərardadını əsaslandırarkən qeyd etmişdir ki, verilmiş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün məhkəməyə göndərilən materiallardan müəyyən edilir ki, materiallar mülki işin özü deyildir və həmin materiallar yalnız Səbail rayon Məhkəməsiin 2-872/07 nömrəli, 19 iyun 2007-ci il tarixli qətnaməsi, məktublar, ərizə və hazırda verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərdən ibarətdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi hesab etmişdir ki, göndərilmiş materiallar əsasında apelyasiya şikayətinə baxılması mümkün deyildir. Eyni zamanda Bakı Apelyasiya Məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 2(009)-872/2007 nömrəli, 16.09.2020-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil 11.09.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsinə daxil olmuş apelyasiya şikayəti əsasında araşdırılma aparılarkən 2(009)-872 saylı mülki işin Bakı Apelyasiya Məhkəməsinə göndərildiyi, lakin geri qaytarılmadığı müəyyən olunmuşdur. Bu səbəbdən 2(009)-872/2007 saylı mülki işin Bakı şəhəri Səabil rayon Məhkəməsinə göndərilməsi xaiş edilmişdir. Həmin məktuba Bakı Apelyasiya Məhkəməsinin 08.10.2020-ci il tarixli cavab məktubundan görünür ki, tələb edilən 2(009)-872/2007 saylı mülki iş Bakı Apelyasiya Məhkəməsində aşkar edilmişdir. Bununla bağlı Bakı Apelyasiya məhkəməsi qeyd dilən qərardadında xatırlatmışdır ki, 2(009)-872/2007 saylı mülki iş itirilmişdirsə, “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Mülki Prossesual Məcəlləyə Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə icraatının bərpası haqqında ərizə ilə itirlmiş məhkəmə icraatı bərpa edilə bilər. Ərizəçi bildirir ki, o, Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə razılaşmadığından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti versə də, Ali Məhkəmənin 2(102)-1222/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(103)-8144/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 22.06.2007-ci il tarixli məktubundan görünür ki, Səbail rayon Məhkəməsinin 19.06.2007-ci il tarixli qətnaməsi məlumat üçün tərəflərə göndərilmiş, lakin qətnamənin iddiaçı və cavabdeh tərəfindən alınması barədə heç bir sənəd yoxdur. İş üzrə Səbail rayon Məhkəməsinin Səbail rayon Mİ Şöbəsinə və Səbail rayon Polis İdarəsinə göndərilmiş məktubundan görünür ki, Səbail rayon Məhkəməsinin 19.06.2007-ci il tarixli, 2-872/07 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün 26.07.2007-ci il tarixdə imza olunmaqla təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 19.06.2007-ci il tarixli, 2-872/07 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oölu və Cavabdeh4 qarşı “mənzilə köçürülmə, mənzildən istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınmasına dair “ iddia tələbi təmin edilməklə onun ünvan 1 ünvanına yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi qət edilmişdir. İş materiallarında olan 2-529/2007 nömrəli apelyasiya şikayətindən görünür ki, ərizəçi Bakı şəhəri, Səbail rayon məhkəməsinin 19.06.2007-ci il tarixli, 2-872/07 saylı qətnməsindən apellyasiya şikayəti verərək həmin qətnaməninləğv edilib iddia tələblərinin rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xaiş etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(103)- 8144/2020 saylı qərardadından görünür ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli, 2(009)-827/2007 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış16.09.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil 11.09.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsinə daxil olmuş apellyasiya şikayəti əsasında araşdırılma aparılarkən 2(009)-872 saylı mülki işin Bakı Apelyasiya Məhkəməsinə göndərildiyi, lakin gei qaytarılmadığı müəyyən olunmuşdur. İş materiallarında olan 16.11.2020-ci il tarixli kassasiya şikayətindən görünür ki, Bakı ərizəçi Bakı Apelyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(103)-8144/2020 saylı qərardadının ləğv edilməsini, mülki iş üzrə Cavabdeh1 apelyasiya şikayətinin mümkünlüyü haqqında qərar çıxarılmasını xaiş etmişdir. İş materiallarında olan Ali Məhkəmənin 2(102)-1222/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(103)-8144/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinn yaşayış yei üzrə qeydiyyat haqqında 16.03.2021-ci il tarixli, 3984169№-li arayışında görünür ki, ərizəçi Cavabdeh1 Bakı şəhəri Səbail rayonu, Z.Tağıyev küçəsi, ev14, m.34 üzrə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2000-2010-cu illər üzrə saxlama müddəti keçmiş mülki işləri məhv edilmiş, həmin işlər üzrə isə qətnamə və qərardadlar çıxarılıb qovluqda saxlanılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2-872/2007 saylı mülki iş məhv edilmiş və yalnız çıxarılmış məhkəmə qətnaməsi və qətnamənin icraya göndərilməsinə dair məktub saxlanılmışdır. Həmin qətnamə təkrar icraya yönəldikdən sonra iş üzrə Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmiş, apelyasiya şikayəti əsasında məhv olunmuş mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli qərardadı ilə Səbail rayon Məhkəməsinin 2(009)- 872/2007 saylı 19.06.2007-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin həmin qərarında mülki iş bərpa olunmadan apelyasiya şikayətinə baxılmasının mümkün olmadığı göstərilmişdir. Səbail rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 itirilmiş məhkəmə icraatının bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əlavəsində «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi» proseduru nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəlləsində saxlama müddəti keçdiyinə görə məhv edilmiş icraatın bərpa edilməsi proseduru isə nəzərdə tutulmamışdır. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında xüsusi vurğulanmışdır ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur. Bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquqtətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır.Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, belə hüquq normasının olmaması işin baxılmasından imtina edilməsinə səbəb ola bilməz və MPM-nin «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi» bölməsinin müddəaları anologiya üzrə tətbiq edilməlidir. İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş Əlavənin 1-ci bəndinə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam edilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Həmin Əlavənin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 10-cu bəndində qeyd olunur ki, itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə xitam verilməsinə dair qəradadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. Həmin Əlavənin 15-ci bəndinə əsasən itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı mənzilə köçürülmə, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması tələbinə dair iddiasının təmin olunması və iddiaçının Bakı şəhəri, Z.Tağıyev küçəsi ev 14 mənzil 34 ünvana yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi tələbinə dair iddiası üzrə Səbail rayon Məhkəməsində baxılmış 2-872/2007 saylı iş üzrə məhv edilmiş (itirilmiş) icraat bərpa olunmalı və məhv edilmiş (itirilmiş) məhkəmə icraatı bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2-872/2007 nömrəli mülki iş üzrə məhv edilmiş (itirilmiş) məhkəmə icraatı bərpa edilsin. Həmin iş üzrə İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı mənzilə köçürülmə, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması tələbinə dair iddiasının təmin olunması və iddiaçının Bakı şəhəri, Z.Tağıyev küçəsi ev 14 mənzil 34 ünvana yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi barədə 19 iyun 2007-ci il tarixli qətnamənin qəbul edilməsi müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar