Məhkəmə qərarları › İş №2(009)-1310/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1310/2021

05.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1310/2021 05.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndə və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı «xarici tələbənin ali təhsil müəssisəsindən xaric edilməsinə dair əmrin ləğv edilməsi və tələbələri sırasına bərpa edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun universitetin tələbləri sırasından xaric edilməyinə dair cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin 18.03.2021-ci il tarixli 160/4/2021 saylı əmrinin ləğv edilməsinə və onun aldığı ixtisas üzrə universitetin tələbələri sırasına bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Rusiya Federasiyası vətəndaşıdır. Əcnəbi vətəndaş olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” qaydalarına uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasına qəbul olunmuşdur. Təhsilinin 1-ci ilini uğurla başa vurmuş, təhsil müddətində bütün qaydalara tərəfindən tam riayət edilmiş, təhsil haqqı ödənilmişdir. Təhsilinin 2-ci ilində cavabdeh- Azərbaycan Dövlət İqtisad Universiteti 18 mart 2021-ci il tarixli 160/4/2021 saylı əmr qəbul edərək, əmrdə qeyd etmişdir ki, “əcnəbi tələbə olaraq sənədləri təqdim etmədiyinə görə universitetin tələbələri sırasından 12 mart 2021-ci il tarixdən xaric edimişdir”. Həmin əmrdə qeyd edilmişdir ki, əmrin qəbul edilməsinə əsas: universitetin beynəlxalq əməkdaşlıq departamentinin direktorunun təqdimatıdır. Bildirir ki, onun universitetin tələbələri sırasından xaric olunmağı üçün əmrdə qeyd edilən heç bir hal mövcud deyildir. Universitetə qəbul edilərəkən, tərəfindən cavabdeh orqan tərəfindən tələb edilən bütün sənədlər təqdim edilmişdir, əks halda 1-ci kursu oxuyub başa vurmağı və 2-ci kursun yarı idən çox müddətində təhsilini davam etdirməyi qeyri-mümkün olardı. Əmrin etibarsızlığını göstərən hallardan biri əmrin 18 mart 2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, onun 12 mart 2021-ci ildən xaric olunmağının qeyd edilməsidir. Bundan başqa, cavabdeh orqan məhz qanunla tələb edilən konkret hansı sənədin təqdim edilməməsini qeyd etməmiş, bu hal ilə bağlı Azərbaycan Respublikası qanunuvericiliyinin məhz hansı tələbini pozmağını qeyd etməmiş, nəhayətində hansı hüquq normasına əsasən belə pozuntunun universitetin tələbələr sırasından xaric olunması ilə (sanksiyalanması) nəticələnməsini əsaslandırmayaraq, qanunçuluq, mütənasiblik prinsipinə zidd əmr qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların 1.2-ci bəndində qeyd edilir ki, bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilat-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən əcnəbi və vətəndaşlığı olmayan tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələləri bu Qaydalarla tənzimlənir. Həmin Qaydaların 3-cü bəndində qeyd edilir: 3.1. Tələbə aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: 3.1.1.öz arzusu ilə; 3.1.2. başqa ali təhsil müəssisəsinə köçürüldükdə; 3.1.3. ali təhsil müəssisəsinin daxili intizam qaydalarım kobud şəkildə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən); 3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda. Yuxanda qeyd edilən heç bir hal ona münasibətdə mövcud deyildir. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin 18 mart 2021-ci il tarixli 160/4/2021 saylı əmri ləğv edilməli və onun tələbələr sırasına bərpa olunmaq vəzifəsi cavabdehə həvalə edilməlidir. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 365 saylı 22.08.2019-cu il tarixli Qərarı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edilmiş, həmin Nizamnamənin 1.2-ci bəndinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsdir. Həmçinin həmin Nizamnamənin 3.1.16-cı bəndinə əsasən UNEC-in fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının ‘'Vətəndaşların müraciətləri haqqında''İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək UNEC-in vəzifəsidir. Məhkəmə iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun əsaslı olduğundan təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyib onun əsassız olduğundan təmin edilməməsini xahiş etdi və izah etdi ki, İddiaçı 05.09.2019-cu il tarixli ərizə ilə Rusiya Federasiyası vətəndaşı kimi UNEC-ə müraciət etmiş, 27.09.2019-cu il tarixli 592/4/2019 nömrəli əmrlə xarici ölkə vətəndaşı kimi UNEC-ə qəbul olunmuş və onunla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın əlavəsinə uyğun olaraq müqavilə imzalanmışdır. Qəbul zamanı İddiaçı qüvvədə olan təhsil və miqrasiya qanunvericiliyinin tələbləri izah olunmuş və onun tərəfindən sənədlərin mövcud qaydalara uyğun olmadığı üçün məsuliyyəti öz üzərinə götürülməsi haqqında ərizə imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.4 bəndinə əsasən əcnəbi tələbə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilən Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi kartını ali təhsil müəssisəsinə təqdim etməlidir. İddiaçı tələb olunan müvəqqəti yaşayış icazəsi kartının alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin onun eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edildiyi üçün kartın verilməsindən imtina edilmişdir. Bu səbəbdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 1.2 bəndinə əsasən əcnəbi tələb kimi təhsil almasının hüquqi əsası yoxdur. Qeyd olunan Qaydaların 1.2. bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil almaq hüququna malikdirlər. Beləliklə, İddiaçı tələbə statusunu qazanmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6 bəndinə əsasən Azərbaycan Respublikasının X5 tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulunda iştirak etmək hüququna malikdir. Hazırki iddia üzrə iddinın təmini tədbiri haqqında qərardad qəbul edilən zaman Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 4.1 bəndinin tələbi nəzərə alınmamışdır, bu bəndə əsasən “tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər”. Tələbələr sırasından xaric olunma vaxtından bir semestr keçdikdən sonra (yay və qış tətilləri müddətində) bərpa olmaq şərti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi o.ilə tədrisin təşkili Qaydaları”nın tələblərindən irəli gəlir və tədrisin təşkili üçün mütləq və zəruridir. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından görünür ki, 07.05.2000-ci il təvəllüdlü İddiaçı ******* nömrəli pasporta əsasən Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarından görünür ki, İddiaçı 05.09.2019-cu il tarixli ərizə ilə Rusiya Federasiyası vətəndaşı kimi UNEC-ə müraciət etmiş, 27.09.2019-cu il tarixli 592/4/2019 nömrəli əmrlə xarici ölkə vətəndaşı kimi UNEC-ə qəbul olunmuş və Azərbaycan Dövlət İqtisad Universiteti ilə “Əsnəbi təhsilalan” İddiaçı arasında bağlanmış ödənişli təhsil almaq haqqında müqavilənin 1-ci bəndinə əsasən UNEC ödənişli əsaslarla “Əsnəbi təhsilalan”a Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında əyani, bakalavr təhsil səviyyəsinə uyğun maliyyə ixtisası üzrə təhsil verməyi, “Əsnəbi təhsilalan” “Əsnəbi təhsilalan” isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 2600 manat məbləğində təhsil haqqının UNEC-ə ödənilməsini öhdəsinə götürmüşdür. Təqdim olunmuş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən «xxxx» ASC vasitəsilə Azərbaycan Dövlət İqtisad Universitetinə 29.08.2019-cu il tarixdə təhsil haqqı olaraq 2600 manat məbləğində ödəniş olunmuşdur. Təqdim olunmuş Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev tərəfindən Universitetin rektoru Ədalət Muradova ünvanlanmış Əcnəbi tələbələrin xaric olunması haqqında xidməti məlumatdan görünür ki, beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsi tərəfindən 2020/2021-ci tədris ili ərzində aparılan yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, rus iqtisad məktəbinin 2-ci kurs “Maliyyə” ixtisası üzrə təhsil alan əcnəbi tələbə İddiaçı ilə bağlı ikili vətəndaşlıq halı müəyyən olunmuşdur. İddiaçı UNEC-ə qeyri-dövlət xətti ilə müqavilə əsasında qəbul olmuşdur. UNEC-in əsas tələbi olan qəbul olduqdan sonra müvəqqəti yaşayış icazəsi kartının alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin DMX tərəfindən əcnəbi vətəndaşın eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən olduğu üçün kartın verilməsindən imtina olunmuşdur. Yuxarıda qeyd olunan hal əcnəbi tələbənin qəbulu zamanı qəbul qaydalarının pozulması halı kimi müəyyən olunmaqdadır. Ona görə də, qeyd olunan əcnəbi tələbə barəsində xaric olunamsı haqqında müvafiq qərarın verilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin 18 mart 2021ci il tarixli 160/4/2021 nömrəli Əcnəbi tələbələrin xaric olunması haqqında əmrindən çıxarışdan görünür ki, beynəlxalq əməkdaşlıq departamentinin direktorunun müraciəti nəzərə alınaraq əcnəbi tələbə İddiaçı tələb olunan sənədləri təqdim etmədiyinə görə 12.03.2021-ci il tarixindən universitetin tələbələri sırasından xaric edilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti iddiaçını universitetdən xarixc etməsinin əsası kimi onun müqavilə bağlanan zaman Azərbaycan Respublikasının vətəndaşı olmasına, bu səbəbdən onun əcnəbilər üçün nəzərdə tutulmuş qaydada müqavilə əsasında ali təhsil müəssisəsinə qəbulunun yolverilməz olduğuna istinad etmişdir. İddiaçı isə bu halı mübahisələndirərək xarici ölkə vətəndaşı statusundan istifadə etməklə Azərbaycan Dövlət İqtisad Universitetində müqavilə əsasında ali təhsil almaq hüququna malik olduğunu bildirmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci və 44.2-ci maddələrinə görə, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 09 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsinə, bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi müəssisə və təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. Miqrasiya Məcəllənin 3.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs əcnəbi sayılır. Cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti iddiaçının təhsil hüququna gətirmək istədiyi məhdudiyyəti (universitetdən xaric edilmə əsasını) qanunvericiliyin bu normalarına istinad etməklə izah edir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Avropa Məhkəməsi öz qərarlarında dəəfələrlə vurğulamışdır ki, 1 saylı Protokolun 2-ci maddəsində təsbit edilmiş təminatlar Avropa Şurasının üzvü olan dövlətlərdə mövcud ali təhsil müəssisələrinə tətbiq edilir və müəyyən vaxtda mövcud olan istənilən ali təhsil müəssisəsinə qəbul həmin maddənin birinci cümləsində təsbit edilmiş hüququn ayrılmaz hissəsidir (Tarantino və digərləri İtaliyaya qarşı §43, “X3rşı” § 134- 42 və s.). Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Konvensiya və Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən ifadə azadlığına müdaxilə qanunda nəzərdə tutulmalı, mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən ifadə azadlığının ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir, insan hüquqlarına və azadlıqlarına qoyular məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir əsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Resput kasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanun məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi, Konvensiyanın 1 saylı protokolunun 2-ci maddəsi üzrə baxdığı işlərdə vurğulamışdır ki, təhsil hüququ nə qədər önəmli olsa da, bu hüququn mütləq olmadığı və bəzi məhdudiyyətlərə məruz qala biləcəyi qəbul edilməkdədir. Sözügedən hüququn mahiyyətinə xələl gəlməməsi məqsədilə bu məhdudiyyətlərin hər kəs üçün öngörüləbilən olduğuna və qanuni bir məqsəd güddüyünə məhkəmənin inandırılması zəruridir. ...Məhdudiyyət üçün tətbiq edilən vasitələrlə güdülən məqsəd arasında mütənasiblik əlaqəsi olmalıdır (X7 ve X2rşı § 56, Velyo Velev işi, § 32). Göründüyü kimi, insan hüquqlarının, o cümlədən təhsil hüququnun həyata keçirilməsinə məhdudiyyətə, yalnız tətbiq edilən müdaxilə qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və demokratik cəmiyyətdə zəruri (mütənsaib) olduqda haqq qazandırmaq olar. Əgər müdaxilə bu tələblərə cavab verməzsə Konvensiya və Konstitusiyaya zidd sayılır. Cavabdeh tərəfin istinad etdiyi qanunvericilik aktlarında Azərbaycan vətəndaşlığı da olan xarici ölkə vətəndaşının sonuncu statusundan istifadə etməklə müqavilə əsasında ödənişli ali təhsil alması qadağan edilməmişdir. Hüququn təməl prinsiplərindən olan və Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsində təsbit eedilən qaydaya görə isə “hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər". Eyni zamanda Azərbaycanda müqavilə əsasında ali təhsil almaq istəyən şəxslərin bu hüquqdan yararlanmaları üçün tələb olunan sənədlərin siyahısı, o cumlədən Azərbaycan vətəndaşlığının olmaması barədə sənəd qanunvericilikdə göstərilməmiş iddiaçıdan da bu barədə arayış tələb edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə də tələbənin Azərbaycan vətəndaşlığının olmaması şərti xüsusi olaraq göstərilməmiş, bu halın sonradan aşkar edilməsi müqavilənin ləğvinin əsası kimi nəzərdə tutulmamışdır. Hətta İddiaçı ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında bağlanmış müqavilədə tələbənin hüquqi statusu məhz “əcnəbi təhsilalan” kimi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat müqaviləni bağlayarkən tələbənin xarici ölkə vətəndaşlığını əsas götürmüşdür. Məhkəmə, aşağıdakılara əsasən hesab edir ki, xarici ölkə vətəndaşlığı olan iddiaçının cavabdeh UNEC tərəfindən müqavilə əsasında ali təhsil almaq hüququndan Azərbaycan vətəndaşlığı faktına görə məhrum edilməsi dövlətin təhsil sahəsindəki təminatları ilə uzlaşmır. Belə ki, dövlət, fərdi və ictimai maraqlara xələl gətirən hallar istisna olmaqla təhsili təşviq və təmin edir. Dövlətin bu sahədə məqsədi və təminatı “Təhsil haqqında” Qanunda açıqca əks olunmuşdur. Həmin Qanunun 5.1-5.2-ci maddələrinə görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.8-ci bəndinə görə, X5 tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi mümkün sayılır. Göründüyü kimi, ölkə qanunvericiliyi Bolonya sistemi çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin X5 tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanlarından kənar Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları imkanını tanıyır. Belə imkanın olduğu bir sistemdə, yəni dövlətin bir halda Azərbaycan vətəndaşının X1 keçirdiyi imtahandan kənar ali təhsil müəssisələrinə daxil olmaq hüququnu tanıdığı təqdirdə, digər (iddiaçıya aid) halda şəxsi məhz Azərbaycan vətəndaşı olmasına görə bu hüquqdan məhrum etməsi hüquqi məntiqə uyğun gəlmir. Çünki sonuncu halda məhrumiyyətin qanuni məqsədi aydın deyil. Avropa Məhkəməsi bir neçə işdə ayrıseçkiliyin obyektiv və zəruri (keçərli) bir əsas gətirilmədən, bənzər vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərməkdən ibarət olduğunu və fərqli münasibətin “qanuni bir məqsəd” güdmədikdə və ya “hədəflənən məqsədlə tətbiq edilən vasitə arasında mütənasiblik əlaqəsi” olmadıqda, “obyektiv və zəruri əsas” tələblərinə cavab vermədiyini xatırlatmışdır (Çam Türkiyəyə qarşı, § 52, Sejdic ve Finci qərarı, § 42). Odur ki, adı çəkilən Nizamnamənin 2.2-ci bəndinin əks mənasının Azərbaycan vətəndaşlığı olan xarici ölkə vətəndaşının müqavilə əsasında ali təhsil almaq hüququna qadağa kimi təfsir olunması dövlətin təhsil siyasəti və standartları ilə də bir araya sığmır. Beləliklə, yuxarıda göstərilənlər birlikdə qiymətləndirildikdə məhkəmə bu qənaətə gəlir ki, iddiaçı, cavabdeh təşkilatla ali təhsil haqqında müqavilə bağlamaq üçün xarici ölkə vətəndaşlığının (bu statusun verdiyi imkanın) kifayət olmasını güman etməkdə haqlı idivə bu məsələdə onun üçün qanuni məhdudiyyət olmamışdır. Məhkəmə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələblərini, Avropa insan Hüquqları Məhkəməsinin president hüququnu nəzərə alaraq vurğulayır ki, cavabdehin istinad etdiyi normalar, yəni iddiaçının təhsil hüququna məhdudiyyət qanunda nəzərdə tutulmuş olsaydı belə, bu məhdudiyyətin hansı məqsədə xidmət etməsi aydın olmalıdır. Başqa sözlə, məhdudiyyət başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, yaxud digər ictimai mənafelər üçün tətbiq edilməlidir. Azərbaycan vətəndaşlarından fərqli olaraq xarici ölkə (Rusiya Federasiyasının) vətəndaşlığı da olan iddiaçının univeristetdən xaric edilməsinin hansı məqsədə xidmət etməsi Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən əsaslandırılmamışdır. İiddiaçının UNEC-də təhsil almasının başqa şəxslərə və ya ali təhsil müəssisəsinə hansısa formada ziyanı nəinki yoxdur, əksinə o, hər il təhsil haqqı ödəməklə universitetin büdcəsinə fayda verir. Belə olan halda, sözügedən məhdudiyyətin iddiaçıya hansı məqsədlə tətbiq edildiyi aydın deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hətta qanuni məqsəd olsaydı belə, Azərbaycan Dövlət İqtisad Universitetinin iddiaçını universitetə daxil olduğu il deyil, onun 1 il ərzində təhsil almasını təmin etdikdən sonra özünün də yoxlamadığı və müvafiq sənəd tələb etmədiyi Azərbaycan vətəndaşlığı faktına istinad edərək universitetdən xaric etməsinə demokratik cəmiyyətdə zəruri olan davranış kimi haqq qazandırmaq olmaz. Göstərilənlərə əsasən, məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə iddiaçının təhsil hüququna müdaxilə edilməsi üçün zəruri olan şərtlər müəyyən edilməmişdir. Bu baxımdan, Azərbaycan Dövlət İqtisad Universiteti ilə İddiaçı arasında bağlanmış ödənişli ali təhsil almaq haqqında müqavilə etibarlıdır və tərəflər üçün hüquqi nəticə (icrası məcburi olan öhdəliklər) yaradır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i,a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Beləliklə, İddiaçı cavabdehlə bağladığı müqaviləyə əsasən seçdiyi ixtisas üzrə ona təhsil verilməsini və müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərin yerinə yetirilməsini Azərbaycan Dövlət İqtisad Universitetindən tələb etməkdə haqlıdır. Belə olan halda, iddiaçının Dövlət İqtisad Universitetindən xaric edilməsi haqqında 18 mart 2021-ci il tarixli 160/4/2021 nömrəli əmr qanunsuz və əsassızdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Dövlət İqtisad Universitetinin 160/4/2021 saylı, 18.03.2021-ci il tarixli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) tələbə kimi bərpa edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar