Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1318/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ziyan” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6000 manat maddi və 5000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, öz vətəndaşlıq borcuna sadiqliyini ifadə etmək üçün müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmayaraq müvafiq zəng üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə hərbi xidmətə yararlılığın yoxlanılması üçün dəvət olundu. Müəyyən tibbi yoxlanışlar zamanı səhhəti ilə bağlı öncələr yaşanmış nasazlıqları və buna səbəb olan hadisəni (epikriz №30 əlavə olunur) bildirməyinə baxmayaraq, tərəflərindən xidmətə yararlı kimi qiymətləndirilməyinin nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə AR Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmətə qoşuldu. Müddətli həqiqi hərbi xidmət zamanı sərəncamına verildiyi hərbi hissədə (№701) kəskin baş ağrıları və davamlı olaraq bayılma hallarının yaranması səbəbindən hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığın təyini üçün Hərbi Həkim Komissiyasına (bundan sonra HHK) göndərilmiş, xx.xx.2023-cü il tarixində isə Müdafiə Nazirliyinin Baş X1 bölməsinə stasionar müalicəyə qəbul olunmuş və müvafiq yoxlanışların, analizlərin yekununda HHK tərəfindən MN-nin 123 saylı əmrinin 81b,23c maddəsinin 2-ci qrafasma əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməyi əsasında xx.xx.2023-cü il tarixində müzəffər ordumuzun sıralarından tərxis olunmuşdur. (MNBK-nıın çıxarış epikrizi və xəstəlik haqqında şəhadətnamə əlavə olunur). Tərxis olunduqdan sonra SHXÇDX-nin Laçın rayon bölməsi tərəfindən qanunsuz olaraq hərbi xidmətə göndrilməyi barədə xx.xx.2023-ci il tarixdə Respublika Hərbi Prokurorluğuna ünvanladığı müraciətə cavab olaraq aparılan müvafiq araşdırmalar zamanı SHXÇDX-nin Laçın rayonu bölməsi tərəfindən düzgün şəhadətləndirilmədiyinin aşkara çıxdığı, xx.xx.2024-cü il tarixində cinayət haqqında məlumatın istintaq aidiyyəti göndərilməsi barədə qərarın qəbul edildiyi və material aidiyyəti üzrə verilməsi məsələsinə baxılmağı üçün AR Baş Prokurorluğuna göndərildiyi qeyd edilmişdir. SHXÇDX tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-43- 94/2-Ş-31/41/24 nömrəli məktubdan da aydın olduğu üzrə, Respublika Neyrocərrahiyyə Xəstəxanasında keçirilən əlavə tibbi müayinələrin nəticələrinə dair müayinə aktlarında təyin olunmuş diaqnozlar SHXÇDX-nin Laçın rayon çağırış komissiyasının həkimmütəxəssisi tərəfindən düzgün şəhadətləndirilməyərək barəsində yalnış qərarın verilməsinə səbəb olmuşdur. SHXÇDX-nin Laçın rayon bölməsinin hərbi-həkim komissiyası tərəfindən yalnış şəhadətləndirilməyimin nəticəsi kimi iddiaçı xx.xx.2023-cü il tarixindən, xx.xx.2023-cü il tarixinədək “xidmətə yararsız” olduğu halda sırf məsul şəxslərin öz vəzifələrinə diqqətsiz, səhlənkar və laqeyd yanaşması səbəbindən təxminən 6 ay müddətində hərbi xidmət keçmək məcburiyyəti qarşısında qalmışdır. Unutmaq lazım deyildir ki, vətəni müdafiə hər bir vətəndaşın borcu olduğu kimi, vətəndaşın hüquq və azadlıqlarının, habelə layiqli həyat səviyyəsinin təmin edilməsi də dövlətin ali məqsədidir. Belə ki, xidmətdə olduğu müddət zərfində yararlı olduğunu düşünərək, yoldaşlarından geri qaldığını, zaman-zaman müvafiq idman və ya hazırlıq vaxtlarında vəziyyətinin pisləşməsi, bayılma halları, kəskin baş ağrıları ilə qarşılaşan zaman “mən niyə digərləri kimi deyiləm”, “bu qədər zəifəmmi”, “niyə öz vəzifələrimi yoldaşlarım kimi layiqincə yerinə yetirə bilmirəm” kimi suallar qarşısında aciz qalaraq stress, narahatlıq və mənəvi sarsıntılar keçirmişdir. Xidmətə yararsız olduğu təsdiqləndiyi və ordu sıralarından tərxis edildiyi zaman artıq onun bir vətəndaş kimi hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırıldığı, bundan əlavə ləyaqətinin (özünün-özünə verdiyim dəyər) alçaldıldığından iddiaçıya dəymiş olan maddi zərərin (əldən çıxmış fayda) əvəzi olaraq orta aylıq əmək haqqına müvafiq təxminən xidmətdə olduğu zaman kəsiyinə uyğun olaraq hər müvafiq ay üçün 1000 (min) manat olmaqla ümumilikdə 6 ay üzrə 6000 (altı min) manat, mənəvi zərərlərin qarşılığı olaraqsa, 5000 (beş min) manat ödənilməsinin kifayət olduğunu zənn edir. Cavabdehin etiraz ərizəsində qeyd edilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq ica hakimiyyəti orqanına (burada - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur) gəlməlidirlər. Qeyd olunan normanın məzmunundan aydındır ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 4-1.1 və 4-1.1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. Bildiririk ki, İddiaçı haqqında qərar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən qəbul olunduğundan cavabdeh qismində məhkəmə icraatına həmin bölmə cəlb edilməlidir. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Bildiririk ki, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar tibbi müayinədən keçirilirlər. Səhhətlərində hər hansı nasazlıq aşkar olunan çağırışçı dərhal çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə geri qaytarılır, İddiaçı Xidmətin Laçın rayon bölməsi tərəfindən hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, həmçinin İddiaçı və yaxınlarının Laçın rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etiraz bildirməməsi, hərbi hissənin hərbi həkim komissiyasına səhhəti ilə bağlı şikayət etməməsi (etdiyi halda hərbi hissədən geri qaytarılmaması) onun hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin məsuliyyətinin yaranmamasını göstərir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edib, onları məcmusu üzrə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı 15 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasında keçirilən əlavə tibbi müayinələrin nəticələrinə dair müayinə aktlarında təyin olunmuş diaqnozlar Xidmətin Laçın rayon çağırış komissiyasının həkim-mütəxəssisi tərəfindən düzgün şəhadətləndirilməyərək barənizdə yanlış qərar qəbul edildiyindən aidiyyəti tibb personalının intizam məsuliyyətinə cəlb edilməsi üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı 16 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin hərbi-həkim komissiyası tərəfindən düzgün şəhadətləndirilmədiyinizə görə Bakı şəhəri, 44 nömrəli poliklinikanın həkim nevropatoloqu X4 və Laçın rayon Mərkəzi Xəstəxanasının həkim stomatoloqu X3 əməllərinə hüquqi qiymət verilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilmiş və material aidiyyəti üzrə verilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. 16 sentyabr 2023-cü il tarixli 835 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şahverdiyev X5 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə hərbi xidmətə yararlılığı yoxlanılması üçün dəvət olunmuş və yoxlamalar nəticəsində hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə cəlb edilmişdir. Müddətli həqiqi hərbi xidmət zamanı iddiaçı səhhətində kəskin pisləşmə halları səbəbindən hərbi həkim komissiyasına göndərilmiş, daha sonra AR Müdafiə Nazirliyinin Baş X2 bölməsinə stasionar müalicəyə qəbul olunmuşdur. Müvafiq yoxlamaların nəticəsində iddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ordu sıralarından tərxis olunmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən qanunsuz olaraq hərbi xidmətə göndərilməyi səbəbindən ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 12.4-cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq ica hakimiyyəti orqanına gəlməlidirlər. 13.1-ci maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda çağırış komissiyaları yaradılır. 13.2-ci maddəsinə əsasən çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3-cü maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 4-1.1 və 4-1.1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. AR Mülki-Prosessual Məcəlləsinin: 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. AR Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işin hallarına yuxarıda qeyd olunan hüquq normalarına istinadən qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə qəbul olunduğundan və bu barədə qərar Laçın rayon bölməsi tərəfindən qəbul edildiyindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hazırki iş üzrə cavabdehlik daşıya bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”ndan da göründüyü kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. Bu isə o deməkdir ki, Xidmətin yerli bölmələri ayrı inzibati orqan olmaqla məhkəmədə müstəqil olaraq tərəf kimi çıxış etmək və ona qarşı yönəlmiş iddialarda cavabdeh qismində iştirak etmək hüququna malikdir. Hazırda isə iddiaçı hazırki tələblə Xidmətin Laçın rayon Bölməsinə qarşı deyil, Xidmətin özünə qarşı müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı onun tələbinə cavab vermək öhdəliyi daşımayan hüquqi şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin düzgün olmayan cavabdehə qarşı qaldırılması və hazırki cavabdehin sözügedən iddiaya cavabdehlik daşımadığı səbəbindən iddia tələbi əsassız sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ziyan” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəfə təqdim olunduqdan 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1318/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1318/2024
05.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver