Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1319/2021 27.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında 327.1 İXP ******* 27.01.2021 il tarixli qərar nəticəsində, BDYİ-nin BDPŞ-nin qanuna zədd hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi, dayanacağa ödədiyi 5 manat məbləğində vəsaitin ona qaytarılması, 2-3 saat nəqliyyat vasitəsini və onu məşğul etdikləri üçün 400 manat maddi və 3000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27.01.2021-ci il tarixində Binəqədit rayonu ərazisində xidmət göstərən BDYPŞ-nin patrul əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmış, saxlanılma səbəbini soruşduqda rəisin göstərişinə əsasən saxlanıldığını bildirdilər. Ona məxsus olan Renault markalı ** VP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Binəqədi rayon ərazisində yerləşən cərimə meydançasına aparılmışdır. Ona Binəqədi BYPŞ-sinə gedərək 8-ci otaqda ona izah olunacağı bildirdilər. O ora gedəndə əsaslı hüquqi səbəb olmamasını görüb getməyini bildirdilər. O, dayanacaqdan nəqliyyat vasitəsini çıxaran zaman patrul xidməti əməkdaşları tələsik gələrək beş manat dayanacağa pul ödəməsini və ona yük daşıma qaydalarını pozmağa görə cərimə yazacaqlarını bildirdilər. Yük daşıma qaydalarının pozulması geniş bir anlayışdır. O heç bir qayda pozmadığı halda, nəyə görə cərimə olunmalıdır, 5 manat məbləğində pul ödəməlidir, cərimə meydançasına aparılmalıdır. O isə yük daşımadığı halda, necə qayda poza bilər. Bu qayda pozuntusu isə özündə bir çox pozuntuları əks etdirir. O, 28.01.2021-ci ildə elektron kabinetdə şikayət bölməsində ərizə yazaraq müraciət etmişdir, lakin 14.02.2021-ci ilə kimi ona cavab verilməmişdir. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 08 sentyabr 2021-ci il tarixdə iddiaçı məhkəməyə ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, 28.01.2021-ci ildən 08.09.2021-ci ilə kimi BDYPİ-nin əməkdaşları qanunazidd hərəkət edərək ona pul tələbi qoyaraq təqib etməklə onun mülkiyyətindən istifadə hüququnu pozmuş, ona maddi və mənəvi zərər vurmuşdur. Öz nəqliyyat vasitəsindən istifadə edə bilmədiyi müddət üçün hər aya 2.000 manat x 8 ay =16000 manat maddi zərərin, taksi xidmətindən istifadə etdiyi və sənədlərə çəkdiyi 6000 manat zərərin, 8 ay müddətində məcburi əməyə cəlb edildiyi üçün, öz müdafiəsi üçün çalışdığı müddət üçün 10000 manat, mənəvi ziyanın əvəzi kimi 6000 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 13.02.2021-ci il tarixli, ***-**** R nömrəli Binəqədi rayon Polsi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, 27.01.2021-ci il tarixdə Binəqədi yolunda idarə etdiyi «Renault» markalı AZ **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin tələbinə zidd olaraq yük daşıma qaydasını pozduğu üçün Binəqədi RPİ DYP Şöbəsinin YPX inspektoru tərəfindən dayandırılmış, nəqliyyat vasitəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.7-ci maddəsinə əsasən idarəetmədən kənarlaşdırılaraq mühafizə olunan duracağa qoyulmuş və barəsində həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Törətdiyi inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində YPX inspektoru tərəfindən normativ hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Binəqədi RPİ X3 Şöbəsinin YPX inspektoru tərəfindən tərtib edilmiş 27.01.2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən protokol qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunvericiliyin qeyd olunan normalarının tələbindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərər vuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulması halı müəyyən olunmadı. Məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulmasını təsdiq edən hər hansı sübutları təqdim etmədi. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən ona maddi ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdeh iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir və beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı müvafiq subyekti hüquqa malik deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1319/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1319/2021
27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver