Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1321/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili S.M.Məmmədovun, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yalan məlumatların yayılması ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yalan məlumatların yayılması ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, oğlu X1 Leyla Elçin qızı ilə xx.xx.2017-ci il tarixdə nikah qeyd etdirməklə evlənmişdir. Həmin nikahdan onların xx.xx.2019-cu il təvəllüdlü X10 adlı uşaqları vardır. Hazırda onların münasibətləri pozulmuşdur, onlar ayrı yaşayırlar. Cavabdeh1 X5 qarşı nikahlarının pozulması barədə Səbail rayon Məhkəməsində iddia qaldırmışdır, mülki iş məhkəmənin icraatındadır. Cavabdeh1 və onun anası Cavabdeh2 mütəmadi olaraq ona mobil telefonuna zənglər edərək onu hər hansı bir səbəb göstərmədən təhqir edirlər. Həmin təhqirləri açıq ifadə etmək mümkün deyildir. Özünə hörmət edən heç bir kəs həmin ifadələri başqasına qarşı işlədə bilməz. Demək olar ki, hər gün onların zənglərindən sonra dərin stress keçirir, səksəkə içində yaşayır, əsəbləri tamamilə pozulmuşdur, iş qabiliyyətini itirmişdir, hər hansı bir işlə məşğul ola bilmir. Onun və ailə üzvləri barədə nalayiq ifadələr işlədir, barələrində həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Ailəsi də dərin bir gərginlik yaşanır, hər an zəng vuraraq onları təhqir edəcəklərini gözləyərək səksəkə içində yaşayırlar. Onların bu hərəkətlərindən Nərimanov rayon Polis İdarəsinə şikayət etmişdir. Nərimanov RPİ-nin 18-ci PB-nin təhqiqatçısı Zöhrab Salmanov NK-1/1492 saylı material üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdehlər onun və ailə üzvləri barədə müxtəlif şəxslərə şərəf və ləyaqətlərini alçaldan, nüfuzları ləkələyən böhtan xarakterli məlumatlar yaymışlar. Onların bu qanunsuz hərəkətlərinin qarşısını ala bilmir və almaq iqtidarında deyil. Dəfələrlə oturub söhbət etməyi, aralarındakı konflikti qarşılıqlı razılaşma yolu ilə həll etməyi təklif etsə də, onu eşitmək belə istəməyərək təkliflərinə hər hansı cavabdeh verməmişlər, yenə də öz əməlini davam etdirirlər. Artıq bu şəraitdə yaşamaq dözülməz hal almışdır. Ona görə də məhkəməyə müraciət edir. Cavabdehlər tərəfindən yayılmış yalan məlumatlar ona qarşı onun anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqları pozmuşdur, hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Cavabdehlərin təhqirləri və yaydığı yalan məlumatlar şüurunda izi getməyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Qonşularla qarşılaşmaqdan uzaq qaçır, fəal ictimai həyat tərzindən məhrum olmuşdur, şəxsi və ailə sirləri açıqlanmışdır, şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələnmişdir. Yayılmış məlumatları hər dəfə eşitdikdə özünü alçalmış hesab edir. Həmin vaxt keçirdiyi hissləri anlatmaq çox çətindir. Ətrafdakılar qarşısında izahat verməkdən yorulmuşdur. Cavabdehlərin yaydığı onun şərəf və ləyaqətini ləkələyən məlumatlar və təhqirlər məhkəmə qaydasında təklif olunmaları və həmin məlumatların yayılması nəticəsində ona vurulmuş zərərin əvəzini ödəməlidirlər. Vurulmuş maddi və mənəvi zərərin məbləğini cavabdehlər üçün 50.000 manat məbləğində qiymətləndirir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaydıqları onun və ailə üzvlərinin şərəf və ləyaqətini ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunması və həmin məlumatların yayılması nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada onun xeyrinə 50.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ərizədə yazılanlar yalandır. O, iddiaçıya heç vaxt zəng etməmişdir, yalnız bir dəfə keçmiş kürəkəni, iddiaçının oğlu İlham həyətə gəlib qızı Leylanı vuranda Arzumana zəng edib oğlunu həyətə gəlib onları narahat etməsini bildirdikdə Arzuman telefon onu təhqir etmiş, o, da Arzumanın ona dediyi ifadələrlə cavab qaytarmışdır. Bu hadisə təxminən 1 il bundan qabaq olmuşdur. Ondan sonra Arzumanla danışmamış, ona zəng etməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının oğlu ilə nikahda olmuş, nikahları pozulmuşdur. Yalnız bir dəfə 1 il bundan qadaq İlham həyətdə olan zaman anası iddiaçıya zəng edib irad bildirmiş, telefonda İddiaçı anasını təhqir etməsini eşitmiş, telefonu anasından almış və ona cavab qaytarmışdır. Cavabdeh həmçinin göstərmişdir ki, onlar qohumdurlar, heç kimin yanında iddiaçının barəsində heç bir şey deməmişlər. Audio diskdə səsləndirilən vatsap yazışmaları onun tərəfindən İlhama ünvanlanmışdır, çox hissəsi ailəli olduğu vaxtda olmuşdur, İddiaçı qarşı təhqiramiz ifadələr işlətməmişdir. İlhama deyəndə ki, niyə onu məhkəmələrə verirlər, İlham demişdir ki, atası onun alimentdən imtina edilməsini istəyir. Ona görə məhkəməyə verirlər. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, audio diski qulaq asaraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-1356/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə X8 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 4355 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X6 iddiaçı (anası) Cavabdeh1 yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment cavabdeh X3 tutularaq Cavabdeh1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin aliment tutulmasına dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətinə əsasən İddiaçı müraciəti ilə bağlı toplanmış HK-1/1942 saylı materialda heç bir cinayət hadisəsi müəyyən edilmədiyindən, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh və onun anası mobil telefonuna zəng edərək onun və ailəsinin ünvanına söyüşlər söyərək onu təhqir etmişdir, cavabdehlər onun və ailə üzvləri barədə müxtəlif şəxslərə şərəf və ləyaqətlərini alçaldan, nüfuzlarını ləkələyən böhtan xarakterli malumatlar yaymışlar. Bu hərəkətlər nəticəsində iddiaçı sarsıntı keçirmiş və bu səbəbdən cavabdehlər tərəfindən yayılmış məlumatların məhkəmə qaydasında təkzib olunması və vurulmuş 50.000 manat mənəvi ziyanın müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbində istinad olunan hallar məhkəmə tərəfindən araşdırılarkən, cavabdehlər tərəfindən iddiaçı barəsində şərəf və ləyaqətini ləkələnməsinə yönələn məlumatların yayılması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı onun barəsində söylənilən məlumatların yayılması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə ləaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, şərəf və ləyaqəti ləkələyən məlumatların yayılması dedikdə, həmin məlumatların mətbuatda dərc edilməsi, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda dəyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməlkə və s. üsulla yayılması başa düşülür. Hər hansı məlumatın telefonla şəxsin özünə deyilməsi mülki hüquq pozuntusu yaratmır və yalnız əxlaqi normalara zidd əməl kimi qəbul edilə bilər. Əxlaqi normalara zidd olan məlumatlara görə isə qanunvericilikdə hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli qərarında Plenum qeyd etmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı onun barəsində söylənilən məlumatların yayılması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, audio diskdə səslənən ifadələr yalnız əxlaqi normalara zidd əməl kimi qəbul edilməli olduğundan, iddia tələbi cavabdehlərin iddiaçının və ailə üzvlərinin şərəf və ləyaqətini ləkələyən yaydıqları məlumatların məhkəmə qaydasında təkzib olunması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş zərərin əvəzi olaraq 50.000 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Məhkəmə hesab edir ki, iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların cavabdehlər tərəfindən yayılması halı sübut olunmadığından, iddia tələbi həmin hissəsində də təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə hessb edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun və ailə üzvlərinin şərəf və ləyaqətini ləkələyən yaydıqları məlumatların məhkəmə qaydasında təkzib olunması və həmin məlumatların yayılması nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada onun xeyrinə 50.000 manat məbləğində pulun tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1321/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1321/2022
01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver