Məhkəmə qərarları › İş №2(009)-1337/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1337/2025

08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1337/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 5000 (beş min) manat məbləğində pulun və ödədiyi 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, qızı X2 Bakı şəhəri, Yasamal rayonunda yerləşən 184 nömrəli uşaq bağçasında tərbiyəçi vəzifəsinə işə düzəlməsi üçün sözügedən uşaq bağçasının müdiri Cavabdeh 5000 (beş min) manat pul vermişdir. Qızı Ellada 2014-cü ilin dekabr və 2015-ci ilin yanvar ayları da olmaqla cəmi 2-3 ay işləyərək analıq məzuniyyətinə çıxmış, sonradan 2019-cu ildə işə geri qayıtmaq istədikdə cavabdeh qızına demişdir ki, guya qızının uşağının balaca olmasını nəzərə alaraq Elladaya yaxşılıq etmək istəyir və buna görə də qızının evdə oturmasını, adının isə bağçada gedərək adına əmək stajının formalaşmasını istəyir. Buna görə də 2019-cu ildən sonra da qızı bağçaya getməmişdir. Lakin, 2023-cü ildə xəbər tutmuşlar ki, cavabdeh 2019-cu ildən qızı Elladanı işdən çıxartmışdır. Bundan sonra o, 29 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 184 nömrəli uşaq bağçasının müdiri Cavabdeh etibarlarından sui-istifadə etməklə 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət etmişdir. Cinayət işi xx.xx.2024-cü il tarixdə Nizami Rayon Prokurorluğuna göndərilməklə araşdırılmış və Cavabdeh etibarından sui-istifadə etmə yolu ilə övladı X2 184 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsinə işə götürüləcəyi barədə ondan 5000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməsi təsdiqini tapmışdır. Lakin, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar 13 mart 2025-ci il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərar qəbul edilmişdir. O, dəfələrlə, cavabdehə xəbərdarlıq edərək pulunu qaytarmağını istəməyinə baxmayaraq cavabdeh ona heç bir ödəniş etməmişdir. Bu səbəbdən də o, ümumilikdə 5000 (beş min) manat məbləğində “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2019-cu ildə iddiaçının qızı işdən çıxmışdır. Bu mübahisə ilə bağlı araşdırmalar yekunlaşmışdır. O, iddiaçıdan pul götürməmişdir. Cinayət işinə xitam verilməsi barədə qərarla tanışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 13 mart 2025-ci il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 184 nömrəli uşaq bağçasının müdiri Cavabdeh etibardan sui-istifadə etməklə X1 5.000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməsi faktına dair olan hissədə barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin kèçməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən icraata xitam verilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul səlahiyyətlərinin Bakı şəhər İcra Hakimiyyətinə aid olmasını bilsə də, 2014-cü ilin oktyabr ayında rəhbərlik etdiyi 184 nömrəli uşaq bağçasına tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması üçün öz qulluq mövqeyindən istifadə edərək X1 etibarından sui-istifadə etmə yolu ilə sonuncunun övladı X2 184 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsinə işə götürüləcəyi barədə aldadaraq Safura Rəcəbovadan 5.000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirmişdir. Belə ki, X2 adına açılmış əmək kitabçasından və sonuncunun əmək müqaviləsi bildirişindən görünür ki, Ellada Əliyeva 184 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsinə Bakı şəhər İcra Hakimiyyəti Məktəbəqədər Təhsil Müəssisələri və Evlər İdarəsi tərəfindən həmin idarənin xx.xx.2014cü il tarixli protokoluna əsasən təyin edilmişdir. Odur ki, Cavabdeh X1 etibarından suiistifadə etməklə sonuncunun övladı X2 184 nömrəli uşaq bağçasında işə götürülməsi müqabilində Safura Rəcəbovadan 5.000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməsi faktı üzrə Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri vardır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qızının bağçada işə düzəlməsi məqsədilə 5000 manat pul vermişdir. 13 mart 2025-ci il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərarla cavabdehin 2014-cü ilin oktyabr ayında rəhbərlik etdiyi 184 nömrəli uşaq bağçasına tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması üçün öz qulluq mövqeyindən istifadə edərək X1 etibarından sui-istifadə etmə yolu ilə sonuncunun övladı X2 184 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsinə işə götürüləcəyi barədə aldadaraq Safura Rəcəbovadan 5000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməsi faktı öz təsdiqini tapmış, ********* nömrəli cinayət işi üzrə 184 nömrəli uşaq bağçasının müdiri Cavabdeh etibardan sui-istifadə etməklə X1 5000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməsi faktına dair olan hissədə barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin kèçməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıdan 5000 manat pulu alıb qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlıdır və 5000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı oğluna ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar