Məhkəmə qərarları › İş №2(009)-1350/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1350/2023

20.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1350/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, mənzil 2, 17 və 18 saylı mənzillərdən Cavabdeh3 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və digərlərinin yaşayış sahəsinə istifadə hüquqularının itirilmiş hesab edilməsi və evdən çıxarılaraq mənzillərin İddiaçı QSCyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nin mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167,6 kv.m olan mənzilləri İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına təhvil verilmiş və həmin əmlak üzərində İddiaçı QSC-nin mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq buna dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi - xx.xx.2017-ci il, qeydiyyat nömrəsi - **********), RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi - xx.xx.2018-ci il, qeydiyyat nömrəsi - **********), RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi - xx.xx.2018-ci il, qeydiyyat nömrəsi - **********) çıxarışlar verilmişdir. Təhvil verilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-193/2011 saylı, 26 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1\4 ünvanında yerləşən 2,17,18 saylı mənzillərin satılması və satıldıqdan sonra Cavabdeh3 bir aydan gec olmayaraq mənzili tərk etməsi qət edilmişdir. Qətnamə qismən icra edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167,6 kv.m olan mənzillər qiymətləndirilərək açıq hərraca çıxarılmış, hərracda satılmadığından "xxxx" ASC-yə təklif edilmiş və mövcud Fərmanın və Sərəncamın icrası ilə bağlı İddiaçı QSC-nin mülkiyyətinə verilmişdir. Qətnamənin icrası zamanı Cavabdeh3 mənzildən çıxarılsa da, onun ailə üzviləri Cavabdeh1 və Cavabdeh2 evdən çıxarılması icra vərəqəsində qeyd olunmadığından icra sənədi mənzillərin İddiaçı QSC-yə təhvil verilməsi hissəsində icrasız qalmaqdadır. Qeyd olunan şəxslər həmin mənzillərdə qeydiyyatda olmaqla yaşamaqda davam edirlər. Yuxarıda qeyd olunanlarla əlaqədar iddiaçı həmin şəxslər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digərlərinin ünvan 1 saylı mənzillərə istifadə hüquqlarının itirilmiş hesab olunmaları və evin bir aydan gec olmayaraq boşaldılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə iddia ərizənə etiraz təqdim edərək iddia tələblərini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-193\2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-2905\2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, ilkin iddia qismən təmin edilmiş, "xxxx" MMS-nin "xxxx" ASC-nin xeyrinə 50000 ABŞ dolları məbləğində dəbbə pulunun ödəniş günü manatla məzənnədə tutulması, iddia tələbinin dəbbə pulun tutulmasının qalan hissəsində və Cavabdeh3 məxsus Bakı şəhəri, Azərbaycan prospektindəki 1\4 saylı evin 2,17 və 18 saylı mənzillərdə yaşayan şəxslərin yaşayış hüququna xitam verilməsi hissəsində təmin edilməmişdir. Cavabdeh3 məxsus Bakı şəhəri, Azərbaycan prospektindəki 1\4 saylı evin 2,17 və 18 saylı mənzillər satıldıqdan sonra Cavabdeh3 bir aydan gec olmayaraq mənzili tərk etməzsə, mənzildən çıxarılması qət edilmişdir. X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsindəki 5 ünvanında yerləşən «Novbahar» restoran-qəlyanaltı satdıqdan sonra bir aydan gec olmayaraq boşaldılmazsa, istifadə edən şəxslər tərəfindən boşaldılması qət edilmişdir. Digər hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Göründüyü kimi predyusallığa görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. "xxxx" ASC tərəfindən irəli sürülmüş iddia tələbi Cavabdeh3 məxsus Bakı şəhəri, Azərbaycan prospektindəki 1\4 saylı evin 2,17 və 18 saylı mənzillərdə yaşayan şəxslərin yaşayış hüququna xitam verilməsi qanuni qüvvəyə minmiş qətnamə ilə rədd edilmiş və Cavabdeh3 həmin mənzildən çıxarılmış və onun mənzilə olan hüququ itirilmişdir. Eyni iddia tələbin təkrarən məhkəmədə qaldırılması prosesual qanun pozuntusu olduğundan rədd edilməlidir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mübahisəli Bakı şəhər, Azərbaycan pr 1/4 saylı evin 2, 17 və 18 saylı mənzilləri birgə nigah dövründə almışlar. Mənzillər Banka girov qoyulduqda və kredit müqviləsi bağlanıldıqda Cavabdeh1, Cavabdeh2 xəbəri olmayıb və imza etməmişlər. Göründüyü kimi mübahisəli daşınmaz əmlak Cavabdeh3 Cavabdeh1 ilə birgə nikah dövründə əldə edildiyindən onların ümumi mülkiyyəti olmaqla mənzil üzərində Cavabdeh1 da payı olmuşdur və sonuncu üzərinə hər hansı bir öhdəlik götürmədiyinə görə iddia əsassızdır və təmin olunmamalıdır. Hazırda mübahisəli mənzildə Cavabdeh1, X1, Cavabdeh2 və X3 yaşayırlar və onlar yaşadıqları mənzillərin banka girov qoyulmasına öhdəlik götürməmişlər, mübahisəli mənzillərdə hüquqları vardır və bu hüquqa xitam verilə bilməz. Ona görə də, iddianın qanunsuz və əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(009)-2905/2009 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 892.363 ABŞ dolları əsas borc, 321.970 ABŞ dolları faiz borcu, 100.000 ABŞ dolları dəbbə pulu, cəmi 1.314.332 ABŞ dolları ödəniş gününə məzənnə üzrə manatla və 20 manat ödənilmiş dövlət rusumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Bakı şəhəri Azərbaycan prospektindəki 1/4 saylı evin 2,17 və 18 saylı mənzillərinə yönəldilməsi, həmin mənzillərdə yaşayan şəxslərin yaşayış hüququna xitam verilməsi, mənzillərin boşaldılaraq açıq hərracdan satılması, əldə olunmuş vəsaitin "xxxx" MMC-nin "xxxx" ASC-ə olan borcunun ödənilməsinə yönəldilməsi, tələbin ipoteka ilə yüklü edilmiş X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsindəki 5 ünvanında yerləşən Novbahar-restoran-qəlyanaltıya yönəldilməsi, qeyri-yaşayış sahəsinin istifadə edən şəxslər tərəfindən boşaldılaraq açıq hərracdan satılması, əldə olunmuş vəsaitin "xxxx" MMC-nin "xxxx" ASC-ə olan borcunun ödənilməsinə yönəldilməsi, "xxxx" MMC-nin və Cavabdeh3 "xxxx" ASC-nə qarşı ipoteka müqaviləsinin qismən ləğv edilməsi və mənzilin ipotekadan azad edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsdi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(103)- 193/2011 saylı qətnaməsindən görünür ki, hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməsi hissəsində qismən ləğv edilməsi, ilkin iddianın qismən təmin edilməsi, "xxxx" MMC-dən "xxxx" ASCnin xeyrinə 50.000 ABŞ dolları məbləğində dəbbə pulunun ödəniş günü manatla məzənnədə tutulması, iddia tələbinin dəbbə pulunun tutulmasının qalan hissəsində və Cavabdeh3 məxsus Bakı şəhəri Azərbaycan prospektindəki 1/4 saylı evin 2, 17 və 18 saylı mənzillərdə yaşayan şəxslərin yaşayış hüququna xitam verilməsi hissəsində təmin edilməməsi, Cavabdeh3 məxsus Bakı şəhəri Azərbaycan prospektindəki 1/4 saylı evin 2, 17 və 18 saylı mənzilləri satıldıqdan sonra Cavabdeh3 bir aydan gec olmayaraq mənzili tərk etməzsə, mənzildən çıxarılması, X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsindəki 5 ünvanında yerləşən «Novbahar» restoran-qəlyanaltı satıldıqdan sonra bir aydan gec olmayaraq boşaldılmazsa, istifadə edən şəxslər tərəfindən boşaldılması, digər hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması, "xxxx" MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, X4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(102)-1671/2012 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-193/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan hərracın yekunları barədə 110/02 saylı, xx.xx.2013-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 1/4 saylı binanın 2 saylı mənzilini ipoteka saxlayan "xxxx" ASC 178500 manata almışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX №-li ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, 2 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə "xxxx" QSC BOKT-un adına qeydiyyata alınmışdır. İş materiallarında olan hərracın yekunları barədə 110/03 No-li, xx.xx.2013-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 1/4 saylı binanın 17 saylı mənzili ipoteka saxlayan "xxxx" ASC 63750 manata almışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX №-li ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, 17 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə "xxxx" QSC BOKT-un adına qeydiyyata alınmışdır. İş materiallarında olan hərracın yekunları barədə 110/04 No-li xx.xx.2013-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 1/4 saylı binanın 18 saylı mənzilini ipoteka saxlayan "xxxx" ASC 140250 manata almışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX №-li ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, 18 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə "xxxx" QSC BOKT-un adına qeydiyyata alınmışdır. İş materiallarından göründüyü kimi, "xxxx"ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx"ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2017ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 1/4 saylı binanın 2, 17, 18 saylı mınzillərərə dair sənədlər S-ƏML-111 saylı xx.xx.2017-ci il tarixli, S-ƏML-112 saylı xx.xx.2017-ci il tarixli, S-ƏML-113 saylı xx.xx.2017-ci il tarixli təhvil-təslim aktlarına əsasən İddiaçı QSC-yə verilmişdir. İş materiallarında olan Səbail rayon İcra şöbəsinin icra məmuru Astan Aslanovun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-193/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icrata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 892.363 ABŞ dolları əsas borc, 321.970 ABŞ dolları faiz borcu, 100.000 ABŞ dolları dəbbə pulu, cəmi 1.314.332 ABŞ dolları ödəniş gününə məzənnə üzrə manatla və 20 manat ödənilmiş dövlət rusumu tutulmalı, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Bakı şəhəri, Azərbaycan prospektindəki 1/4 saylı evin 2, 17 və 18 saylı mənzillərinə yönəldilməli, Cavabdeh3 məxsus Bakı şəhəri, Azərbaycan prospektindəki 1/4 saylı evin 2, 17 və 18 saylı mənzillər satıldıqdan sonra borclu Cavabdeh3 bir aydan gec olmayaraq mənzili tərk etməzsə, mənzildən çıxarılmalıdır. Tələb ipoteka ilə yüklü edilmiş X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsindəki 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Novbahar-restoran-qəlyanaltıya yönəldilməlidir, X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsindəki 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Novbahar-restoran-qəlyanaltı satıldıqdan sonra bir aydan gec olmayaraq boşaldılmazsa, istifadə edən şəxslər tərəfindən boşaldılmalıdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* No-li, xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, 17 saylı mənzildə xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh1 Qulammrza qızı və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 pasport qeydiyyatındadırlar. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* No-li, xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, 2 saylı mənzildə pasport qeydiyyatında heç bir şəxs yoxdur. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* No-li, xx.xx.2023-cü il tarixli arayışdan arayışından aydın olur ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, 18 saylı mənzildə pasport qeydiyyatında heç bir şəxs yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericirlikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan huquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqndan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla biriikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə)tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İpoteka haqqında Qanunun 59.4-cü maddəsinə əsasən, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, mənzil 2, 17 və 18 saylı mənzillər hərracın yekunları barədə 110/02 saylı, 110/03 saylı və 110/04 saylı xx.xx.2013-cü il tarixli protokollara əsasən ipoteka saxlayan "xxxx" ASC tərəfindən alınmış və sonuncunun həmin əmlaklar üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə qeydə alınmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, mənzil 2, 17 və 18 saylı mənzillər xx.xx.2013-cü il tarixdə keçirilən açıq hərracda "xxxx" ASC tərəfindən əldə olunduğundan, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 1/4 saylı binanın 2, 17, 18 saylı mınzillərərə dair sənədlər xx.xx.2017-ci il tarixli təhvil-təslim aktlarına əsasən İddiaçı QSC-yə verildiyindən və həmin mənzillərə dair İddiaçı QSC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC BOKT-un mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 1/4 saylı evin, 2,17 və 18 saylı mənzillərindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqları itirilmiş hesab edilsin və onlar mənzillərdən çıxarılsınlar, mənzillər İddiaçı QSC BOKT təhvil verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar