Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1365/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Tərcüməçi G.G.Abbasovanın iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh taksi fəaliyyəti ilə məşğul olur. O, onun xidmətindən dəfələrlə istifadə etmişdir. Cavabdeh həm də qızının mənzilində qeydiyyatdadır. Bu minvalla o, cavabdehlə tanış olmuşdur. Cavabdeh istifadə etdiyi avtomobili kirayə götürdüyünü, buna görə də qazancının az olduğundan şikayətlənirdi. Bir müddətdən sonra cavabdeh ondan özünə avtomobil alaraq taksi fəaliyyəti ilə məşğul olmaq üçün borc pul istəmişdir. Onun cavabdehə yazığı gəlmiş və xx.xx.2023-cü ildə 9200 manat borc pul vermiş, xx.xx.2024-cü ilə qədər qaytarmağı öhdəsinə götürərək qəbzi vermiş, əvəzində cavabdeh onu lazım olanda pulsuz xidmət göstərəcəyinə söz vermişdir. Cavabdeh maşını kreditə (lizinq) götürdüyünü və maşınla qəza törətdiyinə görə pulu qaytara bilmədiyini demişdir. Bu minvalla pulu verməkdən yayınmışdır. Yenidən ondan borc pul istəmişdir. O, cavabdehə bu dəfə hər ayın 30-a qədər ayda 27.000 manat borcdan 500 manat qaytarmaq şərti ilə xx.xx.2024-cü il tarixdə 17800 manat borc pul vermişdir. Cavabdeh isə lazım olanda pulsuz taksi xidməti göstərməlidir. Cavabdeh isə öz əli ilə yazaraq ona qəbz vermişdir. Sonradan məlum olmuşdur ki, ümumilikdə cavabdeh bu pula iki avtomobil almışdır. Birinci avtomobili ilə qəza törətməsində yalan olmaqla pulu qaytarmamaq üçün bəhanə imiş. Borc verdiyi gündən indiyə qədər üzərinə götürdüyü öhdəlikdən bir manat da ödəməyib. O, cavabdehə və anasına xx.xx.2025-ci il tarixdə teleqram göndərmişdir ki, aldığı pulu könüllü surətdə qaytarsın, əks halda hüquq-mühafizə orqanlarına müraciət edəcək. Buna baxmayaraq məhkəməyə müraciət edənədək nəinki hər hansı bir ödəniş etməmiş, hətta zəng vurub əlaqə saxlamamışdır. Telefon zənglərinə də cavab vermir. Göründüyü kimi, cavabdeh üzərində götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edir. O, birinci və ikinci verdiyi borc pula görə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmişdir. Ancaq cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin mülkiyyətində “Cevrolet Cruze” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilləri var. Birini kirayə vermişdir. İstinad olunanlardan tam aydın olur ki, cavabdeh borclu üzərinə götürdüyü öhdəliyi mirmənalı şəkildə pulu qaytarmaq fikri yoxdur və bunu məqsədli formada etmişdir. Yəni bu müddət ərzində ona hər hansı bir xidmət göstərilməyib və borcludan bir manatda olsun qaytarmamışdır. Bütün yuxarıda qeyd olunanlardan tam aydın olur ki, cavabdehin hərəkətləri onun yaşlı və xəstə olmasından istifadə etməklə pulunu ələ keçirmək məqsədi olmuşdur. Ona görə də onu aldadaraq ümumilikdə 27000 manat pulunu ələ keçmişdir. Bu da Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən cinayət əməlidir. bundan əlavə onun 77 yaşı var. Xəstəliyi ilə əlaqədar poliklinikaya, xəstəxanaya getməyə, dərmanların alınmasına, həkim müayinəsindən keçmək üçün pul lazım olanla tapa bilmir. Bununla da cavabdeh ona həm maddi, həm də mənəvi zərər vurmuş və hüquqlarının müdafiəsi üçün müdafiəçiyə (vəkilə) müraciət etməli olmuşdur və onun hesabına hüquqi yardım göstərilməsi üçün 1000 manat vəkilə, onu təmsil etmək üçün 18 manat etibarnamə almaq üçün notariat orqanına və qanunla müəyyən edilmiş qaydada 222 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh hər ay qaytarmalı olduğu 500 manatı vermədiyi üçün təcili tibbi yardım xidmətindən istifadə etməli (şəxsi klinikaya maddi imkanı olmayıb) olmuşdur. Bu da ona mənəvi əzab vermişdir. Çünki pulu olduğu halda o, vaxtlı-vaxtında həkimə müraciət etmək, müayinə olunmaq və lazımi dərmanları almaq hüququndan məhrum etmiş və səhhətində ciddi problemlər yaranmışdır. Cavabdehin hərəkətləri ona həddindən artıq mənəvi əzabi verir. Belə ki, o, bir insan kimi cavabdehə inanıb əl tutduğu və pul verdiyi halda o, onu əvvəlcədən aldatmağı planlaşdırmışdır. Cavabdeh elə fikirləşmişdir ki, o, yaşlı, xəstə adamdır, öləcək və pulu da heç kim tələb etməyəcək. Buna görə də cavabdeh ona 5000 manat mənəvi zərər vurmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 27000 manat əsas borc, mənəvi zərərə görə 5000 manat, maddi zərərə görə 2917 manat, dövlət rüsumu kimi ödənilmiş 222 manat və notariat kontoruna verdiyi etibarnaməyə görə 18 manat, vəkil xidmətindən istifadəyə görə 1000 manat ümumilikdə 36.157 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh əməlində AR CM-nin 178.2.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində xüsusi qərardad çıxararaq aidiyyatı üzrə prokurorluğa göstərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh bir manat da olsa pul ödəməmiş, yoldaşının ürəyi xəstədir, özü isə insult keçirmişdir, həkim müalicəsinə mütəmadi ehtiyacları var, lakin cavabdeh bir dəfə də olsun onlara xidmət göstərməmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli borcun etirafına dair iltizamın təsdiq və tərcümə olunmuş surətindən görünür ki, o, İddiaçı götürdüyü 9.200 manat borcunu xx.xx.2024cü il tarixində qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli borcun etirafına dair iltizamın təsdiq və tərcümə olunmuş surətindən görünür ki, Nina Prokofyevnadan 17800 manat əlavə borc götürərək cəmi 27000 manat borcun olmasını etiraf edir, hər ayın 30-u tarixindən aydan 500 manat olmaqla hissə-hissə borcu qaytarmağı və tam qaytaranadək İddiaçı avtomobil xidmətləri göstərməyi öhdəsinə götürür. İş üzrə İddiaçı tərəfindən Tahir Əliyevə və Hicran Əliyevaya ünvanlanmış teleqramdan görünür ki, Cavabdeh ona borclu olduğu 26.000 manat məbləğində pul vəsaitlərini könüllü şəkildə qaytarmasında ona köməklik edilməsini xahiş etmiş, əks təqdirdə o, hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət etməyə məcbur qalacaqdır. İş üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15.30 radələrində “Respublika Təcili və X3 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə (103)ünvan 1 ünvanından Nina adlı şəxsin (80 yaş) adına “bağlı qapı” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Yasamal TTTYS bölməsinin həkimi Musa Bağırov icra edərək, xəstə İddiaçı (76 yaş) “Essensial hipertenziya” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən mülkiyyətçi X2 tərəfindən “Chevrolet Cruze” minik markalı, 01CN607 dövlət nömrə minik avtomaşının idarə edilməsi, bağışlaması, ipoteka qoyması, sərəncam verməsi və digər hərəkətlər, qeydiyyata salması, qeydiyyatdan çıxarması, ərizə verməsi üçün xx.xx.2024-cü il tarixədək Cavabdeh etibarnamə verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 9.200 manat məbləğində pulun verilməsinə dair şifahi qaydada borc müqaviləsi bağlanılmış, bu barədə cavabdeh borcun etirafına dair iltizam yazmış və həmin borcun xx.xx.2024-cü il tarixədək qaytarmasını öhdəlik götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə 17.800 manat məbləğində pulun verilməsinə dair şifahi qaydada borc müqaviləsi bağlanılmış, bu barədə cavabdeh borcun etirafına dair iltizam yazmış və həmin iltizamda 27000 (17.800 + 9.200) manat ümumi borc məbləğindən hər ay 500 manat pul ödənilməklə borcun xx.xx.2026-cı il tarixədək qaytarmasını, həmçinin iddiaçıya taksi xidmətləri göstərməsi öhdəlik götürmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bu səbəbdən iddiaçı Cavabdeh 27000 manat əsas borc, mənəvi zərərə görə 5000 manat, maddi zərərə görə 2917 manat, dövlət rüsumu kimi ödənilmiş 222 manat və notariat kontoruna verdiyi etibarnaməyə görə 18 manat, vəkil xidmətindən istifadəyə görə 1000 manat ümumilikdə 36.157 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh əməlində AR CM-nin 178.2.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində xüsusi qərardad çıxararaq aidiyyatı üzrə prokurorluğa göstərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2026-cı il tarixədək qaytarmaq şərti ilə xx.xx.2024-cü il tarixdə şifahi borc müqaviləsi bağlanılmış, həmin razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə hər ay ayda 500 manat qaytarmaq şərti ilə cəmi 27.000 manat məbləğində pul verilmişdir. Cavabdeh isə pulu nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 27.000 manat borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən maddi ziyana görə 2.917 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin maddi ziyanla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə tələb əsassız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 5.000 manat mənəvi ziyanın tutulması hissəsində də tələb təmin edilməməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 1000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 4 saylı Vəkil Bürosuna 1000 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 1000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (171 manat), həmçinin notariat kontoruna verdiyi etibarnaməyə görə ödənilmiş 18 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının cavabdehin iddiaçıya qarşı dələduzluq əməli olduğuna görə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 27.000 manat, həmçinin hüquqi xidmət üçün ödənilən 1000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 171 manat, notariat kontoruna verdiyi etibarnaməyə görə ödənilmiş 18 manat, cəmi 28.189 (iyirmi səkkiz min yüz səksən doqquz) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1365/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1365/2025
02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver