Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1367/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlərdən Cavabdeh2 onların qohumudur. Digər Cavabdeh1 isə Qərənfilin qohumudur. Əvvəllər onlar onu tanımamışlar. 2023-cü ilin avqust ayında Qərənfil onlara bildirmişdir ki, onun qohumu Aqilə 30.000 manat pul lazımdır, Aqil bizneslə məşğul olur, o, götürəcəyi pulun əvəzinə hörmət edəcəkdir. Onların həmin vaxtı xx.xx.2022-ci ildən "xxxx"dan Təranənin adına götürdükləri kredit üzrə ödənilməmiş 6.307 manat borcları var idi. Qərənfil təklif etmişdir ki, Təranə əlavə kredit götürə bilsə, Aqil həmin 6.307 manat bank borcunu bağlamaqla, sonrakı vaxtda da, Təranənin köməyinin əvəzini qarşılayacaqdır. Qərənfil eyni zamanda bildirmişdir ki, Aqilə verilən pulla o, ət biznesi qurmuş, bir neçə ay ərzində aylıqları ödədikdən sonra Təranənin adına götürüləcək bank kreditlərini ən geci 6 ay ərzində tam bağlayacaqdır. Onlar cavabdehlərin təklifi ilə razılaşmışlar. Təranə Bakı şəhərinə gedib bir gündə, yəni xx.xx.2023-cü ildə 3 bankdan cavabdehlərin təşkilatçılığı ilə pul götürmüşdür. Belə ki, Təranə ABB-dən (Azərbaycan Beynəlxalq Bankı) 48 ay müddətinə 24%-lə 10.000 manat, "xxxx"dan xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə illik 22% olmaqla 48 ay müddətinə 10.000 manat və "xxxx"dan xx.xx.2023-cü il tarixli kredit müqaviləs ilə illik 22% olmaqla 10.000 manat pul götürüb Qərənfillə Aqilə vermişlər. Bildirirlər ki, hər 3 kredit razılaşmalarının hamısını və 1 gün ərzində banklardan pulun verilməsi məsələsini Qərənfillə Aqil qabaqcadan danışıb həll etmişdilər. Cavabdehlər 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında razılaşmasına əsasən öz üzərlərinə götürdükləri öhdəliklərini tam icra etmişlər. Yəni onlar həmin 3 ayda Təranənin kartına 900 manat pul köçürmüşlər. Həmin puldan Təranə 326 manat Beynəlxalq Banka, 248 manat "xxxx"a, 315 manat isə "xxxx"a ödəmişdir. Bundan sonra cavabdehlər dekabr ayına görə ödəməli olduqları 900 manatı göndərməmişlər, sonrakı aylarda ödəməni kəskin azaltmışlar. Onlar 2024-cü ilin yanvar ayında 300 manat, fevral ayında 200 manat, mart ayında 150 manat, aprel ayında 200 manat, may ayında isə 300 manat pulu Təranənin kartına ödəmişlər. Nəticədə onlar 2023-cü ilin dekabr ayından 2024-cü ilin may ayı da daxil olmaqla onlara 5400 manat göndərməli olduqları halda, cəmi 1150 manat göndərmişlər. Bu müddət onlar 4.250 manat az göndərməklə, banklarda faiz və cərimə borcları yaratmışlar. Həmin arada danışıqlarda onlar qalıq pullarını da ödəyəcəklərini bildirsələr də, son vaxtlar sözlərinə əməl etməyərək, qismən ödəməni də, çətinliklə, yəni dəfələrlə təkiddən sonra keçirmişlər. O, artıq xeyli ziyana düşmüşdür. Aldadıldığını başa düşüb, aldıqları pulu və vurduqları zərəri tələb etmək məcburiyyətində qalmışdır. Cavabdehlərə verdiyi ümumi pulun məbləği 30.000 manat təşkil edir. Həmin puldan cavabdeh onun "xxxx"a olan 6.307 manat qalıq borcunu ödəmişlər. Bundan əlavə cavabdehlər ona bu müddətdə 1150 manat pul göndərmişlər. Cavabdehlərin onlardan aldıqları 30.000 manat borcdan cəmi 7.457 manat pul ödəmişlər. 2024-cü ilin iyun ayının 1-nə cavabdehlərin onlara qalıq borcu 22.543 manat təşkil edir. Bundan əlavə cavabdehlər 3 banka kredit aylıqlarını 2023-cü ilin dekabr ayında tamam ödəmədiklərinə və sonrakı 5 ayda isə qismən ödədiklərinə görə o, həmin banklara olan kredit borclarının bir qismini özü ödəməyə məcbur olmuşlar. Dekabr 2023-cü, may 2024-cü ilədək Təranə məcbur olub 1.890 manat "xxxx"a, 1.488 manat "xxxx"a, qohumlardan aldığı borc hesabına məcbur olub ödəmişdir. 6 ay müddətində Beynəlxalq Banka hər ay 326 manat, cəmi 1.956 manat ödənməli olduğu halda, Təranə 752 manat pul ödəmişdir. Cavabdehlər verdikləri sözə əməl etməmiş, 2023cü ilin dekabr ayından hər 3 bankın aylıq ödəmələrini vaxtında ödəmədiklərinə görə onlara 5.334 manat zərər vurmuşlar. Ona görə də cavabdehlərdən müştərək qaydada 22.543 manat əsas borcu və 6 ay ərzində ödəmədiklərinə görə vurduqları zərərin əvəzində 5.334 manat, cəmi 27.877 manat pul verməlidirlər. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli üç kredit müqaviləsi üzrə götürüb cavabdehlərə verdiyi 30.000 manat puldan qaytarmadıqları 22.543 manat əsas borcun və aylıq kreditləri ödəmədiklərinə görə vurduqları zərərə görə 5.334 manat pulun və ödənilmiş 177 manat dövlət rüsumunun, cəmi 28.054 manat pulun müştərək qaydada cavabdehlərdən alınıb onlara qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, Cavabdeh1 30.000 manat pul vermişdir, qəbzdə 18.500 manat borcun alınmasını Cavabdeh1 etiraf etmişdir. Ola bilsin ki, bu məbləği ona görə yazmışdır ki, onun banka olan borcunu və bankalara verilən “şapkanı” həmin məbləğdən çıxmışdır. Yəni əlinə yalnız 18.500 manat çatmışdır. O, pulu xx.xx.2023-cü il tarixdə Qərənfilin vasitəsi ilə onun yanında Aqilə vermişdir. Aqili tanımamışdır. Aqilə pul verilməsi Qərənfilin təklifi ilə olduğu üçün hər ikisinə qarşı tələb irəli sürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış teleqramda ölkə hüdudlarından kənarda olduğuna görə iddia tələbinin tam təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə (“bu ünvanda yaşamır”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, İddiaçı1 izahatını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********95 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən bank tərəfindən İddiaçı1 48 ay müddətinə, illik faiz dərəcəsi 24% ödənilməsi şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. İş üzrə "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən bank tərəfindən İddiaçı1 48 ay müddətinə, illik faiz dərəcəsi 22% ödənilməsi şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. İş üzrə "xxxx" KB ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən bank tərəfindən İddiaçı1 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışından görünür ki, İddiaçı1 götürdüyü kreditlə bağlı xx.xx.2023-cü il tarixə banka 6.315,34 manat ödənilməmiş borcu qalmışdır. İş üzrə Cavabdeh1 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli yazılı iltizamdan görünür ki, o, İddiaçı1 18.500 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsindən belə məlum olur ki, Cavabdeh2 iddiaçıların qohumudur, digər cavabdeh Şamilov X1 Məmmədovanın qohumudur. 2023-cü ilin avqust ayında Cavabdeh2 iddiaçılara müraciət edərək bizneslə məşğul olmuş qohumu Cavabdeh1 30.000 manat pul lazım olduğunu bildirmiş və İddiaçı1 müraciət edərək, öz adına götürüləcək kreditlərini Cavabdeh1 6 ay ərzində bağlayacağını, həmçinin İddiaçı1 adına ödənilməmiş qalmış 6.307 manat kredit borcunu da bağlayacağını təklif etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə 48 ay müddətinə qaytarmaq şərti ilə "xxxx" ASC-dən 10.000 manat, "xxxx" ASC-dən 10.000 manat və "xxxx" ASCdən 10.000 manat olmaqla, cəmi 30.000 manat kredit götürmüşdür. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlər 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında razılaşmasına əsasən öz üzərlərinə götürdükləri öhdəliklərini tam icra etmişlər. Yəni onlar həmin 3 ayda İddiaçı1 kartına 900 manat pul köçürmüşlər. Həmin puldan İddiaçı1 326 manat "xxxx" ASC-yə, 248 manat "xxxx" KB ASC-yə, 315 manat isə "xxxx" ASC-yə ödəmişdir. Bundan sonra cavabdehlər dekabr ayına görə ödəməli olduqları 900 manatı göndərməmişlər, sonrakı aylarda ödəməni kəskin azaltmışlar. Onlar 2024-cü ilin yanvar ayında 300 manat, fevral ayında 200 manat, mart ayında 150 manat, aprel ayında 200 manat, may ayında isə 300 manat pulu İddiaçı1 kartına ödəmişlər. Nəticədə cavabdehlər 2023-cü ilin dekabr ayından 2024-cü ilin may ayı da daxil olmaqla iddiaçılara 5400 manat göndərməli olduqları halda, cəmi 1150 manat göndərmişlər. Bu müddət onlar 4.250 manat az göndərməklə, banklarda faiz və cərimə borcları yaratmışlar. Həmin arada danışıqlarda cavabdehlər qalıq pullarını da ödəyəcəklərini bildirsələr də, son vaxtlar sözlərinə əməl etməyərək, qismən ödəməni də, çətinliklə, yəni dəfələrlə təkiddən sonra keçirmişlər. İddiaçılar artıq xeyli ziyana düşmüşlər. Aldadıldığını başa düşüb, aldıqları pulu və vurduqları zərəri tələb etmək məcburiyyətində qalmışlar. Cavabdehlərə verdiyi ümumi pulun məbləği 30.000 manat təşkil edir. Həmin puldan cavabdeh T.Abbbasovanın "xxxx"a olan 6.307 manat qalıq borcunu ödəmişlər. Bundan əlavə cavabdehlər ona bu müddətdə 1150 manat pul göndərmişlər. Cavabdehlərin aldıqları 30.000 manat borcdan cəmi 7.457 manat pul ödəmişlər. 2024-cü ilin iyun ayının 1-nə cavabdehlərin iddiaçılara qalıq borcu 22.543 manat təşkil edir. Bundan əlavə cavabdehlər 3 banka kredit aylıqlarını 2023-cü ilin dekabr ayında tamam ödəmədiklərinə və sonrakı 5 ayda isə qismən ödədiklərinə görə iddiaçılar həmin banklara olan kredit borclarının bir qismini özü ödəməyə məcbur olmuşlar. Dekabr 2023-cü, may 2024-cü ilədək İddiaçı1 məcbur olub 1.890 manat "xxxx"a, 1.488 manat "xxxx"a qohumlardan aldığı borc hesabına məcbur olub ödəmişdir. 6 ay müddətində Beynəlxalq Banka hər ay 326 manat, cəmi 1.956 manat ödənməli olduğu halda, T.Abbaslva 752 manat pul ödəmişdir. Cavabdehlər verdikləri sözə əməl etməmiş, 2023-cü ilin dekabr ayından hər 3 bankın aylıq ödəmələrini vaxtında ödəmədiklərinə görə onlara 5.334 manat zərər vurmuşlar. Bu səbəbdən iddiaçılar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli 3 kredit müqaviləsi üzrə götürüb cavabdehlərə verdiyi 30.000 manat puldan qaytarmadıqları 22.543 manat əsas borcun və aylıq kreditləri ödəmədiklərinə görə vurduqları zərərə görə 5.334 manat pulun və ödənilmiş 177 manat dövlət rüsumunun, cəmi 28.054 manat pulun müştərək qaydada cavabdehlərdən alınıb onlara qaytarılmasını xahiş etmişlər. İddiaçılar qeyd edilən tələbləri hər iki cavabdehə qarşı irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, Cavabdeh2 hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı borcun məhz cavabdehlərdən Cavabdeh1 tərəfindən götürülməsi müəyyən edilmiş, həmin borcun qaytarılmasına digər cavabdeh qismində göstərilən şəxsin – Cavabdeh2 məsuliyyət daşıması ilə bağlı sübutlar iddiaçılar tərəfindən məhkəməyə təqdim edilə bilməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində Cavabdeh2 hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılarla Cavabdeh1 arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən İddiaçı1 yalnız 18.500 manat məbləğində pulun alınması etiraf olunmuş, bu barədə onun tərəfindən xx.xx.2023-cü il tarixli iltizam tərtib edilərək imzalanmış və iltizamda 18.500 manat borcun ödənilməsi öhdəliyi götürülmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsasən 3.000 manatdan yuxarı olan borc müqaviləsi yazılı qaydada bağlanılmalıdır. Həmin normanın qanuna sonradan daxil edilməsi mübahisənin həlli zamanı ciddi, xüsusən də borcun verilib-verilməməsi, borcun alınması, onun məbləği, eləcə də digər şərtlər ilə bağlı sübut etmə məsələsində mövcud olan çətinliklər və qeyri-müəyyənliklərin aradan qaldırılması ilə bağlı olmuşdur. Belə ki, əvvəllər qanunvericilikdə borc müqaviləsinin şifahi qaydada bağlanılması mümkünlüyü nəzərdə tutulduğundan, bu hal mülki dövriyyə iştirakçılarının – borc müqaviləsinin tərəflərinin öz hüquq və vəzifələrinin icrasından yayınmağa və sui-istifadəsinə şərait yaradırdı. Məhz borc münasibətlərindən yaranan mübahisələrə baxılarkən mövcud vəziyyəti nəzərə alaraq, bu sui-istifadədə qeyri-müəyyənliklərin aradan qaldırılması baxımından qanunverici məbləği 3.000 manatdan çox olan borc müqaviləsinin formasının yazılı olması kimi bir qayda müəyyən etmişdir. Məhkəmə iddiaçılar tərəfindən məhkəməyə təqdim olunan yazılı iltizamda Cavabdeh1 tərəfindən 18.500 manat məbləğində borcun alınmasının etiraf olunmasını nəzərə alaraq, həmin sənədi sübut əhəmiyyətli sənəd kimi qəbul edir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim olunan CD-diskdə danışıqların konkret hansı şəxslər arasında olması, iddiaçı tərəfindən diskdə səsləndirilən səslərin yalnız Cavabdeh2 məxsus olması barədə izahatını əsas götürərək məhkəmə hesab edir ki, həmin disk sübut əhəmiyyəti kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçılar Cavabdeh1 30.000 manat məbləğində pulun borc verilməsini, verilmiş puldan qaytarmadığı 22.543 manat əsas borcun və aylıq kreditləri ödəmədiyinə görə 5.334 manat vurulmuş zərərin olmasını iddia etsələr də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. İddiaçılar iddia ərizəsində Cavabdeh1 tərəfindən götürdüyü borcdan 7.457 manat qaytarılmasını etiraf etmişlər. Məhkəmə Cavabdeh1 tərəfindən yalnız 18.500 manat məbləğində borc pulun alınmasını etiraf etməsini və bununla əlaqədar müvafiq iltizam tərtib etməsini, iddiaçının 3 bankdan götürdüyü kredit müqavilələri üzrə öhdəlik daşımasına dair (zamin durmasına dair) sübutların mövcud olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi yalnız cavabdeh tərəfindən etiraf olunan həddə əsaslı hesab edilməlidir. Lakin məhkəmə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini, həmin borc məbləğindən 7.457 manat qaytarmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçıların xeyrinə 11.043 manat məbləğində pul tutulmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (123,13 manat) cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 11.043 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123,13 manat, cəmi 11.166,13 manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 11.043 (on bir min qırx üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123,13 (yüz iyirmi üç manat, on üç qəpik) manat, cəmi 11.166,13 (on bir min yüz altmış altı manat, on üç qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə və Cavabdeh2 qarşı münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1367/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1367/2024
26.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver