Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1371/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «borc» tələbi barədə iddiası üzrə mülki işə 28 avqust 2024cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «borc» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 450 manat pulun və 30,40 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tanışı Cavabdeh ailəsində mövcud olan problemlərlə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə iddiaçıdan 600 manat məbləğində borca pul götürərək, xx.xx.2021-ci il tarixədək geri qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. 600 manat borcdan cəmi 150 manat geri qaytarmışdır. Borcu təsdiq edən və Cavabdeh öz əli ilə yazılmış kağız mövcuddur. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Məmmədov X3 adından yazılmış kağızda qeyd edilir ki, Məmmədov X6 2021-ci ilin avqust ayında İddiaçı 1 həftəlik aldığı 600 manat borcu bugünə kimi qaytara bilməmişdir. Dəfələrlə söz verməyinə baxmayaraq Babayevi aldatmışdır. Axırıncı dəfə söz verir ki, borcdan qalan 450 manatı xx.xx.2021-ci ildə qaytaracaq. AR Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə iş materiallarında olan sübutları yuxarıda göstərilən maddi hüquq normaları ilə yanaşı qiymətləndirərək qeyd edir ki, tələb onun əsaslarına dair heç bir mötəbər sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehlə onun arasında borc münasibətləri yarandığını göstərsə də, bunu təsdiq edə biləcək sübutu təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunan və cavabdehin adından yazılmış kağıza münasibətdə məhkəmə qeyd edir ki, kağızda qeyd olunanların həqiqətən də cavabdehin özü tərəfindən yazıldığı sübut olunmur. Qanunvericiliyin tələbinə görə yazılı əqdlər sadə və ya notarial qaydada bağlanmalı və əqdin tərəfləri tərəfindən imzalanmalıdır. İddiaçı tərəfindən təqdim olunmuş həmin kağız notarial qaydada təsdiqlənməmiş, habelə əqdin digər tərəfi qismində iddiaçının özü tərəfindən imzalanmamışdır. Belə ki, həmin kağız parçası ümumiyyətlə özündə əqdin əlamətlərini əks etdirmir. Bu səbəbdən iddiaçı tərəfindən təqdim olunan bu sübut məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığından məhkəmə xərclərinə aid edilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1371/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1371/2024
28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver