Məhkəmə qərarları › İş №2(009)-139/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-139/2025

21.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-139/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Pataloji Anatomiya Bölməsinin həkimi Cavabdeh1 İlqar oğluna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Pataloji Anatomiya Bölməsinin həkimi tibb patalogiya uzmanı Cavabdeh1 2500 manat məbləğində maddi, 7500 manat dəyərində mənəvi zərərin, cəmi 10000 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsində sağ süd vəzdəki şişin götürülməsi əməliyyatı olunmuşdur. Həmin gün xx.xx.2024-cü il tarixdə əməliyyat nümunələri müayinə üçün götürülmüş və həkim Cavabdeh1 tərəfindən frozen cavab şəklində-(insitu dukal karsinom) süd vəzin xərçəngi diaqnozu qoyulmuşdu. Həmin diaqnozun nəticəsi olaraq həkim-cərrah Samir Qurbanov tərəfindən ona və valideynlərinə mütləq şəkildə şüa terapiya olunmağının zəruriliyinin vacibliyi bildirilmişdir. Buna baxmayaraq yekun tam əməliyyat materialının cavabı 14 gün sonra frozen cavab ilə eyni verildi. Həmin pataloji cavaba əsasən əməliyyat həkimi S.Qurbanovun ona ya süd vəzinin tamamilə çıxarılıb tibbi implantla əzələnməsi yaxud da şüa aldığı təqdirdə çox ağır fəsadlarla rastlaşacağını ona bildirdi. Əməliyyatın gərginliyi azmış kimi üstəlik xərçənglə bağlı belə bir bəd xəbərin olması o və ailəsi üçün gözlənilməz və inanılmaz oldu. Bu inamsızlığın və hadisənin şoku ilə, həmçinin ailə üzvlərinin təkidi ilə tam əminlik üçün bir çox müayinə mərkəzlərində həkimlərin qəbulunda oldu. Hətta internet və tanışlar vasitəsi ilə Türkiyə Respublikasının iki xəstəxanası ilə danışıb məsləhətlər aldı. Cavabdeh1in imzası ilə verilmiş rəyə görə bütün həkimlərin mütləq şəkildə şüa terapiya almağını məsləhət bildilər və onu da burada qeyd etməlidir ki, şüa terapiya bu tip xəstəliklərdə vacib və tək bir müalicə üsülü olmasına baxmayaraq bu barədə heç bir həkim xüsusi göndəriş və ya retsep yazmırlar, sadəcə bir həkim adı, əlaqəsi ilə yönləndirilir. O, məcbur qalaraq Radioloq qəbulunda növbəyə dayanmalı oldu. Xüsusi ilə qeyd etmək yerinə düşər və sonrakı mərhələlər üçün vacib məqam olan Azərbaycanda şüa terapiya müalicəsi yalnız Milli Ankoloji Mərkəzdə olduğu üçün o, həmin xəstəxaya getmiş və doktor radioloq Günel xanımın müayinəsində oldu. Radioloq həkim çox uzun növbənin olduğunu bildirdi. Sözsüz ki, iki ayı gözləməyi nəzərə alsalar ki, yayın gəlişi, isti aylar başlayır bir tərəfdən də şüa olunan bölgəni qorumaq lazım idi həmin həyəcanlı zamanda ona həddindən çox ağır idi. O, həmin zamandan yararlanaraq yenidən DTX HTBİ əməliyyat materiallarını götürərək başqa müayinə mərkəzlərində analizlər vermək qərarına gəldi. O, materialı götürdüyü zaman Cavabdeh1 rastlaşdı və başqa yerdə yenidən yoxlatdırmaq qərarını bildirdi, o da çox kobud şəkildə 90 % sizdə o xəstəlikdi bildirdi. Belə ki, sözügedən diaqnoz ilə bağlı bir çox yerli və xarici həkimlərin müayinəsində olduqdan sonra, xx.xx.2024-cü ildə "X4" hospitalın verdiyi pataloji raporla müəyyən edilmişdir ki, onda xərçəng xəstəliyinin əlamətləri mövcud deyil, verdiyi analizlərin nəticələri təmiz çıxmışdır. Daha sonra bir neçə həkimin məsləhəti ilə bir daha "Baku City" hospitalda xx.xx.2024-cü il tarixdə pataloji müayinə olunmuş və yenidən onda hər hansı xərçəng əlamətləri aşkar edilməmişdir. Bununla belə həmin xəstəliyin narahatçılığı tam əminlik üçün təkrar olaraq Türkiyənin Acıbadəm xəstəxanası ilə də əlaqə saxlamağa onu məcbur etdi. Həmçinin ölkədə də bir çox peşəkar həkimlərin də qəbulunda olmuşdur. Nəticə etibarı ilə bütün analizlərin, müayinələrin, həkimlərin rəyi bundan ibarət oldu ki, onda xərçəng xəstəliyi mövcud deyildir. (Analizlər və müayinə aktlarını əlavə edir). Yəni həkim Cavabdeh1 kobud səhlənkarlığı, saxta diaqnozu nəticəsində həyatı təhlükə altına qoyuldu, lazımsız stresslər, əsəb, gərginlik səhhətində başqa problemlər yaratdı. Belə ki, saxta diaqnoz nəticəsində yersiz şüa terapiya almaqdan və ya sağlam olan süd vəzini itirməkdən özünü qurtardı. Qanunların, səhiyyənin ən ümdə vəzifəsi insan həyatının aliliyini qorumaq olduğu halda, o, həkim səhlankarlığının, ehtiyatsızlığının faktiki qurbanına çevrildi. Əfsuslar olsun ki, etimad göstərərək, güvənərək həyatını belə bir klinikaya və onun qeyri-peşəkar həkiminə həvalə etmişdir. Bu qeyri-peşəkarlıq, cinayətkarcasına özünəgüvənmə, etinasızlıq nəticəsində həyatına, sağlamlığına həm maddi, həm də ağır bərpa olunmaz mənəvi zərər vurulmuşdur. Göstərilənlərə nəzərən ona (əməliyyat xərcləri, yol xərcləri, müalicə, analiz xərcləri, əlavə qidalanma, dava-dərman alınması və.s) 2500 manat məbləğində maddi zərər vurulmuşdur. Qeyd olunanlardan əlavə o, bu keçən dövr ərzində həmin xəstəliyin qorxusu ilə mənəvi stresslər, iztirablar, sarsıntılar keçirmişdir. Həmin mənəvi əzablar həyat şəraitinə, məişət və sosial həyatda iştirakına birbaşa əhəmiyyətli təsir etmişdir. Fiziki ağrılar öz yerində, bu müddətdə qəbul etdiyi dərmanlar, preparatlar onda psixi pozuntular, gərginliklər yaratmış, onun həyatını dözülməz vəziyyətə salmış və həyatının ayrılmaz parçasına çevrilmişlər. Belə ki, həmin xəstəliyin adı belə insanı daimi psixoloji olaraq gərginlikdə saxlayır. Az qalsın bir çox şüaların qalacaqdı. Məhkəməуə müraciətinin əməliyyat tarixindən bir müddət keçməsi səbəbinə açıqlamaqda yerinə düşər. Keçən vaxt ərzində həm xəstəxananın baş həkimi həm də patoloqun özü ilə danışıqlar apararaq müəyyən razılığa gəlinməsi üçün müraciətləri oldu. Baş həkim onlara xəstəxananın hüquqşünası olan Toğrul müəllimin nəzarətində olduğunu bildirdi. Əlaqə saxladıqda məsələyə baxılır iclasları olacaq həkimlərlə müzakirələr olmalıdır deyilirdi. Aradanda çox vaxt keçməsinə baxmayaraq cavab verilmirdi və onun təkrar-təkrar müraciətindən sonra mütləq ora getməyini bildirdilər. O, ora gedib həmin hadisələri danışmaq xatırlamaq məcburiyyətində qaldı. Qəbulda olarkən israrıyla patoloqu deyil bildiyi qədər pataloji şöbənin baş həkimi olan Sənan doktor dəvət edildi yerindəcə onlara təqdim etdiyi sənədlərə baxıb səhv diaqnozu təsdiqləyərək onun tam haqlı və ədalətli olduğunu bildirdi. Sonra əməliyyat həkimi ilə əlaqə saxlanıldı o da dəqiq və dürüst şəkildi bütün olanlardan xəbərdar olduğu üçün ətraflı olaraq ona qoyulan yanlış diaqnozu təsdiq etdi. Toğrul müəllim bütün bunları öncədən bildiyi halda onun haqlı olduğunu və məsələnin nə qədər ciddi olduğunun bir daha fərqinə vardı və mütləq baş həkimlə də danışıb onlara məlumat veriləcəyini bildirdi. Lakin bir neçə gün sonra məsələdən tamilə yayındılar və ona laqeydcəsinə heç biş şey edə bilməyəcəklərini bildirdilər. Bütün bunlara baxmayaraq həkim Cavabdeh1 öz səhvini, təqsirini boynuna alsa da, hər hansı üzrxahlıq belə etmədi. Nəticə etibarı ilə insan həyatının dəyəri biçilməzdir və həm maddi zərərə uyğun olaraq, həm də ağlabatanlıq meyarı olaraq ona 7500 manat məbləğində mənəvi zərər vurulmuş və həmin zərər də cavabdehdən tutulmalıdır. Etirazın dəlilləri: qeyd etdikləri əsaslara görə iddia tələbi tam qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Xəstə - İddiaçı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsində sağ süd vəzdə şişin orqan saxlayıcı olmaqla götürülməsi əməliyyatı icra edilmişdir. Əməliyyat gedişində şişdən frosen (təcili) intraoperativ nümunələr (bioptatlar) götürülərək ilkin cavab olaraq “duktal karsinoma in situ” (süd vəzi xərçəngi) diaqnozu qoyulmuşdur. Əməliyyat sırasında tam çıxarılmış şiş toxumasının 14 gün sonra son hispopatoloji diaqnozu ilkin rəy ilə (“duktal karsinoma in situ”) üst–üstə duşmüşdür. Lakin orta pleomorfizm, nüvə ölçüsünün müəyyən dərəcədə dəyişkənliyi, dəyişilmiş qaba xromatin, nadir nukleolar və mitozlar, müxtəlif dərəcəli DCİS və monotonluğun itməsi kimi əlamətlər eynilə duktal epitelial hiperplaziya ilə oxşar olub, onu təqlid edə bilər. Onu da qeyd etmək lazımdır ki, bəhs edilən frosen seksiya histopatoloji diaqnozun sensitivliyi 94%, spesifikliyi 87%, positiv prediktiv dəyəri 90%, neqativ prediktiv dəyəri isə 93% təşkil edir. Xüsusən vurğulamaq istərdi ki, histopatoloji diaqnoz müalicə üçün yekun qərar olmamalı, xəstənin anamnestik və klinik diaqnozu ilə birlikdə dəyərləndirilib korrelyasiya edilməlidir. Hər hansı bir histopatoloq xəstənin histopatoloji rəydən əlavə heç bir müalicə taktikasına müdaxilə etmir, şüa terapiyasına göndəriş vermir və o, histopatoloq olaraq bunu etməmişdir. Bununla da, ona qarşı qaldırılmış iddia tələbinin qanunsuz və əsassız olduğunu bildirir. Qeyd etdikləri əsaslara görə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş, vəsatət məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında həmçinin bildirmişdir ki, əməliyyata qədər baş verənlərdən narazı deyil, narazılığı ondan ibarətdir ki, Cavabdeh1 əməliyyatdan sonra ondan götürülmüş nümunəni yoxlamış və ona xərçəng önü diaqnozu qoymuşdur, halbuki həmin həkimin diaqnozundan sonra başqa bir neçə yerdə yoxlanışdan keçmiş və ona xərçəng önü diaqnozundan daha yüngül diaqnoz qoyulmuş və heç bir kimya terapiyaya ehtiyacı olmamış, hazırda da sağlamlıq vəziyyəti yaxşıdır. O hətta Savalan doktorun qoyduğu diaqnozdan sonra ondan üzrhaqlıq istəmiş və onun qoyduğu diaqnozu başqa yerlərdə də yoxladacağını onun özünə də bildirmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi tam əsassız və qanunsuzdur. Yuxarıda göstərilənləri, iddia ərizəsinə yazmış olduğu etirazda qeyd etdiklərini və iş üzrə iki dəfə keçirilmiş ekspertiza rəylərini nəzərə alaraq məhkəmədən mülki işə cavabdeh tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi- Tibb Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı D24 sağ süd vəzin axacaqdaxili papilloması diaqnozu qoyulmuş, o, xx.xx.2024-cü il tarixdə ümumi endotraxeal anesteziyanın tətbiqi ilə “sağ süd vəzin round block tipli onkoplastik cərrahi əməliyyatı” (85.21) cərrahi əməliyyatı icra edilmişdir. - X4 X1 tərəfindən verilmiş patoloji raporundan görünür ki, patoloji diaqnoz: sağ 1 qeydli materialı: sklerozan adenozis, olağan tipdə şiddətli duktal epitelial hiperplaziya, apokrin metaplaziya, makrikistik-mikrokistik dəyişikliklər, kolumnar hüceyrə dəyişikliklərikompleks sklerozan lezion ilə uyğun-malignitə görülmədi, sağ 2 qeydli materialı: intrakanalikular paternin ön planda olduğu, hiposellular fibroblastik stromalı bifazik fibroadenomatoz oluşum-fibroadenoma ilə uyumlu-malignitə görülmədi qeyd edilmişdir. - X3 tərəfindən verilmiş patoloji müayinədən görünür ki, patoloji müayinə: “2 sağ 2” – süd vəzinin paycıq, axacaq hiperplaziyası, düyünlü fibroz kistoz mastopatiya. Süd vəzidə izlənən törəmənin morfoimmonoloji quruluşu atipik axacaq daxili hiperplaziyaya uyğundur qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2”nin KEŞ-146 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü İddiaçı Yunis qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı adına təqdim edilmiş hazır preparatların təkrari patohistoloji tədqiqatı Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin “Məhkəmə-histoloji şöbəsi”ndə aparılmış və müayinə nəticəsində “Süd vəzin proliferativ pay displaziyasi, süd vəzin C-r in situ” olduğu müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası “Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Patoloji Anatomiya Bölməsi”ndə aparılmış tədqiqatla təkrar aparılmış tədqiqat arasında ziddiyyət mövcud deyil. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2”nin KEŞ-434 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü İddiaçı Yunis qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Pataloji Anatomiya Bölməsində xx.xx.2024-cü il tarixdə "İn situ Duktal Karsinom; Sağ süd vəzi (1 Qeydli) Sektoral" diaqnozu patohistoloji müayinə əsasında düzgün təyin edilmişdir. “İn situ duktal karsinom” süd vəzisindəki süd axarların (duktuların) daxilində yerləşən və ətraf toxumalara yayılmamış xərçəng hüceyrələrin çoxalmasına deyilir. Bu invaziv olmayan erkən mərhələli xərçəng hesab olunur və yüksək riskli prekarsinogen lezyon kimi başa düşülür. 2. Tibbi təcrübədə "İn situ duktal karsinom"da əsas müalicə üsulu cərrahi müdaxilədir. Bunlara sektoral rezeksiya (yalnız şişin olduğu hissəsinin çıxarılması) böyük ölçülü və ya çoxsaylı lezyonlar olduqda tam mastektomiya, əməliyyatdan sonra şüa terapiya. 3.4. Tibbi təcrübədə “İn situ duktal karsinom” xərçənginin erkən forması hesab olunur. Bu da cərrahiyyə əməliyyata tibbi göstərişdir. Əməliyyat olunmadığı təqdirdə “İn situ duktal karsinom” halında 25-50% halda invaziv xərçəngin inkişafına səbəb olur. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsində sağ süd vəzdəki şişin götürülməsi əməliyyatı olunmuşdur. Həmin gün xx.xx.2024-cü il tarixdə əməliyyat nümunələri müayinə üçün götürülmüş və cavabdeh tərəfindən ona süd vəzin xərçəng önü diaqnozu qoyulmuşdur. İddiaçı sonradan əməliyyat materiallarını götürərək başqa müayinə mərkəzlərində analizlər vermiş, "X4" hospitalda və "Baku City" hospitalda müayinə olunmuş və iddiaçıda hər hansı bir xərçəng xəstəliyinin əlamətləri aşkar edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh həkim Cavabdeh1 onun xəstəliyi olduğunu bildirməsinə, lakin onun xəstə olmamasına, başqa sözlə onun vəziyyəti barədə həkim tərəfindən ona düzgün diaqnoz qoyulmadığına, bunun nəticəsində ona maddi və mənəvi zərər vurulmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (Mülki Məcəllənin 1112-ci maddəsi). Məhkəmə, iddianın dəlillərinə münasibət bildirərək qeyd edir ki, qanunun mənasına görə məhz yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi məhz mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2”nin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2”nin KEŞ-146 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd olunur ki, 1986-cı il təvəllüdlü İddiaçı Yunis qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı adına təqdim edilmiş hazır preparatların təkrari patohistoloji tədqiqatı Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin “Məhkəmə-histoloji şöbəsi”ndə aparılmış və müayinə nəticəsində “Süd vəzin proliferativ pay displaziyasi, süd vəzin C-r in situ” olduğu müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası “Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Patoloji Anatomiya Bölməsi”ndə aparılmış tədqiqatla təkrar aparılmış tədqiqat arasında ziddiyyət mövcud deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2”nin KEŞ-434 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd olunur ki, 1986-cı il təvəllüdlü İddiaçı Yunis qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Pataloji Anatomiya Bölməsində xx.xx.2024-cü il tarixdə "İn situ Duktal Karsinom; Sağ süd vəzi (1 Qeydli) Sektoral" diaqnozu patohistoloji müayinə əsasında düzgün təyin edilmişdir. “İn situ duktal karsinom” süd vəzisindəki süd axarların (duktuların) daxilində yerləşən və ətraf toxumalara yayılmamış xərçəng hüceyrələrin çoxalmasına deyilir. Bu invaziv olmayan erkən mərhələli xərçəng hesab olunur və yüksək riskli prekarsinogen lezyon kimi başa düşülür. 2. Tibbi təcrübədə "İn situ duktal karsinom"da əsas müalicə üsulu cərrahi müdaxilədir. Bunlara sektoral rezeksiya (yalnız şişin olduğu hissəsinin çıxarılması) böyük ölçülü və ya çoxsaylı lezyonlar olduqda tam mastektomiya, əməliyyatdan sonra şüa terapiya. 3.4. Tibbi təcrübədə “İn situ duktal karsinom” xərçənginin erkən forması hesab olunur. Bu da cərrahiyyə əməliyyata tibbi göstərişdir. Əməliyyat olunmadığı təqdirdə “İn situ duktal karsinom” halında 25-50% halda invaziv xərçəngin inkişafına səbəb olur. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı tərəf Cavabdeh1 hərəkətlərinə görə məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, həm iddia ərizəsinin məzmunundan, həm də iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən edilir ki, Cavabdeh1 əməliyyatdan sonra ondan götürülmüş nümunəni yoxlamış və ona xərçəng önü diaqnozu qoymuşdur, lakin iddiaçı cavabdehin qoyduğu diaqnoza inanmadığı üçün daha sonra başqa bir neçə yerli və xarici klinikalarda müvafiq müayinələrdən keçmiş və onda xərçəng önü diaqnozu aşkar edilməmiş, daha yüngül diaqnoz qoyulmuş və heç bir kimya terapiyaya ehtiyacı olmamış, hazırda da sağlamlıq vəziyyəti yaxşıdır. O hətta cavabdehin qoyduğu diaqnozdan sonra ona üzrhaqlıq edərək onun qoyduğu diaqnozu başqa yerlərdə də yoxladacağını onun özünə də bildirmişdir. Başqa sözlə, iddiaçı məhz cavabdehin səhv diaqnoz qoyması nəticəsində mənəvi sarsıntı keçirməsini bildirsə də, müəyyən edilir ki, o bu diaqnoza inanmamış və nəticədə hər hansı bir müalicə və ya şüa almamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şübhəsizdir ki, iddiaçı keçirdiyi əməliyyatın fonunda müəyyən qədər mənəvi və psixoloji sarsıntı, iztirab keçirmişdir, lakin iddiaçının məhz cavabdeh tərəfindən əməliyyatdan sonra ona düzgün diaqnoz qoyulmaması nəticəsində mənəvi sarsıntı keçirməsi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə iddianı bu hissədə əsaslı hesab etmir. Bundan başqa, iddianın maddi zərərin ödənilməsi hissəsi də əsassızdır. Belə ki, iddiaçı müvafiq klinikalarda müayinə olunması üçün könüllü olaraq müraciət etmiş və xərc çəkmişdir. Odur ki, özünün seçiminə görə çəkdiyi xərclərin cavabdehdən tələb edilməsi əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar